Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 8 saylı körpələr evi-uşaq bağçasının açılışı oldu

Prezidenti İlham Əliyev noyabrın 12-də Beyləqanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 8 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak etdi.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət və qayğı göstərilir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi töhfələr verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.

Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 120 yerlik körpələr evi-uşaq bağçasının ümumi sahəsi 896 kvadratmetrdir. İkimərtəbəli binada ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Altı qrup otağının olduğu bağçada uşaqların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnməsi üçün hər cür şərait var. Burada balacalar üçün musiqi və gimnastika, yataq və yemək otaqları yaradılıb və zəruri avadanlıqla təchiz olunub.

Körpələr evi-uşaq bağçasının ərazisində balacaların əylənmələri üçün meydança da qurulub. Bu məktəbəqədər təhsil müəssisəsində 32 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Etikxeber.az

Read Previous

DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçiriliəcək

Read Next

Filarmoniyada “Skripkalı musiqi axşamı”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir