Hökumətin parlamentə- NÖVBƏTİ HESABATI – SPİKER 2020-Cİ İLİ ŞƏRƏFLİ İL KİMİ QİYMƏTLƏNDİRDİ, BAŞ NAZİR AZƏRBAYCAN XALQINI TƏBRİK ETDİ, “ŞİŞİRDİLMİŞ QİYMƏTLƏR”DƏN DANIŞDI – YENİLƏNİB – (5)

Bu gün, martın 16-da 6-cı çağırış Milli Məclisin (MM) növbəti-5-ci iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə yalnız iki məsələ-“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə”“Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələ daxil edilib.

Qeyd edək ki, MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyasının 5-ci iclasından gec olmayaraq, Nazirlər Kabinetinin-hökumətin ali qanunverici orqanda hesabatı dinlənilməlidir.

Hesabatla yenə Baş nazir Əli Əsədov çıxış edəcək.

Hesabatın müzakirəsində millət vəkilləri ilə yanaşı, Baş nazirin müavinləri, nazirlər, komitə sədrləri, Dövlət Şirkətlərinin, ASC-lərin rəhbər şəxsləri də iştirak edəcəklər.

Baş nazirin hesabatından sonra müzakirələr başlanılacaq, təklif və iradlar səsləndiriləcək və sonda hesabat təsdiqlənəcək.

Eyni zamanda, Hesablama Palatasına yeni təyin olunacaq sədr müavini və auditorların adları məlum olub.

Nəsir İbrahim oğlu Sadıqovun Hesablama Palatasının sədr müavini, Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimovanın Hesablama Palatasının auditorları təyin edilməsi təklif olunub.

Məsələ səsverməyə çıxarılacaq və təsdiqlənəcək.

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

00:02

***

MM-in iclası öz işinə başlayıb.

İclası S. Qafarova aparır.

11:00

***

Spiker ötən 2020-ci ili müstəqil Azərbaycan dövləti üçün şərəfli il kimi dəyərləndib.

Onun sözlərinə görə, Azərbaycan dövləti və xalqı 2020-ci ildə-44 günlük İkinci Müharibəsində parlaq Qələbə qazanıb:

“Qarabağın işğaldan azad edilməsi ölkəmizin qarşısında yeni perspektivlər açıb. Prezidentin də dediyi kimi, şanlı qələbəmiz bütün dünyaya göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bu gün Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmayıb. 2020-ci ildə bütün dünya, o cümlədən Azərbaycan pandemiya şəraitində yaşayıb. Pandemiya makroiqtisadi göstəricilərin aşağı düşməsinə səbəb olub.

Bütün bunlara baxmayaraq, ölkəmiz bu vəziyyətdən az itkilərlə çıxıb. Belə bir çətin ildə qeyri-neft sənayesinin 11 % artması dövlət tərəfindən aparılan düşünülmüş siyasətin nəticəsində mümkün olub. Ölkəmizin valyuta ehtiyatları qorunub saxlanılıb, hətta artırılıb. Ötən il ölkəmizin əsas uğurlarından biri olan Cənub Qaz dəhlizinin istismara verilib”.

11:05

***

Hazırda Baş nazir hesabat məruzəsini təqdim edir.

Qeyd edib ki, ötən il Azərbaycanda xalq-iqtidar birliyi növbəti dəfə öz gücünü nümayiş etdirdi.

Azərbaycan xalqı və dövləti düşmən üzərində Qələbə çaldı.

Baş nazir Qələbə münasibəti ilə Ali Baş Komandan başda olmaqla, bütün Azərbaycan xalqı, millət vəkillərini təbrik edib.

Onun təbriki alqışlarla qarşılanıb.

Baş nazir sonra bildirib ki, hesabat ilində strateji layihələrin icrası sahəsində aparılan məqsədyönlü işlər davam etdirilib:

“Ötən ilin son günlərində TAP-ın istismara verilməsi tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Avropaya çatdırılmasını başladıb. Cənub Qaz Dəhlizi Avropa ölkələri ilə yeni əməkdaşlığın təməlini qoyur. Dünya Bankının “Doing business” hesabatında Azərbaycan yüksək yerdədir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da ölkəmiz bir sıra mövqelərdə qabaqcıl yerdədir. Neft Fondunun da uğurları haqqında hesabatda məlumatlar var. Ötən il dünyanı bürümüş pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin qarşısını almaq üçün davamlı tədbirlər görülüb. Dövlətin bütün imkan və resursları xəstəliklə mübarizəyə yönəldilib. Ölkədə maska və dərman qıtlığının aradan qaldırılması, laboratoriyaların sayının artırılması istiqamətində tədbirlər görülüb”.

11:11

***

Sonra “Azərbaycan Cənubi Qafqazda koronavirusa qarşı vaksinasiyaya ilk başlayan ölkədir”-deyən Baş nazir ümid etdiyini bildirib ki, vaksinasiya prosesinin başladılması xəstəliyin azaldılmasında rol oynayacaq:

“Hesabat ilində COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına, həmçinin, əhalinin sağlamlığına və sosial-iqtisadi vəziyyətinə təsirinin minimuma endirilməsi diqqət mərkəzində saxlanılıb. 2020-ci ildə pandemiya və xarici mühitin pisləşməsinə qarşı hökumətin gördüyü tədbirlər nəticəsində maksoiqtisadi sabitlik qorunub. Beynəlxalq konyukturanın əhəmiyyətli dərəcədə pisləşməsinə baxmayaraq, ölkənin strateji valyuta ehtiyatları hesabat ilində nəinki azalmayıb, əksinə 0,2% (99,2 mln. ABŞ dolları) artaraq 51,2 mlrd. ABŞ dolları (Maliyyə Nazirliyinin xarici valyutada xəzinə hesabındakı vəsait nəzərə alınmaqla) təşkil etməklə ÜDM-i üstələyib. Ötən il bütün sosial ödənişlər vaxtında və tam həyata keçirilib”. 

O, həmçinin deyib ki, “şişirdilmiş qiymətlərlə dövlət satınalmalarının qarşısı qətiyyətlə alınacaq”.

“Ölkəmizin hərbi potensialı və müdafiə qabiliyyət gücləndirilib”deyən Baş nazir həmçinin bildirib ki, alınmış hərbi texnikalar Vətən müharibəsində uğurla sınaqdan çıxıb və özünü doğruldub:

“Qoşunların ən müasir silah sistemləri və hərbi texnika ilə təmin edilməsi üzrə zəruri işlər davam etdirilir və etdiriləcək”.

11:29

***

Baş nazir hesabatını başa çatdırıb.

Hazırda MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edir.

11:43

***

Komitə sədri bildirib ki, Azərbaycan 2020-ci ildə 3 cəbhədə mübarizə aparıb və kifayət qədər resurslarını səfərbər edib.

“Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, strateji layihələrin həyata keçirilməsini, ordu quruculuğunun təkmilləşdirilməsinin davam etdirilməsini müsbət qiymətləndiririk. Dəstək proqramları çərçivəsində yardımların ölkəmizin demək olar, yarısını əhatə etməsi təqdirəlayiqdir. Eyni zamanda iqtisadi subyektlərə verilən dəstək iqtisadiyyatın zəifləməsinin qarşısını alıb. Maliyyə nəzarətinin gücləndirilməsi, şəffaflığın qorunmasında informasiya texnologiyalarının imkanlarından daha çox istifadə etmək daha çox nəticə verə bilər.

Yaranan bütün çətinliklərə baxmayaraq, illik inflyasiyasının 2,8 % təşkil etməsini, manata olan təzyiqlərini dəf edilməsini təqdir edirik. 2020-ci ildə maliyyə sabitliyinin qorunması siyasətini uğurlu hesab edirik. Hesabat ilində görülən tədbirlər iqtisadiyyatda şəffaflığı daha da artırıb. Bununla yanaşı, düşünürük ki, publik hüquqi şəxslərin bazardakı fəaliyyətini tənzimləməklə bağlı yeni yanaşmalara ehtiyac yaranmaqdadır. 2021-ci il yeni innovasiyalar ilidir. Nazirlər Kabinetinə bu ildə uğurlar arzu edirəm”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Rövşən Əkbərov həbs edildi və nədə ittiham olunduğu-MƏLUM OLDU…

Read Next

“Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik…”-İLHAM ƏLİYEV – FOTO-VİDEO – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir