İcbari tibbi sığorta gələn ildən tam yox, mərhələli şəkildə tətbiq ediləcək – SƏBƏBLƏR AÇIQLANDI – YENİLƏNİB – (2) 

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında  “Tibbi sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, qanun layihəsinə bir sıra dəyişikliklər edilməsi  təklif edilir. Layihənin 1.0.1-ci maddəsində “baza və əlavə hissələrdən ibarət olmaqla” sözlərinin çıxarılması təklif edilir.

Bununla əlaqədar olaraq, bir neçə maddə ləğv edilir.

Qanun layihəsinin 1.0.6-cı, 1.0.7-ci, 1.0.8-ci, 1.0.10-cu və 1.0.14-cü maddələrində “sığortalı” anlayışının izahı verilib. Belə ki, bu Qanunda nəzərdə tutulmuş hallarda öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən şəxs sığortalı şəxs adlanır. Sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslərdir.

1.0.8-ci maddədə sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsinə və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaitidir.

1.0.9-cu maddədə “sığorta ili” sözləri “təqvim ili” sözləri ilə əvəz edilməsi təklif edilir.

Layihəyə müştərək maliyyələşmə məbləği adlanan maddə əlavə edilir. Bu da sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissədir.

Həmçinin bir sıra maddələrdə “tibb təchizatçısı və ya tibbi ərazi bölməsi” sözləri ismin müvafiq hallarında “tibb müəssisəsi” sözləri ilə əvəz edilməsi təklif edilir.

15-2.3-cü maddədən “Xidmətlər zərfinin əlavə hissəsinə münasibətdə sığortaolunanlar” sözləri “Sığortaolunanlar” sözü ilə əvəz edilir.

15-2.3.3.8-ci maddəyə əsasən,  Azərbaycanda qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycandakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu sistemdən faydalana biləcəklər.

Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortaolunan qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir.
Bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərə, cəzaçəkmə müəssisələrində (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) cəza çəkən şəxslərə, Miqrasiya Məcəlləsinə əsasən Azərbaycanda müvəqqəti olan və müvəqqəti yaşayan şəxslərə şamil edilmir.

bu Qanunun 15-2.3.1-ci və 15-2.3.2-ci maddələrində nəzərdə tutulan şəxslər üzrə:
1. neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
2. neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi;
3. neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
4. neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi sığortaya cəlb olunması təklif edilir.
15-2.5-ci maddəsində nəzərdə tutulmuş sığortalı tərəfindən  sığortaolunanlar üzrə təqvim ili üçün adambaşına 90 manat ödəniləcək. Qeyd edək ki, əvvəl bu rəqəm 120 manat idi.

Dövlət büdcəsi vəsaiti hesabına bütün əhalinin illik sığorta haqqı adambaşına 90 manat müəyyən edilib. Əvvəl baza (29 manat) və əlavə xidmətlər (120 manat) idi. İndi bu iki hissə ləğv edilib. Ümumilikdə 90 manat müəyyən edilib.

Keçid müddəası əsasən, İcbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, mərhələli şəkildə tətbiq olunur.

***

“İcbari tibbi sığortanın ölkəmizdə həyata keçirilməsi üçün qanunvericilik bazası yaradılmalıdır”.

Bunu  müzakirə  zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortaya keçidlə bağlı sənəd imzalamasından sonra ölkəmizdə bununla bağlı böyük işlər görülüb: “Bu sərəncamdan irəli gələrək “Tibbi sığorta haqqında” qanunun 8 maddəsinə 126 dəyişiklik təklif olunur. Bu dəyişikliklər əsasən, icbari tibbi sığorta ilə bağlıdır”.O, həmçinin qeyd edib ki, dəyişikliklər 3 qrupa bölünür: “Bunlar anlayışlarla bağlı, stilistik və sığortaolunanlarla bağlı dəyişikliklərdir”.

***

İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın gələn ildən mərhələli şəkildə tətbiq edilməsinin səbəblərini açıqlayıb. 

Z. Əliyev parlamentdə çıxış edərək qeyd edib ki, 2018-ci ilin dekabrında “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər olmuşdu:

“Əsas mahiyyət də 2020- ci ildən İcbari Tibbi Sığortanın ölkə üzrə tətbiq edilməsi ilə bağlı idi. 2019- cu ildə Prezidentin Fərmanı ilə hazırlıq ili kimi elan olunmuşdu. Biz də öz növbəmizdə tibb müəssisələrinin hazırlığı ilə bağlı işlər görmüşdük. Əsas işimiz tibb müəssisələrində İT infrastrukturun qurulması ilə bağlı idi. Digər inzibati quruculuq işləri ilə bağlı məsələ həllini tapmışdı. Tibb müəssisələrinizdəki tibb heyəti, istərsə də əhali bu prosesin həyata keçirilməsi üçün xidmətlərdən istifadə etmədən biz nə qədər təbliğat aparsaq da, hazırlıq bir o qədər yüksək səviyyədə olmur. Çünki əhali bu xidmətlərdən tam istifadə etməyib. Pilotda da biz gördük ki, sığorta qaydalarını bir ildə tətbiq etməyə başladılar. Ona görə də prosesin mürəkkəbliyini nəzərə alaraq, tibb müəssisələrinin maliyyələşməsinin köklü şəkildə dəyişməsini nəzərə alaraq biz 2020- ci ildə Agentlik olaraq hökumət və Milli Məclis qarşısında mərhələli şəkildə tətbiqini təklif edirik. 2020-ci ildə ölkə üzrə 4 mərhələli bir tətbiq olacaq. Bu, şimal, qərb, cənub və Bakı, Sumqayıt, Abşeron üzrə tətbiq ediləcək. 2020-ci ildə bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur. Onu da qeyd edim ki, qeyri-dövlət və qeyri-neft sektorunda işləyənlər 2020- ci ildə əməkhaqqından işəgötürən 1 faiz, işçi 1 faiz , 8000-dən yuxarı isə 0,5 faiz sığorta haqqı tutulacaq. Yalnız 2020- ci ildə onlara güzəşt ediləcək. 2021- ci ildən sonra artıq dövlət sektorunda işləyənlər kimi əməkhaqqından 2 faiz tutulacaq”.

***

“İcbari tibbi sığorta sisteminin tətbiqi uzun zamandır müzakirə olunur. Ancaq yenə də ciddi şəkildə ictimai müzakirələrə ehtiyac var. Bu sahənin mütəxəssisləri məsələni yenidən cəmiyyətə ətraflı izah etməlidirlər”.

Bunu da İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bu məsələ tək qanunla həll olunan deyil: “İnsanlara sığorta sistemdən necə istifadə olunması izah edilməlidir. Bununla bağlı İctimai televiziyada həftədə 3 dəfə veriliş efirə getməli, mütəxəssislər dəvət olunaraq sistemin mahiyyəti izah olunmalıdır. İnsanlar hesab edir ki, qanun qəbul edildi və hansı xəstəliyi olsa sığorta kağızını göstərib müalicə olunub oradan çıxmalıdır. Ona görə də insanlara izah edilməlidir ki, paketə nələr daxildir və proses necə olacaq. Bu işdə peşəkar kadr potensialına ehtiyac var”.

S.Novruzovun sözlərinə görə, kimlərsə bu günə qədər yarım ştat işləyib və bu hansı formada olacaq, seçim necə aparılacaq, hansı həkimlər insanlara xidmət göstərək və s. kimi suallar öz cavabını tapmalıdır: “Biz həkimlik sistemini hərbi sistem kimi etməliyik. Həkim bölgəyə ezam olundusa, mütləq ora getməlidir. Elə hal da olur ki, Azərbaycan Tibb Universitetini bitirən şəxslər məhz Bakıda qalıb burada özəl tibb müəssisələrində işləmək istəyirlər. Yaxud da qərar qəbul ediləndə adını haradasa yazdırır, amma burada hansısa klinikada fəaliyyət göstərir. Yəni, bu sahədə cavabı alınacaq suallar çoxdur.Bu təcrübəni həyata keçirən bir çox inkişaf etmiş ölkələrin nəticələri ilə maraqlanmışam. Məlum olub ki, hələ də ən inkişaf etmiş ölkələrdə belə bu problemlər öz həllini tamamilə tapmayıb. Çalışmalıyıq ki, ölkədə icbari tibbi sığortaya keçid vətəndaşlar arasında narazılıqlara səbəb olmasın. Əsas məsələ bu sistemin vətəndaşların sağlamlığına xidmət etməsidir. Azərbaycanda kifayət qədər müasir tibbi avadanlıqlar var. Amma hələ də onları işlədə bilən mütəxəssislər kifayət qədər deyil. Ona görə də bu avadanlıqları işlədə bilən kadrların olması vacibdir. İcbari tibbi sığortadan yararlanan vətəndaş gəlib deyəcək ki, pulumu ödəmişəm və tələb edəcək ki, mənə düzgün diaqnoz qoyun. Problem olanda da məhkəmə çəkişmələri başlayacaq. Ona görə də ictimai müzakirəyə ciddi şəkildə ehtiyac var. Bir-iki rayonda bunu həyata keçirmək olar. Bütövlükdə respublikanı əhatə etmək üçün tam şəkildə əminlik olmalıdır. Əminlik oldluqdan sonra sistemi ölkə üzrə tədbiq edə bilərik”.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Deputatdan Qarabağ əlilləri ilə bağlı önəmli – TƏKLİF

Read Next

“Onlar arasında rəqabət yaranacaq ki…” – ƏFLATUN AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir