İki 15 iyun-CEYHUN MƏMMƏDOVUN NƏZƏR-NÖQTƏSİ

15 iyun Azərbaycan tarixinə həkk olunmuş iki çox böyük tarixi hadisənin yaşandığı böyük tarixi gündür. Birincisi 1993-cü ilin 15 iyunudur ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi dövlətimizin, xalqımızın Milli Qurtuluşu günü olaraq tarixə düşüb. İkincisi isə 2021-ci ilin 15 iyununda azad Şuşada Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə müttəfiqliyi rəsmiləşdirən sənəd olan Şuşa Bəyannaməsi imzalandı.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov mətbuata açıqlamasında bildirib.

“Şuşa Bəyannaməsi bu ilin fevralında hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edildi və dövlət rəhbərləri tərəfindən də təsdiqləndi. Artıq bu, rəsmi qüvvəyə minən müttəfiqlik sənədidir. Şuşa Bəyannaməsi çox böyük strateji və tarixi müqavilədir. Bu sənəd iki qardaş dövlətin strateji, hərbi müttəfiqliyini rəsmiləşdirmiş oldu. 2010-cu ildə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım barədə imzalanmış müqavilə də mövcud idi. Ancaq Şuşa Bəyannaməsi yeni reallıqlar yarandıqdan sonra imzalanıb və daha dəqiq, daha geniş əhatəli müttəfiqlik sənədidir. Azərbaycan-Türkiyə müttəfiqliyi qədər səmimi, sıx ittifaq dünyada yoxdur. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini yeni müstəviyə qaldırıb”-deyən millət vəkilinin sözlərinə görə, qısa zaman keçməsinə baxmayaraq artıq görürük ki, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində imzalanan bu bəyannamə necə böyük tarixi əhəmiyyətə malik sənəddir.

“Bu tarixi sənəd siyasi və iqtisadi məsələlər, ticarət münasibətləri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi kimi mühüm məsələləri özündə əks etdirir. Artıq bu məsələlərin bir çoxunun reallaşdırılması istiqamətində ciddi işlər həyata keçirilir. İki dost və qardaş ölkə arasında strateji əməkdaşlığı dərinləşdirən bu tarixi hadisə eyni zamanda regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, xüsusilə də Azərbaycanın sərhədlərinin toxunulmazlığına yeni imkanlar yaradır”-deyə, o, sonra bildirib.

Deputat mətbuata açıqlamasında həmçinin qeyd edib ki, bu sənəd regionda təhlükəsizliyin qorunub saxlanması, iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı baxımından da önəmlidir. Bəyannamənin ən vacib cəhətlərindən biri də hər iki ölkənin iqtisadiyyatının inkişaf etdirilməsidir. Hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyan əməkdaşlıq iqtisadi inkişafın dayanıqlığı baxımından çox mühüm məsələ hesab olunur:

 “Bu sırada Zəngəzur dəhlizindən danışmamaq mümkün deyil. Bəyannamədə Zəngəzur dəhlizi ilə əlaqələrin qurulması xüsusi əksini tapır. Bütövlükdə isə Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə yanaşı, iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradır”.

C.Məmmədov onu da deyib ki, Şuşa Bəyannaməsi türk dünyasının birləşməsinə, Azərbaycan-Türkiyə İttifaqının formalaşmasına gətirib çıxarır: 

“Ümumilikdə götürdükdə isə Şuşa Bəyannaməsi 100 il bundan əvvəl imzalanan Qars müqaviləsindən sonra Azərbaycanın təhlükəsizliyi üçün Türkiyənin önəmini bir daha təsdiqləyir. Ümumiyyətlə, əgər Qars müqaviləsi təkcə Naxçıvan Muxtar Respublikasının qarantı idisə, Şuşa Bəyannaməsi birbaşa olaraq Azərbaycanın bütövlükdə təhlükəsizliyini təmin edən bir sənəddir. Bu müqavilənin daha bir  strateji əhəmiyyəti həm də budur. Artıq Türkiyə ilə Azərbaycanın hərbi müttəfiqliyini rəsmiləşdirən ratifikasiya olunmuş sənəd mövcuddur. Eyni zamanda gələcəkdə Azərbaycanın hazırda erməni separatçıları olan bölgəsində suverenliyimizin bərpası üçün də bu müttəfiqlik sənədinin çox böyük əhəmiyyəti var. Bəyannamədə konkret qeyd edilir ki, tərəflərdən hər hansı birinin suverenliyinə, ərazi bütövlüyünə təhlükə olarsa, müdaxilə olarsa, müttəfiq tərəf müdaxilə edəcək və öz müttəfiqini qoruyacaq. Odur ki, Türkiyə bundan sonra istənilən vaxt öz silahlı qüvvələri ilə Azərbaycanın müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib”.

Etikxeber.az

Read Previous

İki Şəhid-Ramiq Mikaylov və Böyükağa Şahverdiyev: ŞƏHİD BAŞ LEYTENANTIN ANASI VƏ QARDAŞI HƏLƏ DƏ EVSİZ-EŞİKSİZDİR…24 YAŞLI ŞƏHİD BÖYÜKAĞANIN İSƏ BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB

Read Next

Bu iki ölkə arasında sərhəd dirəkləri-YIĞIŞDIRILR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir