“Heydər Əliyev onların təkliflərini qəbul etmirdi…”-ELDAR İBRAHİMOV YAZIR – (BİRİNCİ HİSSƏ)

Birinci hissə

Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur.

Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu Öndər Heydər Əlirza oğlu Əliyevdir.

Hazırda ölkəmizin vətəndaşları və bütün dünya azərbaycanlıları müasir Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan Heydər Əliyevin anadan olmasının 98-ci ilini qeyd etməyə hazırlaşır.

Ümummilli Lider Heydər Əliyevin bizlərə ərməğan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına  həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu Öndərin fəaliyyətinin  ilk dövründən başlayaraq ömrünün sonuna kimi  gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq.

Ona görə də  Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt  itirməyən qlobal məsələdir. Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər   işlədiyi vəzifənin kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq, yüksək çalışqanlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur.

Bu xüsusiyyətinə görə Ulu Öndər həmişə vəzifə pillələrində yüksəlmiş, dövlət təhlükəsizliyi xidmətinin leytenantı rütbəsindən  general-mayoru rütbəsinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik  Komitəsinin sədri vəzifəsinə yüksəlmişdir. Komitədə  işlədiyi dövrdə kəşfiyyat və əks-kəşfiyyat məsələlərinə dair ən çətin tapşırıqları Heydər Əliyev  lazımi səviyyədə  yüksək peşəkarlıqla icra etmiş və onların böyük əksəriyyəti hələ də “tamam məxfi” qrifi ilə müvafiq arxivlərdə saxlanılır.

Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi respublikaya rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün əzmkarlıqla çalışdığını və əhalinin  rifahının yaxşılaşmasına xüsusi önəm verdiyini əyani surətdə göstərdi.

Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində Heydər Əliyevin apardığı əhatəli işlər, yüksək işgüzarlığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, neft-maşınqayırma və  kimya sənayesi, üzüm istehsalı və bir sıra digər  sahələrdə ittifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabətqabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı. Məhz həmin illərdə  Azərbaycan Respublikasının gələcəkdə müstəqil bir ölkə kimi fəaliyyət göstərməsi üçün möhkəm  təməl yaradıldı.

Heydər Əliyevin gərgin əməyi,  uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində aqrar-sənaye kompleksinin digər sahəsi olan aqrar maşınqayırma sənayesi, mineral gübrə və kənd təsərrüfatı üçün lazım olan digər maddi-texniki vasitələr istehsalı də təşəkkül tapdı. Bu məqsədlə kənd təsərrüfatı texnikası, mineral gübrə  istehsal edən yeni zavodlar tikildi və mövcud zavodlar genişləndirildi.

Aqrar sahədə həyata keçirilən bu düşünülmüş siyasət nəticəsində Azərbaycanda nəinki möhtəşəm aqrar-sənaye kompleksi yarandı, həmçinin iqtisadiyyatın digər sahələrinin inkişafı da stimullaşdı, qaz, işıq, su, rabitə, yol və digər infrastruktur sahələrin genişlənməsi təmin edildi, kənd ərazilərinin  sosial siması kökündən dəyişdi. Həmin illərdə sosial obyektlərin tikintisi də böyük vüsət aldı, bölgələrdə yeni müasir məktəblər, xəstəxana, mədəniyyət, kinoteatr binaları və digər obyektlərin inşa edilməsi xüsusi nəzarətə götürüldü və uğurlu nəticələr əldə olundu.

Əhalinin sosial-rifah halının yaxşılaşdırılması və rahatlığının təmin edilməsi daim diqqət mərkəzində saxlanıldı. Bu diqqət və qayğının nəticəsində respublikamızda həmin dövrdə mənzil tikintisində  rekord göstəricilərə nail olundu və keçən əsrin 80-ci illərinin əvvəlində hər il bir milyon kvadratmetr yaşayış sahəsi vətəndaşlarımızın istifadəsinə verilirdi. 

Respublikamız qonşu respublikaları təbii qazla və elektrik enerjisi ilə təmin etməyə başladı  və ittifaq miqyasında subsidiya alan  respublikadan donor respublikaya çevrildi.  Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda ağır sənayenin inkişafında da əhəmiyyətli dönüş yarandı. İttifaqda ən iri maşınqayırma zavodları respublikamızda inşa edildi. SSRİ-də yeganə olan Bakı kondinsonerlər zavodu, Bakı yeni neftayırma zavodu, Azərterm zavodu, Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müxtəlif təyinatlı yeni maşınqayırma zavodları tikilib istifadəyə verildi və bir çox mövcud zavodlar müasir avadanlıqlarla təmin edilərək modernləşdirildi.

Ümummilli Lider Heydər Əliyev 1969-1982-ci illərdə SSRİ tərkibində olan Azərbaycana rəhbərlik etdiyi dövrdə ittifaq miqyasında əsasən geridə qalmış, sənaye potensialı zəif, kənd təsərrüfatı primitiv xarakterizə olunan respublikanı  ittifaqın qabaqcıl, güclü sənaye və aqrarsənaye kompleksinə malik bir diyarına çevirdi.  Həmin dövrdə xalqımız həmişə  Azərbaycan  vətəndaşlarının  rifah halının yaxşılaşmasına,  cəmiyyətin və dövlətin nüfuzunun daim yüksəlməsinə yönəlmiş ardıcıl, əhatəli  və köklü dəyişikliklərin şahidi olmuşdur.

Heydər Əliyevin Azərbaycan Respublikasına həmin dövrdə rəhbərliyi  sayəsində əldə edilən  nailiyyətlər hörmətli Prezident İlham Əliyevin “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” sərəncamında özünün əhatəli əksini tapmışdır.

Sərəncamda deyilir: “1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır”.

Bu, Heydər Əliyevin Azərbaycan Respublikasına 1969-1982-ci illərdə rəhbərlik etdiyi dövrə verilən ən real və obyektiv qiymətdir. Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək  idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması ittifaq rəhbərliyinin diqqətini cəlb etdi və o, 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Heydər Əliyev bu vəzifədə işlədiyi müddətdə ittifaqda mövcud olan ən problemli sahələrin, o cümlədən çox böyük maliyyə tutumlu Baykal-Amur Magistralının  (BAM)   tikintisi, SSRİ-də səhiyyənin və nəqliyyatın inkişafı  və digər sosial problemlərin həlli ilə dərindən məşğul olaraq həmin sahələrin inkişafını təmin edirdi.

Heydər Əliyev artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar bir rəhbər kimi tanınan yüksək nüfuz sahibi idi. O, tez-tez inkişaf etmiş və dünyada böyük təsirə malik xarici  ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyanın siyasi elitasında hörmətlə qarşılanırdı. Heydər Əliyev Azərbaycandan kənarda olsa da, həmin illərdə respublikamızda baş verən proseslərlə daim maraqlanır, problemlərin həllinə kömək göstərir və respublikamızın dinamik inkişafı üçün əlindən gələni edirdi. Onun liderlik məharəti, ittifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmək qabiliyyəti xoşniyyətli  insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı paxıllıq hissi yaradırdı. Bu paxıllığın  nəticəsi idi ki, 1987-ci ildə Heydər Əliyevə qarşı SSRİ rəhbərliyi, xüsusilə Qorbaçov tərəfindən aparılan  təqiblərə cavab olaraq o, vəzifəsindən istefa verməyə məcbur oldu.

Bununla belə, bütün qadağalara baxmayaraq, Heydər Əliyev SSRİ-də və Azərbaycanda gedən prosesləri diqqətlə  izləməkdə davam edir, öz xalqı ilə birgə nəfəs alırdı. Onun gücü də məhz bunda idi. 1990-cı il yanvarın 20-də sovet qoşunları Bakıda qırğın törədəndən sonra buna ən sərt şəkildə etiraz edən də məhz Ümummilli Lider oldu.  Həmin vaxt o, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında təşkil edilən mətbuat konfransında SSRİ rəhbərliyini açıq formada kəskin tənqid atəşinə tutularaq xalqı ilə birlikdə olduğunu bəyan etmişdi.

Heydər Əliyev məlum səbəblərdən  bir müddət Moskvada yaşadıqdan sonra SSRİ adlı imperiyanın dağılacağına tam əmin olduğundan öz ölkəsində və doğma diyarı Naxçıvanda yaşamağa üstünlük verdi və 1990-cı il iyulun 22-də Naxçıvana gəldi. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərlə müharibə edir, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə tanınmış siyasi xadim, həmişə vətəni və xalqı üçün həvəslə çalışmış  Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı.

Buna görə Naxçıvan əhalisi onu Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-nin Ali Sovetinə deputat seçdi. Heydər Əliyev sessiyalarda Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bildirirdi. Lakin səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq, Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini bir an da dayandırmadı. 1990-cı ilin noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanın üçrəngli bayrağı qaldırıldı və bununla da müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Onun təklifi ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandırıldı.

Habelə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümid bəsləyərək onun Muxtar Respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi  1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Bununla da nəinki Naxçıvanın Muxtar Respublika kimi, həm də   Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasına gedən yol başladı.

Ali Məclisin sədri kimi o, ilk öncə  ağır günlərini yaşayan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün qardaş Türkiyə və İranla əlaqələri yaxşılaşdırıb kömək aldı. Muxtar Respublikanın gələcək taleyinin iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etməsində görən Ulu Öndər tezliklə  islahatların həyata keçirilməsini önə çəkdi.    Qayda-qanun möhkəmləndi, vəzifə sahiblərinin və bütün işçilərin məsuliyyəti artırıldı. Muxtar Respublikada bütün qüvvələr və imkanlar əhalinin rifah halının yaxşılaşmasına və təhlükəsizliyin təmin edilməsinə səfərbər olundu.  

Azərbaycan Respublikasında ilk dəfə iqtisadi islahatlar Muxtar Respublikanın aqrar sahəsində başladı. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu 1996-cı ildə qəbul olunsa da,  ondan xeyli əvvəl – 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi təmin edildi. Çox uğurla həyata keçirilən bu təxirəsalınmaz tədbirlər tezliklə öz bəhrəsini verdi və Naxçıvanda siyasi və iqtisadi vəziyyət getdikcə stabilləşməyə başladı.

İqtisadiyyatda və dövlət quruculuğunda əldə edilən bu sabitlik  ermənilərin Muxtar Respublikaya hücumlarını mərdliklə dəf  etməyə və   cəbhədə sakitliyin bərqərar olmasına imkan yaratdı. Düşdüyü çətin vəziyyətdən çıxmağa başlayan Naxçıvan əhalisinin Heydər Əliyevə olan  inamı  və  ümidi  getdikcə artır və adamlar onun ətrafında daha sıx birləşərək Muxtar Respublikanın gələcəyi naminə əzmkarlıqla çalışırdı. 

Həmin dövrdə – 1991-ci il 18 oktyabr tarixində Bakıda Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini və suverenliyini elan etdi. Bu tarix isə elə bir dövrə təsadüf etmişdir ki, bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə Azərbaycanı müharibəyə cəlb etmiş, digər tərəfdən isə yeni yaradılmış suveren dövlətə məsuliyyətsiz,  siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslər rəhbərlik edirdi. Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmaqla  yanaşı, hakimiyyət uğrunda mübarizəni də qızışdırırdı.

Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovur və etnik təmizləmə aparırdı. Hakimiyyətdə olanlar isə xalqı səfərbər edib bunun qarşısını ala  biləcək tədbirlər görmək gücündə deyildilər və  aciz durumda idilər. Bundan azğınlaşan erməni quldurlar isə 1992-ci ilin fevralında insanlığa sığmayan Xocalı soyqırımı dəhşətlərini törətdilər və şəhər yerləyeksan edilərək 613 günahsız azərbaycanlı görünməmiş vəhşiliklə qətlə yetirildi, yüzlərlə insan şikəst oldu, əsir götürüldü və itkin düşdü. Həmin ilin may ayında Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhəri erməni separatçıları tərəfindən işğal olundu.

Özünü xalqın aparıcı qüvvəsi hesab edən Xalq Cəbhəsi cütlüyü bundan öz xeyrinə yararlanaraq hakimiyyəti tezliklə ələ aldılar. Ancaq bu hakimiyyətdə təmsil olunanların dövlətçilik və idarəetmə təcrübəsi yox idi, onlar öz işlərini günün tələbinə uyğun qurmur, hadisələri düzgün qiymətləndirmir, nə cəbhədə, nə də dövlət quruculuğunda təsirli tədbirlər görə bilmədiklərindən ölkədə  hərc-mərclik  və xaos baş alıb gedirdi. Bu da erməni silahlıları  tərəfindən Dağlıq Qarabağa qonşu yeddi rayonun zəbt edilməsinə şərait yaratdı.

Həmin dövrdə müstəqil Azərbaycan Respublikası öz  tarixinin ən ağır çağlarını yaşayırdı. Bir tərəfdən Ermənistanla aparılan müharibə, bir tərəfdən iqtisadiyyatın iflic vəziyyətə düşməsi, digər tərəfdən də hakimiyyətdə olanların təcrübəsizliyi və səriştəsizliyi hakimiyyətə qarşı narazılığı artırmaqla yanaşı, Azərbaycanın müstəqilliyini təhlükə qarşısında qoymuşdu.

Bunun məntiqi nəticəsi kimi 1993-cü il iyunun 4-də Gəncədə iqtidara tam etimadsızlıq göstərilərək hərbi qiyam baş verdi, qardaş qanı axıdılmaqla demək olar ki, vətəndaş müharibəsi başlandı. Vəziyyətin daha kəskin xarakter alacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan iqtidar rəhbərləri məsuliyyətdən yayınmaq üçün  bir-birinin ardınca istefa verməklə Heydər Əliyevi Azərbaycan Respublikasında rəhbər vəzifəyə dəvət etməyə məcbur oldular.

Heydər Əliyev onların bu təkliflərini qəbul etmirdi, digər tərəfdən isə vəziyyət  getdikcə daha da pisləşirdi.

Bunu görən Azərbaycan xalqı  böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim Heydər Əliyevi təkidlə ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi.

Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa bilər və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər.

(Davamı olacaq)

Eldar İBRAHİMOV,

Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor

Etikxeber.az

Read Previous

Faşizm üzərində Qələbədən 76 il-ÖTÜR

Read Next

Daha bir “Şəhid bulağı”-ƏZƏMİ HÜSEYNOVUN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir