“İcra başçısı mənə küçə süpürməyi rəva bilir…Bu, biabırçılıqdır, bu, hörmətsizlikdir, bu, qisasçılıqdır!”-AĞDAMLI ŞƏHİD RÖVŞƏN MEHDİYEVİN ANASI ƏTLAS MEHDİYEVA ÜSYAN ETDİ, OD PÜSKÜRDÜ…

Ağdamın icra başçısı sanki məndən qisas alır. Məni-Şəhid anasını küçə süpürməyə layiq bilir. Şəhid anasına belə hörmətsizlik olarmı?

Bunu Etikxeber.az-a açıqlamasında Ağdamın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rövşən Mehdi oğlu Mehdiyevin anası Ətlas Tahir qızı Mehdiyeva deyib.

Qeyd edib ki, bir neçə ay öncə övladının uyuduğu Quzanlı Şəhidlər Xiyabanında Ağdamın icra başçısı ilə arasında qalmaqal yaşanıb.

“Fevralın 21-də oğlumun Cənnətdəki ilk ad günüydü. Həmin gün hava yağışlı idi. Uşaqlar, məktəblilər də Şəhidlər Xiyabanına gəlmişdilər və məzarlar palçıq olmuşdu. Səhərisi gün, fevralın 22-də axşam saatlarında oğlumun məzarının, eləcə də digər məzarların üstünü təmizləməyə getmişdim. Axşam saat 18:00 radələri olardı. Ağdamın icra başçısı da Şəhidlər Xiyabanına gəlmişdi, bəlkə də heç ağlına gəlməzdi ki, o vaxt Şəhid anası orada ola bilər. Şəhidlərimizin məzarları su içində idi.

Bu isə bir ana kimi mənim ürəyimi parçalayırdı. Buna dözə bilməzdim, dözmədim və icra başçısına da kəskin etirazımı bildirdim, dedim ki, bu oğullar su altında qalacaq, suda yatacaq oğullar deyil. Onlara belə münasibət olmaz. Etirazım, sözlərim icra başçısının xoşuna gəlmədi və dedi ki, elə yaxşıdır gəl özün hər gün buranı təmizlə. Bunun üstündən bir neçə ay keçəndən sonra, oğlumun ilində yoldaşımın dostu icra başçısına deyib ki, Rövşənin nə anası işləyir, nə də atası. Heç olmasa, onlardan birinə iş verin.

Keçən həftənin 6-cı günü, ayın 11-də isə xəbər gəldi ki, bəs məni “Komorxoz”da süpürgəçi işinə götütürüblər. Mən hər gün səhər tezdən, alaqaranlıqdan, saat 6-dan durub, 10 manat taksiyə pul verib Təzəkənddən Quzanlıya getməli, küçə süpürməli, onun-bunun küçəyə tökdüyü zibili, araq butulkasını yığmalıyam… Çünki saat 8-ə işləmiş işdə, Quzanlıda olmalıyam…Budurmu, Şəhidə hörmət, budurmu, Şəhid anasına hörmət? Bunun adı hörmətsizlikdir, bunun adı Şəhid anasını aşağılamaqdır, bunun adı qisas almaqdır. İcra başçısı sanki fevralda onunla aramızda olan narazılığın qisasını alır bu yolla məndən….

Bu, qisasçılıqdır…Bu, biabırçılıqdır… Mən bu işi qəbul edə bilmərəm və etmədim də. Mən Şəhidimə, övladıma, onun ruhuna hörmətsizlik edə bilmərəm…Mən sizin vasitənizlə hər kəsə səslənirəm ki, Şəhidə, Şəhid anasına belə münasibət olmaz, Şəhid də, Şəhid anası da baş üstündə tutulmalıdır…Mən küçə süpürməyə pis baxmıram, küçə süpürənlər də öz əllərinin zəhməti, qabarı ilə dolanan insanlardır… Amma Şəhid anasını küçə süpürməyə göndərməzlər, onun-bunun yerə, küçəyə atdığı zir-zibili yığışdırmağı rəva bilməzlər…Bunu edən, bunu rəva görənlər utansınlar… Ayıbdır, vallah, ayıbdır!”-deyə, Şəhid anası sözlərinə əlavə edib.

Sadəcə, sözün bitdiyi yerdir və əlavə izahata da ehtiyac qalmır.

Şəhid ailəsinə, Şəhid anasına belə münasibət bütün hallarda yolverilməz və qəbuledilməzdir.

Son dərəcədə biabırçı və utancverici bir addıma, hərəkətə son qoyulmalı, Şəhid anasından üzrxahlıq edilməli və o, normal işlə təmin edilməlidir.

İnanmaq və ümid etmək istərdik ki, belə də olacaq.

Və məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə, işıqlandırmağa hazırıq.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyevlə Mişel-BİR ARADA – FOTOLAR

Read Next

“Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir