“Himn oxunanda farağat, yoxsa, əlimizi sinəmizin üstünə qoyub dayanmalıyıq?” – BİRİNCİ VİTSE-SPİKER

Parlamentin fevralın 12-də plenar iclasında “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın xəbərinə görə, “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihəsində dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşdirilib.

Qanun layihəsində qeyd olunur ki, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.

Bununla yanaşı, sənəddə göstərilir ki, dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Qanun layihəsinə əsasən, tələbləri pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

“Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi dövlət himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.

Qanun layihəsinin 6-cı (Dövlət himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər) maddəsinə əsasən, dövlət himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsullarla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitələrindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Qanun layihələrinin birgə müzakirəsində Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, himn oxunarkən hansı vəziyyətdə dayanmağın lazım olduğu dəyişikliklərdə əks olunmayıb.

ziyafat

“Biz bilməliyik ki, himn oxunanda onu ayaqüstə-farağat vəziyyətində, yoxsa, əlimizi ürəyimizin, sinəmizin üstünə qoyub dayanmalıyıq?..

Yaxud da, himn ifa olunursa, o, hamının dilindən səsləndirilməlidirmi, onu hamı oxumalıdırmı? Bu məsələlərə aydınlıq gətirmək lazımdır”.

Millət vəkili Gövhər Baxşəliyeva isə himndə “partitura” sözünün çıxarılmasını təklif edib.

Millət vəkili  qeyd edib ki, bu anlayışın himnə heç bir aidiyyatı yoxdur.

Müzakirələrdən sonra qanun layihələri ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Gənc alim və tədqiqatçı” anlayışı dəqiqləşdirildi

Read Next

Prezidentdən yeni təyinat

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir