“Heydər Əliyev qayıdıb deyir ki…” – FİKRƏT VERDİYEV – BU GÜN USTAD TARZƏNİN DOĞUM GÜNÜDÜR

Bəyimxanım Cavanşirova-VERDİYEVA: “…60 ilə yaxın Sənət meydanında “Fərhad kimi külünğ çalaraq” cənğavərçəsinə xarüqələr yaradaraq, Dövlətimizin dəyərini-qiymətini , Xalqımızın sevgisini-rəğbətini qazanaraq, adını əbədi Azərbaycan Musiqi mədəniyyəti tarixinə yazdın…”

Bu gün-sentyabr ayın 2-si Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna xidmətləri olan, 55 ildən çox yaradıcılıqı dövründə iki möhtəşəm ansambl yaradaraq ( “Ğöy ğöl” və “Neftçi”), ona rəhbərlik edən Ustad tarzən, böyük sənətkar, Xalq artisti Fikrət Verdiyevin növbəti doğum günüdür.

Etikxeber.az-ın xəbərinə görə, bu gün 72 yaşı tamam olan Fikrət Süleyman oğlu Verdiyev 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub.

Ailələrində musiqiçinin olmamasına baxmayaraq, çox kiçik yaşlarından balaca Fikrətdə sənətə maraq yaranır. 1957-ci ildə Gəncə şəhər 1 saylı musiqi məktəbində tar sinfinə gedir. 1962-ci ildə məktəbi bitirərək Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında və Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edir.

13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edən Fikrət uşaqlıq yaşlarından müstəqil ansambl yaratmaq arzusunda olur. Hətta 1960-cı ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda rəhbərlik etdiyi kollektiv qalib gəlir. O dövrdə – tələbə olarkən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayır. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olur. Adil Gərayın sinfində təhsil alır.

1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq ictimai əsaslarla “Göy göl” xalq çalğı alətləri ansamblını yaradır. Tezliklə bu ansamblın şöhrəti Gəncəbasardan çox uzaqlara yayılaraq, xaricdə də tanınır. Konsertlər verən kollektiv fəxri fərman və mükafatlarla təltif olunur. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər. Zeynəb Xanlarova 1972-ci ildən etibarən bu ansamblın müşayiəti ilə yaddaşlardan silinməyən konsertlər verib.

Konservatoriyadakı təhsilini başa vurandan sonra Fikrət Verdiyev ansambla rəhbərliklə yanaşı, Qənbər Hüseynli adına Gəncə ora ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə də başlayır. 1977-ci ildə mərhum dövlət başçısı Heydər Əliyev bu ansamblı bəyənərək ona Dövlət mahnı və rəqs ansamblı statusu verilməsini məqsədəuyğun bilir.

fikrattttt-1

fikratttt

fikret-1

Ustad sənətkar həmin anı belə xatırlayır:

“…Artıq 1977-ci il idi, o vaxt Gəncənin birinci katibi Əsgər Məmmədov idi. Bir gün hansısa məsələ ilə bağlı Əsgər müəllim rəhmətlik Heydər Əliyevin yanında imiş.

Ulu öndər ondan soruşur ki, Əsgər, “Göygöl” ansamblı maaş alırmı, deyir ki, onlar ictimai əsaslarla fəaliyyət göstərirlər. Deyir, necə yəni ictimai əsaslarla? O cür gözəl ansambl maaş almır, bunu niyə mənə demirsiniz?

Əsgər müəllim deyir ki, bəs üç aydır Nazirlər Sovetinin sədrinə yazıb göndərmişik, hələ bir xəbər yoxdur. O zamanlar Nazirlər Sovetinin sədri rəhmətlik Əli İsmayılov idi. Bunu deyən ki, Ulu öndər düyməni basır, Əli  müəllimə deyir ki, “Göygöl” ansamblı səni maraqlandırmır?

Deyir ki, maraqlandırır, Heydər Əliyev qayıdıb deyir ki, üç aydır sənədlər sənin qabağındadır, niyə məsələni həll etmirsən, dərhal bu məsələni həll elə. Elə də olur, məsələ dərhal həllini tapır. Yəni “Göygöl”ün dövlət statusu alması, onun fəaliyyətə başlaması məhz o kişinin adı, xidmətləri ilə bağlıdır.

Bir də gördüm ki, Əsgər müəllim Əli müəllimin yanından mənə zəng vurub dedi ki, qol çəkildi, ansambla 75 nəfərlik ştat ayrıldı, dərhal Bakıya gəl. Bunu eşidən kimi hansı hisslər keçirdiyimi bir Allah bilir, sevincimdən qanad açıb uçmaq istəyirdim.

İlk dəfə idi Bakıdan sonra Azərbaycanın ikinci şəhərində Dövlət Mahnı və Rəqs Ansamblı fəaliyyət göstərməyə başlayırdı. Bakıya gəldim, mədəniyyət naziri qəbul etdi, digər yoldaşlarla görüşdüm.

Bizə dörd avtobus, bütün avadanlıqlar, aparatlar, hər şey verildi. Hamısını yığıb Gəncəyə yollandım…”.

1982-ci ildə isə Zeynəb Xanlarova Fikrət Verdiyevi öz yaratdığı ansambla konsertmeystr dəvət edir. Bu ansamblla birgə 40-dan çox ölkədə Azərbaycan mədəniyyətini təbliğ edirlər.

Fikrət müəllim o günü yaddaşına belə həkk edib:

“1982-ci il idi. O zaman keçmiş SSRİ-nin rəhbəri Leonid İliç Brejnev Azərbaycana gəlmişdi.  Keçmiş Lenin Sarayında dövlət konsert olmalı idi. Zeynəb xanım dedi ki, dəyişiklik oldu. Soruşduq ki, nə dəyişiklik? Dedi, Mərkəzi Komitədən məsləhət görüldü ki, ansamblın bədii rəhbəri Fikrət Verdiyev olsun.

Xəbərim yox idi, mən də məəttəl qaldım. Həmin vaxt Həsən Həsənov Mərkəzi Komitənin ideoloji məsələlər üzrə katibi vəzifəsində çalışırdı, Mərkəzi Komitədən əvvəl bizdə, Gəncədə birinci katib işləmişdi, məni tanıyırdı.

Dedim, Zeynəb xanım, bu, nə məsələdir? Dedi, Həsən müəllim deyir ki, Fikrət “Göygöl” ansamblını Gəncədə qoyub, burada nə gəzir? Mən də dedim ki, yaxşı tarzəndir, dəvət etdim, o da sağ olsun, gəldi. Qayıtdı ki, gəlibsə, niyə ansamblda ikinci tarzən kimi oturur, gəlibsə, başda oturmalıdır.

Mən də cavab verdim ki, baş üstə, siz deyən məsləhətdir. Həmin gündən ansamblın bədii rəhbəri oldum, daha doğrusu, konsertmeyster. Hamı razılıqla qarşıladı və beləliklə, uzun illər bir yerdə işlədik…”.

1987-ci ildə Fikrət Verdiyev Əməkdar artist adını alır.

1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göy göl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradır. Mixail Boyarskini, Müşərrəf Akayı Bakıya dəvət edərək çıxışlarını təşkil edir.

2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” mahnı və rəqs ansamblını yaradır. Könül Xasıyeva, Aygün Bayramova, Rövşən Behcət, Samir Cəfərov, Feyruz Səxavət, Cabir Abdullayev, Teyyub Aslan kimi sənətçiləri bir yerə yığaraq zəngin repertuar yaradır. Yeni Azərbaycan Partiyasının (YAP) 10 illiyi münasibətilə sarayda keçirilən konsert proqramında uğurla çıxış edirlər.

Fikrət Verdiyev məşhur xanəndə, muğam ustası-korifey sənətkar Xan Şuşinskinin qızı-eyni adlı Fondun prezidenti Bəyimxanım Cavanşirova-Verdiyeva ilə ailə qurub.

İki qızı, bir oğlu, 3 nəvəsi var.

F. Verdiyevin doğum günü ilə bağlı B.Cavanşirova-Verdiyeva öz “Facebook” statusunda bunları qeyd edib:

“…Fikrət Verdiyevin zəhmətinə böyük qiymət verən dahi bəstəkarımız Fikrət Əmirov onu səhnədə bağrına basaraq demişdir:

“Mən sənin timsalında öz gəncliyimi gördüm”.

Onlarla istedadlı gənclərə sənət cığırı açaraq, onların bir sənətkar kimi yetişməsində böyük, təmənnasız zəhməti olan, yaradıcılığı dövründə dünyanın 40 dan çox ölkəsində Azərbaycan Musiqisini ləyaqətlə təbliğ edən Azərbaycan kişisinə məxsus bütün məziyyətləri ilə seçilən ləyaqətli müdrik ata-baba, Azərbaycan Respublikasının Xalq artisti, tarzən, ömür-ğün yoldaşım Fikrət Verdiyevin doğum ğünüdür.

60 ilə yaxın Sənət meydanında “Fərhad kimi külünğ çalaraq” cənğavərçəsinə xarüqələr yaradaraq, Dövlətimizin dəyərini-qiymətini , Xalqımızın sevgisini-rəğbətini qazanaraq, adını əbədi Azərbaycan Musiqi mədəniyyəti tarixinə yazdın.

Yeni yaşın mübarək olsun, həyatımın dayağı ömür yoldaşım.

Sənə sağlıq sevgi firavanlıq dolu uzun ğözəl həyat övlad nəvə sevinci şərəfli həyat və sənət yolunda parlaq fəaliyyətində uğurlar diləyirəm.

100 yaşa!!! 

Yaşa yaşat yarat!!!

Heç vaxt həyat ritmindən düşmə!!!”.

Doğum gününüz mübarək olsun, Ustad sənətkar!

Etikxeber.az

Read Previous

Bazarda güclü yanğın – 12 MAĞAZA YANDI – BU DƏFƏ KÜRDƏMİRDƏ

Read Next

Generalın qaynı oğlunu qətlə yetirən şəxs tutuldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir