Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tale elə gətirib ki, 2018-ci il tariximizə yubileylər, əhəmiyyətli siyasi hadisələr ili kimi daxil olub.
Bu tarixlərin – ölkə və xalq olaraq bizlər üçün çox əhəmiyyətli və müqəddəsdir.
Bundan cəmi bir neçə həftə əvvəl – 11 aprel 2018-ci il tarixində ölkəmizdə növbəti dəfə Prezident seçkisi keçirildi. Və Azərbaycan xalqı növbəti dəfə düzgün seçim edərək, böyük bir mütəşəkkilliklə gələcək taleyinə-inkişafa, tərəqqiyə, daha güclü və daha qüdrətli Azərbaycana-ölkə prezidenti cənab İlham Əliyevə səs verdi.
Həmin gün xalq və dövlət həmrəyliyinin, xalqın öz rəhbərinə inamının, etimadının və etibarının nümayişi gününə çevrildi. 26 aprel tarixində görkəmli oftalmoloq, Azərbaycan qadın tarixinə adı qızıl hərflərlə yazılmış Zərifə xanım Əliyevanın 95 illiyini böyük ehtiramla və məhəbbətlə qeyd etdik. Qarşıdan şərəf tariximiz, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, eyni zamanda Azərbaycan Parlamentinin 100 illiyi gəlir. Daha sonra ölkə və xalq olaraq Qurtuluşumuzun 25 illiyini qeyd edəcəyik. Məhz həmin gün, 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqının ona ünvanlanan həyəcanlı səsinə səs verdi, ona uzanan ümid dolu əllərini öz güclü əli ilə tutdu, ona bəslənən sonsuz ümidlərə arxa durdu və Azərbaycanda yenidən hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycan adlı dövləti yoxdan var etdi. Bu qayıdış Azərbaycan dövlətçiliyinin sübutuna çevrildi.
Bu qayıdış parçalanmaq, bölünmək, dünya xəritəsindən tamamilə yox olmaq təhlükəsi ilə üzləşən, vətəndaş müharibəsinin eşiyində olan Azərbaycanın bugünkü xoşbəxt günlərinin başlanğıcına çevrildi. Və xalq ona haqlı olaraq Ulu Öndər, Ümummilli lider adlarını verdi. Bu günlərdə biz Ulu öndər, Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyini istər ölkədə, istər ölkə xaricində böyük təntənə ilə, bayram kimi qeyd edirik. Hər gün ona həsr edilən müxtəlif mövzulu toplantılar, konfranslar keçirilir. İnsanlar tribunalara qalxıb onunla bağlı xatirələrini, oxuduqlarını, bildiklərini, ürəklərindən keçən duyğuları dilə gətirirlər. Onun təkrarsız həyatına və fəaliyyətinə işıq tuturlar. Ulu Öndərin haqqında həm öz sağlığında, həm də haqq dünyasına qovuşduqdan sonra qalaq-qalaq məqalələr, elmi əsərlər yazılıb, filmlər çəkilib, ona şeirlər həsr edilib, musiqilər bəstələnib. Və bütün bunlar əlbəttə ki, xalqın böyük ehtiramının, sevgisinin və minnətdarlığının ifadəsidir.
Azərbaycan mütəfəkkiti və şairi Məhəmməd Hadi ötən əsrin əvvəllərində böyük bir ürək ağrısı ilə yazdı ki, “Yox millətimin xətti, bu imzalar içində”. M. Hadi bu misraları yazarkən bilmirdi ki, çox keçməyəcək, qədim Azərbaycan torpağı Naxçıvanda sadə bir ailədə bir oğlan uşağı dünyaya gələcək. Məhəmməd Hadi bilmirdi ki, bu oğlan böyüyüb təkcə ailəsinin, yaxınlarının, onu tanıyanların deyil, böyük bir xalqın ümidinə, qüruruna, yolgöstərəninə, liderinə çevriləcək. Və elə bu misraların yazıldığı 20-ci əsrdə, öz zəkasıyla, iradəsi və uzaqgörənliyi ilə millətinin xəttini nəinki imzalar içərisinə çıxardacaq, vətənini dünyanın sayılan dövlətlərindən birinə çevirəcək. Aqillərdən biri deyib ki, əgər öldükdən sonra da yaşamaq istəyirsənsə, o zaman ölümsüz bir əsər yarat. Heydər Əliyev də ölümsüz bir əsər yaratdı!
Bu əsərin adı müstəqil, sarsılmaz, qüdrətli Azərbaycandır. Onun bizə miras qoyub getdiyi həmişəyaşar iki ideologiya var- biri Azərbaycançılıq, digəri Dövlətçilik!Bu gün ətrafımızda baş verən yaxşı nə varsa, hamısının arxasında o böyük insan, onun ölməz ideyaları, vətənini və xalqını canından çox sevməsi durur.Bəzən düşünürsən ki, görəsən bir ölkənin və bir cəmiyyətin hərtərəfli inkişafı üçün elə bir sahə varmı ki, Heydər Əliyev o sahənin mahir bilicisi olmasın, peşəkarına çevrilməsin?
Heydər Əliyev və Azərbaycan tarixi, Heydər Əliyev və Azərbaycan siyasəti, Heydər Əliyev və Azərbaycan ədəbiyyatı, Heydər Əliyev və Azərbaycan təhsili, Heydər Əliyev və Azərbaycan ordu quruculuğu, Heydər Əliyev və Azərbaycan sənayesi, Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı, Heydər Əliyev və Azərbaycan Mədəniyyəti və s.
Ulu Öndərin ölkə və xalq qarşısında xidmətləri o qədər böyükdür ki, onların hər biri haqqında bir yazıda yazmaq əlbəttə ki, imkansızdır. Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.

Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə buna görə də hələ Sovet rejiminin hökmran olduğu zamanlarda belə, mədəni-mənəvi dəyərlərin qorunması, xalqın kimliyinin özünə qaytarılması uğrunda hətta edilməsi mümkün olmayanları edirdi, ən cəsarətli addımları atırdı. Mən onun Azərbaycan mədəniyyətinin bugünkü yüksəlişində göstərdiyi misilsiz xidmətlərdən sadəcə birini xatırlatmaq istəyirəm. Çünki həmin hadisə mənim-ədəbiyyata, incəsənətə dərin köklərlə bağlı olan bir yeniyetmə qızın xatirələrindən, mənəviyyatının formalaşmasından qırmızı xətlə keçir.
1982-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi. Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan qərar, 14 gündən sonra, 26 oktyabrda Azərbaycan ictimai-siyasi həyatına, ədəbi mühitinə əlamətdar bir tarix kimi yazıldı. Bu qərarin icra olunmasına bilavasitə Heydər Əliyev özü rəhbərlik edirdi.
Heydər Əliyev Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin I şəxslərinə- Sov.İKP MK Baş katibi Leonid Brejnevə, SSRİ Dövlət Təhlükəsizlik komitəsinin sədri Yuri Andropova müraciət etmişdi. Bu məsələni həll etmək üçün yüksək nüfuza sahib olmaq və onların icazəsini almaq vacib idi. Amma ən başlıcası, bu addımı atmaq böyük cəsarət tələb edirdi. Təbii ki, həmin dövrdə bütün bunları yalnız Heydər Əliyev edə bilərdi. Və etdi! Onun rəhbərliyi ilə təşkil edilən komissiya iki həftə ərzində uzaq və soyuq Sibirin gedər-gəlməz torpaqlarında böyük ədibin məzarını axtardı, tapdı, məzar qazıldı, qalıqlar çıxarıldı…

Və Cavid əfəndi üzü vətənə yol tutdu. O dövrdə Naxçıvan Vilayət Partiya komitəsinin katibi olmuş Həmid Cəfərov yazır ki, “Əvvəlcədən planlaşdırdığımız kimi, Hüseyn Cavid Şevçenko-Tayşet-İrkutsk-Moskva-Yerevan-Naxçıvan marşrutu ilə doğma yurduna qayıtmalı idi. İrkutskdan Moskvaya uçarkən stüardessa mənə Bakıdan gələn tapşırığı çatdırdı:

“Heydər Əliyevin göstərişi ilə siz oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız. Və Azərbaycan rəhbərinin – Heydər Əliyevin tapşırığı ilə marşrut dəyişildi”.
Bu adi bir tapşırıq deyildi və bir tale yazısı idi. Cavid doğulduğu torpağa Ermənistandan deyil, uğrunda qurban getdiyi Azərbaycandan, paytaxtdan – qayıtmalıydı. Tarixi ədalət, ilahi ədalət bərpa olunmalıydı. O, Sibirə Bakıdan getmişdi, ruhunu Bakıda qoyaraq getmişdi və özü də, ruhu da Bakıya mütləq qayıtmalı idi… Bax, bu idi Heydər Əliyev böyüklüyü. Bax, bu idi Heydər Əliyev cəsarəti! Bax, bu idi Heydər Əliyev uzaqgörənliyi!
Bu hadisə mənim, qeyd etdiyim kimi, 16 yaşlı gənc qızın həyatına əbədi bir möhür vurdu: vətəndaşlıq, vətənpərvərlik, qədirbilənlik, millilik qüruru, Azərbaycanlı olmağın qüruru! Həmin gün Heydər Əliyev gənc qızın və məni kimi düşünən yüzlərlə, minlərlə gəncin qəlbində əbədi taxt qurdu. Sonsuz ehtiram, əbədi sevgi taxtı!
Bu qısa yazıda onun sadəcə bir xidmətindən yazdıq. Düşünürük ki, elə sadəcə bu xidməti Heydər Əliyevin Böyük Azərbaycanlılığının ən bariz nümunəsidir. Ulu öndər deyirdi ki, “Mən Azərbaycanda əbədiyəm”. Bir daha onun bir sərraf dəqiqliyi ilə, ancaq qeyri-adi fitri istedad sahibi insanlara məxsus hiss etmə bacarığıyla dilə gətirdiyi ifadənin nə qədər həqiqət olduğuna Azərbaycanımızın bu günü, sabahı naminə ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi əzəməti fəaliyyətin timsalına şahid oluruq.
Heydər Əliyev – bir Günəşdir.
Günəş qərinələr boyu yer üzünü aydınlatdığı kimi, Heydər Əliyev düşüncələri, ideyaları, əməlləri hər zaman günəş kimi Azərbaycanın üzərində doğacaq, xalq üçün yaratdığı qüdrətli Vətənimizdə ədəbi yaşayacaq!

Jalə Əliyeva,
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini
Etikxeber.az





