“Hikkə, geriçəkilmə, təcili zəng və iflas”-JALƏ ƏLİYEVA MAKRONUN HİKKƏSİNDƏN VƏ AZƏRBAYCAN PREZİDENTİNƏ TƏLƏSİK ZƏNGİNDƏN YAZDI…

Təxminən belə bir deyim var ki, sözü (ehtiyatsız) əgər deməmisənsə, ağzından çıxarmamasınsa, sən onun sahibisən, söz ki, ağzından çıxdı, o, sənin sahibindir, sən onun qulusan.

Və yaxud da, atalar məsəlimizdə deyildiyi kimi: Dalaşanda elə dalaş ki, barışmağa üzün olsun. Bəli, çox müdrik və ibrətamiz fikirlərdir. Bunu xüsusilə, söz, qərar sahibləri, siyasilər, rəsmilər, dövlət liderləri yaxşı bilməli və yaddaşlarında saxlamalıdırlar.

Çünki onların işlətdiyi hər hansı bir söz, fikir bir andaca onun özünə, xalqına, dövlətinə qarşı işləyər, həm də bütövlükdə dünyada gərginliyin, xoşagəlməzliklərin yaranmasına, siyasi, diplomatik, hərbi, iqtisadi krizlərin baş verməsinə səbəb ola bilər. Ona görə də hər kəs, xüsusilə, siyasilər, liderlər dilinə, sözünə hakim olmalıdırlar. Daha çox da siyasətdə, dövlət hakimiyyətində yeni və təsadüfi olanlar.

Bir qədər izahatdan və girişdən sonra konkret-deyəcəyim məqamın üzərinə gəlmək istərdim. Belə ki, bugünlərdə Ermənistanın növbəti qanlı təxribatı və fitnəkarlığı üzündən cəbhədə yenidən gərginlik yarandı, atəşkəs bütövlükdə pozuldu və cavab vermək məcburiyyətində qalan Azərbaycan dövləti, Azərbaycan Ordusu, Silahlı Qüvvələrimiz torpaqlarımızı artıq birdəfəlik işğaldan azad etmək üçün ikinci Vətən müharibəsinə qərar verdi və qısa müddətdə də yazılan Zəfət tarixi hər kəsin gözü önündədir. Bu Zəfər yürüşü torpaqlarımızın son qarışı azad edilənədək davam edəcək, etdiriləcək və qəti Qələbə bizim, bizimlə olacaq. Bu, birmənalıdır.

Ancaq çox maraqlı və gülməlidir ki, çoxları sanki indi münaqişədən xəbər tuturmuş kimi, özlərini aparmağa, reallıqdan uzaq, sərsəm, bədnam, təxribat xarakterli, sülhə, təhlükəsizliyə böyük təhlükə yaradan məsuliyyətsiz bəyanatlar, açıqlamalar verirlər. Haqqın, haqlının yox, haqsızın, nahaqqın yanında yer alırlar yenə. Hətta, boylarından böyük sözlər sözləyərək, təhdidə keçir, hədlərini aşırlar…Bunu başqaları etsə, bəlkə də göz yummaq, əhəmiyyət verməmək olar…

Amma…

Bunu əgər münaqişəli vəziyyəti sülh və danışıqlar yolu ilə yoluna qoymalı olanlar, vasitəçilik missiyasını üzərinə götürənlər deyirsə (özü də heç bir hədd və əndazə gözləmədən), buna heç cür dözmək, səssiz qalmaq olmur və olmaz…Belələrindən, həddi aşanlardan, boyunu aşan sözlər söyləyənlərdən biri də məhz Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə birbaşa həllinə cavabdeh, məsul olan, 23 ildir həmsədrlik edən Fransanın dövlət başçısı-prezidenti Emmanuel Makrondur.

Bu adam görünür ki, ya reallıq hissini itirib, ya da Fransanın prezidenti, o cümlədən, həmsədr dövlətin rəhbəri olduğunu unudub…Özünü nə həmsədr dövlətin rəhbəri kimi aparır, nə də siyasətçi, dövlət adamı kimi…Özünü təsadüfi siyasət, dövlət adamı, işğalçı, faşist, nasist Ermənistanın prezidenti, sahibi kimi aparır… Azərbaycana “ağıl” öyrətmək, “dərs” keçmək istəyir, təhdidə, böhtana, şərə əl atır…

Ən azından tərəfsiz qalmalı, dayanmalı olduğu halda, özünü tərəf-işğal, təcavüz tərəf kimi aparır…”Qarabağın yenidən ələ keçirilməsinə” imkan verilməyəcəyini, bütün gücü ilə dövlətinin buna müqavimət göstərəcəyini və sair və ilaxır deyir…

Elə buradaca soruşmaq lazımdır ki, sən kimsən, sənə axı, kim belə bir hüququ verib ki, bu tonda danışasan, Azərbaycanın əvəzindən Qarabağla bağlı qərar verəsən? Və yaxud da, əgər sənin Qarabağın kimə məxsusluğundan xəbərin yoxdursa, o zaman həmsədrlikdə nə işin var? Zor gücünə, Azərbaycanın razılığı olmadan həmsədrliyi mənimsəməyin azmış kimi, indi də həmsədrlik missiyasını, onun fəlsəfəsini unudub, ağına-bozuna baxmadan ittihamlar yağırmağa, “dayanın, durun” çağırışlarına cəhd edirsən, cəhd edəsən? Bəs, 23 il idi ki, həmsədr dövlət kimi harada idiniz, haraya baxırdınız? Niyə zəhmət çəkib vaxtında münaqişəni ədalətli və müsbət həll etmədiniz ki, vəziyyət indi də bu həddə gəlib çatdı?

Özünüzə gəlin, silkələnin, ayılın, nə dediyinizin, nə danışdığınızın fərqinə varın…Sizin qarşınızda “üçüncü”, “banan” respublikası yoxdur, sizin qarşınızda güclü, qüdrətli, söz və nüfuz sahibi olan Azərbaycan var!!!

Onunla diktə, təhdid, zor dili ilə danışmaq nə mümkündür, nə həddinizdi !!! Ya gec də olsa, missiyanızı, ədalətli orbitr funksiyanızı yerinə yetirin, ya da kənara çəkilin, həmsədrlikdən könüllü və abırlı şəkildə istefa verin!!! Bizə Sizin kimi həmsədr(lər), orbitr(lər) lazım deyil. Biz artıq qərar vermişik, son və qəti qərarımızdır, Qarabağın işğalına tam mənada son qoyulacaq, son qoyacağıq. Bunun üçün də kimdənsə izn, icazə almamışıq, almayacağıq.

Yeri gəlmşikən, iki-üç gün öncə “odlu-alovlu” danışmaq nə, danışmaq hara, bir balaca üzərinə gəlinən, sərt təpki görən kimi, geriyə çəkilmək, tələm-tələsik zəng etmək nə, zəng etmək hara? Əgər sözünün ağası, dilinin yiyəsi ola bilməyəcəkdinsə, onda niyə danışırdın və ində də Azərbaycan Prezidentinə zəng etmək məcburiyyətində, rəzalətində qalırdın?

Bəli, Azərbaycan hər mənada sözünün, dilinin, verdiyi qərarının, atdığı addımının sahibidir və onun arxasında da möhkəm dayanıb, dayanır və dayanacaq!!! Hələ Makron kimi çoxları belə əl-ayağa düşməli, özlərini siyasi cəhətdən bitirmiş, gülünc vəziyyətinə salmalı olacaqlar!!!

Budur Azərbaycan, budur Azərbaycan fərqi, budur İlham Əliyev fərqi və fəhmi!!!

Fikirlərimi də Ali Baş Komandanımız cənab İlham Əliyevin oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində hər kəsə ibrət və nəticə çıxarmaq üçün şans olacaq sözləri, xəbərdarlığı ilə bitirmək istəyirəm:

 “…Mən dünən eşitdim ki, Fransa Prezidenti də bəyanat verib. O, ayın 27-də axşam mənə zəng vurmuşdu, mən ona bunun səhv, yanlış olduğunu dedim. O, bu bəyanatı heç bir dəlil olmadan verib. Qoy o, bizə dəlil versin, sübut versin. Yalnız sözlərdir. Biz də çox söz deyə bilərik, amma demirik, məsuliyyətli davranırıq… Biz nə ediriksə özümüz edirik”.

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

 

Read Previous

“Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənə sarsıdıcı zərbələr endirilib”-MÜDAFİƏ NAZİRLİYİ – DÜŞMƏN TƏRTƏR, AĞDAM VƏ GORANBOYUN KƏNDLƏRİNİ ATƏŞƏ TUTUR – NAZİRLİK AZƏRBAYCAN VƏTƏNDAŞLARINA MÜRACİƏT ETDİ – YENİLƏNİB – (1)

Read Next

“Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz böyük qələbəyə hər gün bizi biraz da yaxınlaşdırır…Zəfər bizimlədir, Qarabağ Azərbaycandır!”-FATMA YILDIRIM YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir