İdmançı, məşqçi, kiçik çavuş… Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa Fatehi…Şuşanın azad olunduğu gün Şəhidlik Məqamına ucalan-KƏRƏM SƏDDAR OĞLU VEYİSOV… – FOTOLAR

Kərəm Səddar oğlu Veyisov…

İgidlər diyarı Xaçmazın İkinci Vətən Müharibəsində 50-yə, bütövlükdə Azərbaycanın İkinci Qarabağ Savaşında 3 min Şəhidindən biri…

Və Azərbaycanın İgid, Qəhrəman Vətən sevdalılarından, Dastan yazan Oğullarından biri...

Kərəm 1998-ci ilin dekabrın 11-də Quba rayonunda dünyaya göz açıb…

Qubada anadan olsa da, uşaqlığı, yeniyetməliyi…Xaçmaz rayonunda keçib, orada yaşayıb, böyüyüb boya-başa çatıb…

Belə ki, 2005-2016-ci illərdə Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbində oxuyub, təhsil alıb…

Ailədə iki uşaq-iki qardaş olublar…

İgidimiz uşaq yaşlarından həm də bir neçə idman növünə həvəs, maraq göstərib və ən sonda kikboksinq idman növündə özünü sınamağa qərar verib…

Və bu idman növünə həvəsi, sevgisi bambaşqa, tamam fərqli olub…

Elə bu sevgi, bu həvəs də onu Zirvələrdən-zirvələrə, birinciliklərə yüksəldib, birinci yerin qalibi edib, dəfələrlə beynəlxalq idman yarışlarında, beynəlxalq idman salonlarında Azərbaycanın müqəddəs ay-ulduzlu, üçrəngli bayrağını yüksəkliklərə ucaldıb, qaldırıb,..

Kərəmin ümumilikdə 7 peşəkar döyüşü, 7 Qələbəsi, professionalla birlikdə 54 döyüşü və nə az-nə çox, düz 49 Qələbəsi olub…

Üçqat dünya, dörd dəfə ölkə çempionu olub…

2017-ci ilin yanvar ayının 27-sində hərbi xidmətə yollanan İgimiz xidmətində fərqləndiyinə görə, kiçik çavuş rütbəsinə və manqa komandirliyinə layiq görülüb və 2018-ci ilin iyulunda əsgərliyini başa vuraraq, evinə, ailəsinə dönüb…

Hərbi xidmətini başa vurduqdan sonra da idmanla məşğul olub...2019-cu ilin 5 iyul tarixində Azərbaycan budo döyüş növləri üzrə məşqçilik və kəmər idman seminarında xüsusi bacarıq nümayiş etdirərək, “1-ci Dan qara kəmər”ə və məşqçi “C” kateqoriyasına layiq görülüb…

Və “Cempion-fayt” klubu yaradaraq, qısa vaxt ərzində xeyli tələbə yetişdirib…Məşqçi olaraq keçirdiyi ilk yarışını da 20 Yanvar Şəhidlərinə həsr edib…

2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu istiqamətində baş verən ağır döyüşlər zamanı əsgərlərimizin, zabitlərimizin, General Polad Həşimovun Şəhid olması Kərəmin adını Ordumuza könüllü yazdırmasına sövq edib və 2020-ci ilin oktyabr ayının 1-dən də İkinci Vətən Müharibəsinə qatılıb…

İgidimizin şərəfli döyüş yolu isə uzun olub…Füzulidən ta Şuşayacan…

Hətta Füzuli istiqamətində ağır döyüşlərdən birində yaralansa da, yenə də inadından dönməyib, yenidən döyüş yoldaşlarının yanına qayıdıb…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Cəbrayıl, Zəngilan Qubadlı rayonlarının işğaldan azad edilməsində fəal iştirak edib və döyüş yoldaşları ona “Canavar” ləqəbi veriblər…

Hər dəfə də rayonlarımız azad olunduqca, Kərəm evlərinə zəng edərək, öz sevincini ailəsi ilə bölüşüb…

1 noyabr tarixində isə Qarabağımızın göz bəbəyi olan Şuşa uğrunda döyüşlərə atılarkən,Kərəm evlərinə zəng edərək, təfərrüatlarına varmadan, qısa şəkildə “Şuşaya qalxırıq”-deyib…

Və bu zəng İgidimizin, Şuşa fatehimizin son zəngi olub…

Həmin zəngdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb…

Və Şuşada necə deyərlər, silahsız, əlbəyaxa döyüşən İgidlərimizdən biri də məhz Kərəm olub…

Necə ki, bir çox yarışlarda bir neçə erməni rəqibini qarşısında diz çökdürüb, gözlərinin önündə bayrağımızı dalğalandırıb, döyüşlərdə də erməni murdarlarını əlləri ilə məhv edib…

Və 2020-ci ilin noyabr ayının 8-də Şuşanın azad olunduğu gün, Qələbəyə saatlar qalmış İgidimiz qəhrəmancasına həlak olaraq, Şəhidlik Zirvəsinə yüksəlib…

Canını hər şeydən çox sevdiyi Vətəni, Qarabağı uğrunda fəda edib…

Nəşi isə 3 gün sonra, 11 noyabr tarixində Xaçmaz rayonunun Qaraqurdlu kənd qəbiristanlığında torpağa tapşırılıb…

Dekabrın 11-ində anadan olub, noyabrın 11-ində, 22 yaşının tamamına bir ay qalmış əbədiyyətə uğurlanan Şəhidimiz…

Ölümündən sonra Qəhrəmanlığı, İgidliyi Azərbaycan dövləti, Ali Baş Komandan tərəfindən də dəyərləndirilib və 5 medalla – “Vətən uğrunda”, “Füzilinin azad olunmasına görə”, Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqq etdiyini də, qanı, canı bahasına qazanıb, əldə edib və daha artığına layiqdir, daha artığını Haqq edir, nur üzlü Şəhidimiz!

Şəhidimiz həm də subay olub…Ölümü, Şəhidliyi ilə arzuları, xəyalları da yarımçıq qalıb…

Məzarı cənnətlik, ruhu şad olsun-Şəhidimizin, Kərəmimizin!

***

Və 31 may 2021 -ci il…

Həmin gün Şəhid ailələrinin, Şəhid analarının Astara rayonunda növbəti görüşü zamanı Şəhidimizin anası Nərgiz ana, Nərgiz xanımla tanış oldum…

Məğrur, Qürurlu, Dik duruşlu, Əsalətli bir xanım, əsl Azərbaycan Anası…

Qarşısında baş əyiləcək, baş əyilən bir Ana…

Həm Şəhidimizin, həm də Kərəm kimi bir İgidi dünyaya gətirən Ananın-Nərgiz Ananın qarşısında baş əyirəm…

Allah Şəhidimizin məkanını cənnətlik, məqamını Ucalardan-uca etsin, nurlar içində yatsın, ailəsinə, əzizlərinə, anası Nərgiz Anaya səbrlər versin!

Azərbaycan var olduqca, Kərəm və Kərəmlər də var olacaq, yaşayacaqlar!

Heç zaman və heç zaman unudulmayacaq, unudulmayacaqlar, unudarıqsa, unudularıq, lənətlənərik!

Unutmadıq, unutdurmadıq və unutdurmayacağıq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Həyat” ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Füzuli rayonunda-TƏDBİR KEÇİRDİ VƏ… – FOTOLAR

Read Next

Ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşdı-RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir