“İctimai Nəzarət Şurası müstəqil olmalıdır…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ – HİKMƏT BABAOĞLU, RAZİ NURULLAYEV, TAHİR KƏRİMLİ NƏDƏN DANIŞDILAR? – YENİLƏNİB – (1)

İnsan hüquqları komitəsinin iş planına yeni məsələ də əlavə edə bilərik.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, ölkəmizdə çoxsaylı xidmət sektoru var:

“Onların vətəndaşlara təqdim etdiyi müqavilə formasında vətəndaşların heç bir hüququ tanınmır. Müqavilə yalnız onu təklif edən tərəfin hüquqlarını qoruyur. Bununla bağlı yeni qanun layihəsi hazırlaya bilərik”.

***

“Biz ən azı ayda bir dəfə Ali Məhkəmə və Konstitusiya Məhkəməsi ilə görüşlər keçirməliyik. Bunu təxirə salmaq olmaz. Bu məsələ kağız üzərində qalmamalıdır”.

Bunu isə deputat Razi Nurullayev deyib.

Millət vəkili bildirib ki, komitə eyni zamanda insan hüquqları profilli QHT-lərlə də çox ciddi şəkildə işləməlidir.

***

“İnsan haqlarının qorunmasında ictimai nəzarət orqanlarının rolu böyük ola bilər”-deyən adıçəkilən komitənin sədr müavini Tahir Kərimli öz növbəsində təklif edib ki, ictimai nəzarətin qanunvericilik bazası yaradılsın:

“Bu, ən azından qarşıya qoyulan məqsədləri yerinə yetirməkdə faydalı ola bilər. Eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə, məmur özbaşınalığı sahəsində vətəndaşların müraciət edəcəyi qurum ola bilər. Bir çox ölkədə bu cür təşkilatlar var. Bununla bağlı qanunun hazırlanmasına da fikir verməliyik. Bu sahədə yeni yaradılacaq qanun və mövcud qanunlar əsasında vətəndaşlar bu işdə iştirak edə biləcəklər. İctimai Nəzarət Şurası da müstəqil olmalıdır”.

Komitə sədri Zahid Oruc cavabında bildirib ki, qanunvericilik təşəbbüsündə balans yaranmalı və parlamentdən olan təşəbbüslərin sayı artmalıdır:

“Parlamentdə adətən Prezident tərəfindən gələn sənədlərin müzakirəsi ağırlıq təşkil edir. Halbuki 5 subyektin bu cür təşəbbüslərlə çıxış etmək hüququ var”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bu, heç də söz azadlığına qarşı deyil…”-ZAHİD ORUC “NİFRƏT DİLİ” İLƏ BAĞLI QANUN LAYİHƏSİNİN HAZIRLANMASININ VƏ MÜZAKİRƏSİNİN NƏZƏRDƏ TUTULDUĞUNU BİLDİRDİ…

Read Next

“Komitə iclasları regionlarda da keçirilsin…”-NAQİF HƏMZƏYEVDƏN MARAQLI TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir