Hökumət üzvləri parlamentdə – YAZ SESSİYASI BU GÜN BAŞA ÇATIR – YENİLƏNİB – (3)

ZİYAD SƏMƏDZADƏ: Bağlanılan müəssisələrin monitorinqi aparılsın

Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası çərçivəsində mayın 31-də  parlamentin sonuncu plenar iclası keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, iclasda yalnız bir məsələ, 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə olunur.

Spiker Oqtay Əsədov bildirib ki, dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatası çox mükəmməl bir rəy hazırlayıb:

“Əvvəlcə, komitə sədri Ziyad Səmədzadənin məruzəsini, Hesabalama Palatasının rəyini dinləyək, sonra millət vəkilləri öz fikirlərini bildirsinlər. Sonda da maliyyə naziri Samir  Şərifov başda olmaqla, hökumət nümayəndələri öz fikirlərini söyləsinlər”.

Sonra söz verilən MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qlobal risqlərə baxmayaraq, Azərbaycanda dinamik, sürətli inkişaf davam etdirilir.

Onun sözlərinə görə, iqtisadiyyatdakı bütün göstəricilər inkişafdan xəbər verir.

Komitə sədri bildirib ki, xüsusilə, transmilli layihələrin icrasında çox mühüm addımlar atılır.

“Azərbaycan transmilli layihələrin icrasında və həyata keçirilməsində dünya miqyasında önəmli yerlərdən biri tutmaqdadır”.

***

1488451229_ziyad-s-str-7-8

Komitə sədri çıxışında həmçinin, hər il bağlanılan, fəaliyyəti dayandırılan müəssisələrə diqqət ayırıb:

“Bağlanılan müəssisələrin monitorinqi aparlsın. Hökm deyil ki, bütün bağlanılan müəssisələrin monitorinqi aparılsın, ancaq ən azı iri müəssisələrin bağlanması ilə bağlı monitorinqlər aparılmalı və bunların səbəbləri araşdırılmalıdır, aydınlaşdırılmalıdır. Çalışılmalıdır ki, bağlanılan müəssisələrin sayı minumuma endirilsin. Çünki bunlar iş yerlərinin itirilməsi, insanların durumunun çətinləşməsi deməkdir. Odur ki, hökumət üzvləri, müvafiq qurumlar bu məsələyə ciddi diqqət yetirməlidirlər”.

***

Z. Səmədzadə çıxışı zamanı borc və borclanma məsələsinə də toxunub:

“Biz həm borc alan, həm də artıq borc verən, investisiya qoyan ölkəyə çevrilmişik. Azərbaycan bu gün  o qədər güclü ölkəyə çevrilib, güclü iqtisadiyyata malik olub ki, ölkəmizə rahatlıqla borc vermək istəyənlərin sayı xeyli artıb. Ancaq ölkə prezidenti də tapşırıb ki, xarici borcu ancaq ən vacib layihələr üçün almaq lazımdır. Yəni, biz borc almaqla yanaşı, borc verməklə də məşğul olan bir ölkəyik. Xarici borclanmamız ildən-ilə azalır və yaxın gələcəkdə bu, daha da aşağıya endiriləcək. Ölkəmizin buna potensialı var”.

***

Komitə sədri çıxışında sonra bildirib ki, Vergilər Nazirliyi və Gömrük Komitəsi idxal-ixrac əməliyyatlarına birgə nəzarət həyata keçirir, bu, müsbət nəticələr verəcək.

Z.Səmədzadə iqtisadiyyatın inkişafı üçün ölkəyə gətirilən xammala güzəştlər tətbiq edilməsini, gömrükdə riskli halların araşdırılaraq aradan qaldırılmasını təklif etdiklərini söyləyib:

“Son dövrlər büdcədə əsaslı xərclər və sosial sahənin büdcədə çəkisi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Nəzərə çatdırım ki, 2005-ci ildə dövlət büdcəsinin gəlirləri manatla 2 milyard 55 milyon, dollarla 2 milyard 170 min olub. Büdcənin ümumdaxili məhsulda çəkisi ötən müddət ərzində 28 faizə çatıb. Ümumdaxili məhsulda da xərclər 28 faizdən bir qədər çoxdur. 2005-ci ildə əsaslı xərclər 334 milyon  dollar, əsaslı xərclərin ümumdaxili məhsulda çəkisi isə 2,5 faiz olub. Sonrakı dövrdə Neft Fondundan transfertlər, alınan kreditlər hesabına əsaslı xərclər artdı, Bakı-Tbilisi-Ceyhan, Bakı Dəniz Limanı kimi böyük layihələr həyata keçirildi. 2005-ci ildə büdcənin 85 faizi sosial xərclərə yönəldilmişdi, vəsaitlər ancaq cari xərclərə çatırdı, əsaslı xərclər üçün vəsait yox idi. Məhz əsaslı xərclər sayəsində Azərbaycan böyük layihələr həyata keçirdi, güclü infrastruktur yaradıldı, ölkə nəqliyyat qovşağına çevrildi, iqtisadiyyatın inkişafı üçün daha münbit zəmin yaradıldı. İndi büdcədə sosial xərclərin çəkisinin 40 faiz olması o demək deyil ki, sosial sahəyə diqqət azalıb. Ötən dövrdə sosial sahəyə ayrılan vəsaitin həcmi dəfələrlə artıb. Əsaslı xərclərin və sosial sahəyə yönəldilən vəsaitlərin artmasının arxasında düşünülmüş siyasət dayanıb”.

***

Deputat: “Borclar bəzən avantürsit lahiyələrə yönəldilir, altını da hökumət çəkir”

Millət vəkili Fərəc Quliyev isə müzakirələr zamanı deyib ki, borclardan sui-istifadə olunur:

“Bəzən borclar avantürist layihələrə yönəldilir, sonda da hökumət bunun altını çəkməli olur. Ona görə borc məsələsinə ciddi diqqət yetirilməlidir, burada şəffaflıq təmin edilməlidir. Hər istəyənə borc, dövlət zəmanəti ilə kredit verilməməlidir”.

***

 Vahid xəzinə qalığı büdcə gəlirlərinin 7,3 faizinə bərabər olub – HESABLAMA PALATASI

“Dövlət büdcəsi milli valyutanın sabit dinamikası əsasında icra olunub”.

Bunu da Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.  Onun sözlərinə görə, 2018-ci ildə əvvəlki iki ildə müşahidə olunan ikirəqəmli inflyasiya birrəqəmli səviyyəyə düşüb:  “Münbit makroiqtisadi meyllər dövlət büdcəsinin uğurla icrasına zəmin yaradıb. Ancaq 7 tədiyyə növündə büdcə proqnozu kəsirlə icra olunub. Keçən il Neft Fondunun transferti nəzərə alınmazsa, büdcənin gəlirləri 2017-ci illə müqayisədə 10,9 faiz çox olub. Mənfəət vergilərinin 51 faizinin neft sektoru hesabına toplandığı diqqətdə saxlanılmalıdır. Proqnozlaşdırılan vergi gəlirlərinin isə 11,7 faiz artıq icra olunduğunu qeyd etmək lazımdır”.

Hesablama Palatasının sədri nəzərə çatdırıb ki, büdcə xərclərinin faydalılığı ilə bağlı təhlil aparılıb: “2018-ci ildə şərti istehsal xərcləri əvvəlki illə müqayisədə 78 faiz çox olub, büdcədə çəkisi də artıb. Büdcə xərclərinin strukturunda əsaslı xərc qoyuluşunda da artım müşahidə olunub. Dövlət İnvestisiya Proqramının icrası məqsədilə 7 milyard manatdan çox əsaslı vəsait qoyuluşu qeyri-neft sektorunun inkişafına yönəlib. 2018-ci ilin sonunda büdcə kəsrinin məbləği proqnozlaşdırılan məbləğdən 4,3 dəfə az olub. Nəticədə büdcə kəsiri ilə bağlı Avropa İttifaqının qrantından istifadə edilməyib. Vahid xəzinə qalığı büdcə gəlirlərinin 7,3 faizinə bərabər olub. Hesablama Palatası bu vəsaitin dövlət borclarının ödənilməsinə yönəldilməsini təklif edib”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

“Borclar bəzən avantürsit lahiyələrə yönəldilir ki…” – MİLLƏT VƏKİLİ

Read Next

Vahid Əhmədovdan hökumətə sərt – ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir