“Heydər Əliyevin rəyi həlledici amil olurdu…” – KOMİTƏ SƏDRİ – RƏYLƏR

Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyi uğrunda fədakarlıqla çalışıb. Başqa sözlə, Ulu öndərimiz müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görüb.

Etikxeber.az xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, 14 iyul 1969-cu il tarixində Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması respublikamızın tarixində dönüş nöqtəsi idi:

“Yəni, həmin tarixdən başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. 1993-cü ildə isə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sabitlik təmin edildi, inkişaf və yüksəlişin əsası qoyuldu. Respublikamızın beynəlxalq mövqeyi möhkəmləndi”, – deyən E.İbrahimov əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək.

Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki,  Heydər Əliyev düzgün seçimin yolunu göstərdi ki, ölkəmizin və xalqımızın inkişafı, tərəqqisi üçün hansı mərhələlərdən keçməyimiz vacibdir.

Onun sözlərinə görə, Heydər Əliyev xalqımızın çətin anlarında xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı inkişaf yoluna çıxarıb:

“Ötən illər ərzində Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində böyük inkişaf yolu keçib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu gün hörmətli Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu tək Azərbaycan vətəndaşları yox, bu faktı bütün dünya təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna söykənərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər. Ölkəmizdə gedən inkişaf həm geniş spektrlidir, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yəni, inkişaf tək paytaxtla məhdudlaşmır.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlar olduqca böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin əlindədir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlətdir. Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır. Eyni zamanda, Azərbaycanın beynəlxalq müstəvidə də nüfuzu artır, mövqeləri güclənir”.

heydar-1

eldar-bdu

arif-rəhimzadə-heydər

“Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ərəfəsində respublikamız  çox ciddi problemlərlə üz-üzə qalmışdı. O zaman əhalinin yarısı kənd təsərrüfatı sahəsində işləyirdi. Amma bu sahə inkişaf etmədiyi üçün insanların sosial vəziyyəti pisləşirdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda bütün sahələr inkişaf etməyə başladı. Bir sıra mühüm qərarlar qəbul edildi və bu qərarlar nəticəsində Sovet İttifaqından Azərbaycana böyük bir vəsait ayrıldı. Çayçılıq, üzümçülük və digər sahələr inkişaf etdi. O vaxt Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları formalaşırdı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra onlar bu iddialardan bir müddət əl çəkdilər”.

Bu fikirləri isə MM-in Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, Heydər Əliyev güclü, iradəli şəxsiyyət və müdrik siyasətçi idi:

“Lakin Onun yüksək mədəniyyəti, dərin biliyi və iti zəkası, ünsiyyət tərzi insanları Onun qəbul etdiyi qərarları, verdiyi göstərişləri və tapşırıqları yerinə yetirməyə məcbur etməkdən daha çox, onların doğru və vacib olmasına inandırırdı. Bu və ya digər qərarı qəbul etməzdən əvvəl O, müxtəlif baxışları öyrənir, hər kəsin öz fikrini söyləməsinə və təkliflər verməsinə imkan yaradırdı.

Qəbul edilən qərarlar, bir qayda olaraq, müzakirənin məntiqinə uyğun gəlirdi. Bəzən müzakirənin gedişində o sahədə çalışan tanınmış mütəxəssislərin fərqli düşüncələri olsa da, Heydər Əliyevin rəyi həlledici amil olurdu. Mülahizələrini tutarlı dəlillərlə dərindən əsaslandırması və başqalarını inandırmaq bacarığı sayəsində Heydər Əliyevin rəyi ilə son nəticədə hamı razılaşırdı.

Ulu Öndər Heydər Əliyev Özünə və ətrafındakılara qarşı tələbkar idi. Qəbul etdiyi qərarların dönmədən yerinə yetirilməsinə çalışırdı. Təşəbbüskarlığı, mütərəqqi ideyaları və hərəkətləri dəstəkləyir və həvəsləndirirdi. Heydər Əliyev Öz qərarlarının və hərəkətlərinin düzgünlüyünə qəti əmin idi, düzgün saymadığı və hamılıqla qəbul edilmiş normalara uyğun gəlməyən hərəkəti etmirdi. Bu inamı ətrafındakılara da sirayət edir, Onun qərarlarını və hərəkətlərini hamı üçün anlaşıqlı şəklə salır, insanları səfərbər edirdi.

Məhz buna görə Azərbaycan üçün böhranlı dövr olan 1990-cı illərdə əhalinin mütləq əksəriyyəti siyasi baxışlarından, digər amillərdən asılı olmayaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyə qayıtmasının zəruriliyini anlayır, ölkənin qurtuluşunu Onun şəxsiyyəti ilə bağlayırdı.

Ulu Öndər Heydər Əliyev nəhəng, uca və müdrik şəxsiyyət idi. Lakin O, insanlar üçün əlçatan, diqqətli və qayğıkeş idi, yaxşılığı yüksək qiymətləndirir və yadında saxlayırdı. Heydər Əliyev şəxsiyyətinin çox böyük cazibə qüvvəsi vardı, insanların qəlbinə yol tapırdı, xalqımız Ona böyük hörmət və məhəbbət bəsləyirdi”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Heydər Əliyevin irsi zəngin xəzinədir və bu irs dərindən öyrənilməlidir.

Onun dediyinə görə, bu gün Prezident İlham Əliyev Heydər Əliyevin ideyalarını uğurla həyata keçirir.

Etikxeber.az

Read Previous

Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsindən 50 il keçir – BU GÜN

Read Next

Aydın Mirzəzadə Yalçın Rzazadəyə zəng etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir