İdmançılarımız Minskdə keçiriləcək II Avropa Oyunlarına yola salındı

İdmançılarımız və Azərbaycan nümayəndə heyəti Minskdə keçiriləcək II Avropa Oyunlarına yola salınıb.

Etikxeber.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, idmansevərlər, KİV nümayəndələri iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müduri Fərid Mansurov da Minskə yola düşən nümayəndə heyəti arasında olub.

Dövlət və hökumətin idmana qayğısından danışan idmançılarımız II Avropa Oyunlarına yüksək həvəslə yollandıqlarını vurğulayıb, bu mötəbər oyunlardan qızıl medalla qayıdacaqlarına söz veriblər.

Qeyd edək ki, II Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. İdmanın 8 növü üzrə yarışlar Tokioda 2020-ci ildə keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları dərəcəsində keçiriləcək.

2-ci-1

Oyunlar zamanı Belarus paytaxtına 4 minə yaxın idmançının, 2 minə yaxın məşqçi və xidmət heyətinin gələcəyi gözlənilir. Onlar Avropanın 50 Milli Olimpiya Komitəsindən olan rəsmi nümayəndə heyətini təmsil edəcəklər. Yarışlar idman üzrə 650 beynəlxalq, həmçinin 410 yerli hakim tərəfindən idarə olunacaq. Minskə xarici KİV-lərin mindən artıq nümayəndəsi, idmanın müxtəlif növləri üzrə Avropa federasiyalarının100-dən çox prezidenti və baş katibi, Avropa ölkələrinin idman nazirlər, EOC-un mənzil-qərargahının 250-dən çox nümayəndəsi və işçisi, Avropa MOK-larının prezidentləri və baş katibləri, Avropa MOK-un 200-dən çox qonağı, həmçinin Avropa dövlətlərinin prezidentləri, Baş Nazirləri və yüksək vəzifəli şəxsləri gələcəklər. Tədbirdə 8 minə yaxın könüllü fəaliyyət göstərəcək.

2019-cu ilin II Avropa Oyunlarının yarışları Minskin ən iri idman qurğularında, o cümlədən “Dinamo”, “Minsk-arena”, “Çijovka-arena” stadionlarında keçiriləcək.

Oyunların Minskdə təşkili və keçirilməsi Avropanın idman həyatında əlamətdar hadisədir. Bu, Belarus Respublikasının etibarını möhkəmlətməyə və Olimpiya dəyərlərinin yaxşılaşdırılmasına, sağlam həyat tərzinə, bədən tərbiyəsi və idmanın inkişafına çox böyük diqqət ayıran sosialyönümlü dövlət kimi nüfuzunu təsdiqləməyə imkan verəcək.

Oyunların iştirakçılarının və xarici azarkeşlərin qonaqpərvərliklə qarşılanması və mənzil başına rahat çatması məsələlərində Belarus paytaxtının turizm sahəsi, mehmanxana və nəqliyyat infrastrukturu tam şəkildə cəlb olunub. Bununla əlaqədar nəqliyyat xidmətinin kompleks planı hazırlanır. Planda şəhərin gündəlik tələbatı da nəzərə alınacaq.

Qeyd edək ki, iyunun 21-dən 30-dək idmançılar 200 medal dəsti uğrunda yarışacaqlar.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtında keçirilib. Qeyri-rəsmi ümumi komanda hesabında medalların dəyərinə görə Rusiya Federasiyası birinci yeri tutub. Rusiyalı idmançılar 164 mükafat, o cümlədən 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar.

Azərbaycan komandası 56 mükafat (21 qızıl, 15 gümüş və 20 bürünc) qazanıb və qeyri-rəsmi ümumi komanda hesabında ikinci yeri tutub. Belarus yığması isə 43 mükafatla (10 qızıl, 11 gümüş və 22 bürünc) yeddinci yerdə qərarlaşıb.

Etikxeber.az

Read Previous

Azərbaycana səfir vəzifəsinə 7 nəfərin namizədliyi irəli sürüldü – LİTVADA

Read Next

“Müharibədə daha çox Paşinyan maraqlıdır, çünki…” – SƏMƏD SEYİDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir