İƏT-in Zirvə toplantısı: Azərbaycan Prezidentinin çıxışı necə qarşılandı? – RƏYLƏR

Eldar İbrahimov: “Bir münaqişəyə bir cür, başqa bir münaqişəyə, xüsusilə də, işğal faktına başqa cür münasibətin sərgilənməsi, ikili standartlardan çıxış edilməsi yolverilməz və qəbuledilməzdir. İşğala, təcavüzə münasibət eyni və birmənalı olmalıdır. Azərbaycan da illərdir bunu gözləyir və tələb edir…”

Eldəniz Səlimov: “Cənab Prezident  dünyaya Azərbaycanın Qarabağ məsələsində tutduğu mövqenin birmənalı və dəyişməz olduğunu nümayiş etdirmiş oldu. Odur ki, kimsə Azərbaycandan mövqe dəyişikliyini və güzəşti gözləməsin. Bu, mümkün deyil…”

Jalə Əliyeva: “Dialoq, barış siyasəti Azərbaycanın öz seçimidir və bu seçimində də  hər zaman israr edəcək. Ölkə Prezidentinin Zirvə toplantısında çıxışı da bunun növbəti və əyani göstəricisi oldu…”

Xəbər verildiy kimi, dekabrın 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə  İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.

Etikxeber.az-ın  xəbərinə görə, İƏT üzvü olan 0nlarla ölkənin dövlət və hökumət başçılarının qatıldığı Zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyev də iştirak və çıxış edib.

İ. Əliyev çıxışında ABŞ-ı Qüdslə bağlı qərarına yenidən baxmağa səsləyib.

Ölkə başçısı çıxışında eyni zamanda, diqqəti  Qarabağ münaqişəsinə, Erməinstanın təcavüzkarlığına yönəldib.

“…İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir.

Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz…”-deyə, ölkə Prezideti sözlərinə əlavə edib.

Etikxeber.az-a açıqlamasında professor, Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimov da ilk öncə Türkiyə Prezidenti R. T. Ərdoğanın təşəbbüsü ilə İstanbulda  Zirvə toplantısının təşkil edilməsini, xüsusilə, qardaş dövlətin başçısının Azərbaycan Prezidenti İ. Əliyevə zəng edərək onu adıçəkilən tədbirə dəvət etməsini, sammitdə səsləndirilən çağırışları son dövrlərin ən mühüm siyasi hadisələrindən biri kimi dəyərləndirib.

Onun sözlərinə görə, “iki dövlət, tək millət” olan Türkiyə ilə Azərbaycan dünyanı narahat edən, eyni zamanda, bu ölkələri maraqlandıran bütün məsələrdə hər zaman eyni, vahid mövqedən çıxış edib, həmrəylik, birgəlik nümayiş etdiririb, o cümlədən, daim bir-birinə dəstək olub:

“Dünyada Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin analoqu tapıla bilməz. Azərbaycanla Türkiyə yeganə dövlətlərdir ki, bir-birinə bu qədər sıx və qırılmaz tellərlə  bağlıdır. Bu da təbii ki, ruh, düşüncə, dil, din eyniliyindən, birgəliyindən irəli gəlir. Odur ki,  bütün cəhdlərə baxmayaraq, bu iki dövlət arasında həmrəyliyi, birgəliyi heç bir qüvvə, heç bir dairə poza bilməz. Bu, mümkün olan məsələ deyil. Qoy bunu dostlarımız da, düşmənlərimiz də bilsinlər”.

Azərbaycan Prezidentinin  Zirvə toplantısında iştirakını da  bu birgəliyin və həmrəyliyin əlaməti kimi dəyərləndirən E. İbrahimovun sözlərinə görə, Azərbaycanın dünyadakı problemlərin, münaqişələrin həllinə mövqeyi aydın və birmənalıdır:

“İşğala və təcavüzə məruz qalan bir ölkə olaraq, Azərbaycan hər zaman dünyada sülh, barışıq, dialoq mövqeyindən çıxış edib və sülh, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına da öz töhfələrini verib, bu gün də verməkdədir. Azərbaycan hər bir münaqişənin, konfliktin sülh, danışıqlar, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmzalığı prinsipləri çərçivəsində həllinə tərəfdar çıxıb, bunu öz bəyanatlarında və əməli addımlarında əyani nümayiş etdirib. Odur ki, uzun illərdən bəri davam edən və təcavüzkar Ermənistanın, onun havadarlarının qeyri-konstruktiv mövqeyi ucbatından həllini tapmayan Ermənistan- Azərbaycan münaqişəsinin çözümünə yanaşmada da eyni mövqenin sərgilənməsini gözləyib və tələb edib.

Bu da çox ədalətli və haqlı bir mövqedir. Çünki bir münaqişəyə bir cür, başqa bir münaqişəyə, xüsusilə də, işğal faktına başqa cür münasibətin sərgilənməsi, ikili standartlardan çıxış edilməsi yolverilməz və qəbuledilməzdir. İşğala, təcavüzə münasibət eyni və birmənalı olmalıdır. Azərbaycan da illərdir bunu gözləyir və tələb edir. Yəni, Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi də nəhayət, öz ədalətli tapmalı, təcavüzkar Ermənistan yerində oturdulmalıdır. Zirvə toplantısında da cənab Prezidentin vurğuladığı kimi, “dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.

Elə bilirəm ki, bu sözlər üzdə Azərbaycanla dost olduğunu nümayiş etdirən, amma arxada Ermənistanla əlaqələr, işbirliyi qurmaq istəyən və yaxud, bu işbirliyini reallaşdıran bəzi müsəlman dövlətlərinə və dairələrinə ciddi mesajdır, ciddi mesaj olacaq. Onlar da nəhayət, bu mesajdan özləri üçün ciddi nəticə çıxaracaqlar…”

eldar-bdu

ZİRVA-İLYA

eldeniz-eldeniz

Millət vəkili Eldəniz Səlimov öz növbəsində dövlət başçısının İƏT-in İstanbul Zirvə toplantısında iştirakı və çıxışını mühüm və önəmli hadisə kimi qiymətlənirib.

O da hesab edir ki, İ. Əliyevin belə bir toplantıda iştirakı, çıxışı və çıxışı zamanı dünya, sülh, təhlükəsizlik üçün səsləndirdiyi önəmli müsajlar olduqca vacib və lazımlıdır.

E. Səlimovun dediyinə görə, xüsusən, dövlət başçısının Zirvə toplantısında sammit iştirakçılarının diqqətini bir daha Ermənistan-Azərbaycan münaqişəsinə, Ermənistanın işğalçılıq siyasətini hələ də davam etdirməsinə yönəltməsi ən önəmli məqamlardandır:

“Bildiyiniz kimi, Azəırbaycan dövləti, onun rəsmiləri, xüsusilə də, ölkə Prezidenti cənab İlham Əliyev hər zaman bütün tribunlardan Azərbaycan problemlərini, üzləşdiyi ədalətsizlikləri, haqsızlıqları, ən əsası, Ermənistanın işğalçılığını, işğala son qoyulmasının vacibliyini dilə gətirib, səsləndirib. Çünki dünya birliyi, beynəlxalq ictimaiyyət Azərbaycan reallıqlarını, həqiqətlərini, Ermənistanın işğalçılıq siyasətini olduğu kimi bilməli, dərk və etiraf etməlidir. Bu istiqamətdə də uzun illərdən bəri aparılan məqsədönlü və təmkinli xarici siyasət kursu artıq öz müsbət nəticələrini verməkdə, gündən-günə, hər tədbirdən- tədbirə Ermənistanın iç üzü açılmaqda, işğalçılıq siyasəti, cinayətkarlıq əməlləri faş, ifşa olunmaqdadır. Artlq dünya yavaş-yavaş kimin kim olduğunu anlamaqda, qəbul və etiraf etməkdədir. Bu baxımdan, İstanbul Zirvə toplantısında da Ermənistan-Azərbaycan münaqişəsinə toxunulması, Ermənistanın əməllərinin bir daha yüksək tribunadan bəyan olunması vacib və lazımlı idi. Cənab Prezident  də öz çıxışında bir daha bu məsələyə toxunaraq, dünyaya Azərbaycanın Qarabağ məsələsində tutduğu mövqenin birmənalı və dəyişməz olduğunu nümayiş etdirmiş oldu. Odur ki, kimsə Azərbaycandan mövqe dəyişikliyini və güzəşti gözləməsin. Bu, mümkün deyil”.

jala-7

Professor, MM-in komitə sədrinin müavini Jalə Əliyeva da həmkarları kimi, ölkə Prezidentinin Zirvə toplantısına dəvət olunması və yüksəksəviyyəli çıxışını müsbət dəyərləndirdiyini bildirib.

“Cənab Prezidentin səsləndirdiyi fikirlər, verdiyi önəmli mesajlar da elə bilirəm ki, hər birimizin, bütün Azərbaycan vətəndaşlarının mövqeyidir və hamımızın ürəyindəndir. Bütün dünya, beynəlxalq ictimaiyyət bir daha görmüş oldu ki, Azərbaycan ərazilərinin işğal olunmasına, haqsızlığa məruz qalmasına baxmayaraq, dünyada sülhün, sabitliyin, təhlükəsizliyin bərqərar olunmasının çarçısı və tərəfdarıdır. Ermənistan, onun gizli və aşkar havadarları nə qədər cəhd etməyə çalışsalar da, Azərbaycanı sülh, dialoq, barış mövqeyindən, siyasətindən geri çəkə bilməyiblər və bundan sonra da bu yöndə istəkləri, çabaları fiaskoya məhumdur. Dialoq, barış siyasəti Azərbaycanın öz seçimidir və bu seçimində də  hər zaman israr edəcək. Ölkə Prezidentinin Zirvə toplantısında çıxışı da bunun növbəti və əyani göstəricisi oldu” – deyə, J. Əliyeva daha sonra sözlərinə əlavə edib

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

Məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz- PREZİDENT – FOTO – YENİLƏNİB

Read Next

“Hər bir musiqiçi üçün Moskva, London, Vyana səhnələrində çıxış böyük şərəfdir…” – BƏDƏLBƏYLİ BELƏ DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir