İki Emin, iki peşəkar hərbçi, ikisi də Şəhid-İmişlili Emin Süleymanov və Şahbuzlu Emin Sadiqov-İKİSİNİN DƏ SABAH-21 İYUL TARİXİNDƏ CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜDÜR…

İmişli rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən Emin Bəhmən oğlu Süleymanovun doğum günüdür.

Emin Süleymanovun sabah-21 iyul 2026-cı il tarixində 49 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, 1977-ci ilin iyul ayının 21-də İmişli rayonunun Xubyarlı kəndində dünyaya gələn Emin Süleymanov ailənin 7 övladından biri idi.

Ailədə 5 qardaş, 2 bacı olublar.

İki qardaş və bir bacısını, o cümlədən atasını illər öncə itirib.

Qardaşlarından biri 20 Yanvar Şəhidlərindən, biri isə Birinci Qarabağ Savaşının Qazisi olub.

1983-1992-ci illərdə orta məktəbin rus bölməsində oxuyub, 1992-95-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib.

1995-99-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali hərbi təhsilə yiyələnib, ona Leytenant hərbi rütbəsi verilib.

Sonrakı illərdə Mayor rütbəsinəcən yüksəlib.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.

43 günlük şərəfli döyüş yolu keçib.

Şuşanın azad edilməsindən bir gün sonra, İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış, noyabr ayının 9-da isə Şuşa-Laçın dəhlizi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Şəhidliyi barədə isə həmin gün ailəsinə, həyat yoldaşına məlumat verilib.

Ancaq nəşi 4 gün sonra, 2020-ci ilin noyabr ayının 13-də doğulub boya-başa çatdığı İmişlinin Xubyarlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

O, Xubyarlının yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Emin Süleymanov eyni zamanda, ailəli olub, iki övladı-bir qızı və bir oğlu Vətənə əmanət qalıb.

O, həm də 2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından, Qəhrəmanlarından olub.

İstər Şəhidliyindən öncə, istərsə Şəhidliyindən sonra həm Ali Baş Komandanın sərəncamları, həm də Müdafiə nazirinin əmri ilə bir neçə medalla təltif olunub.

Eyni zamanda, bu ilin 25 iyun tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni təltif olunub.

***

Sabah həm də Naxçıvanlı, Şahbuzlu İkinci Vətən Müharibəsi Şəhidi Emin Rəşadət oğlu Sadiqovun Cənnətdəki altıncı doğum günü, mövlududur.

Emin Sadiqovun sabah 29 yaşı tamam olur.

Əslən Şahbuzlu Emin Sadiqov 21 iyul 1997-ci il tarixində Şahbuzkənd kəndində dünyaya gəlib…

Evin-ailənin tək və subay övladı olub…

10 yaşında atasını itirib…

Həmin vaxtdan anası Gülşad xanım ona həm analıq, həm də atalıq edib…

Sonra Naxçıvan şəhərinə köçüblər…

10 ildən çox anası ilə kirayədə yaşayıblar…

2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə oxuyub, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali-hərbi təhsilə yiyələnib..

Leytanant kimi Qazax rayonu istiqamətində “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb…

İkinci Vətən Müharibəsi zamanı-okyabrın 1-də isə özü könüllü şəkildə Vətənin müdafiəsinə atılıb…

Yaralanmasına baxmayaraq, yenə də döyüş yoluna davam edib…

2020-ci ilin 26 oktyabr tarixində isə Vətən yolunda qəhrəmancasına Şəhid olub…

Nəşi dörd gün sonra-oktyabrın 30-da Şahbuzkənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

Anası Gülşad xanımın dediyinə görə, Emin 2015-2019-cu illər buraxılışından olan 35 Şəhiddən biridir…

32-si İkinci Vətən Müharibəsində, 3-ü isə sonrakı əməliyyatlarda Şəhidlik məqamına ucalıblar…

Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Dünya birinciliyinin oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq nümayiş etdirərək azarkeşlərinə unudulmaz anlar bəxş etmiş İspaniya futbolçularına yeni-yeni uğurlar arzulayıram”-İLHAM ƏLİYEV

Read Next

Şəhid və Qazi atası İlqar Əliyev və İkinci Vətən Müharibəsi iştirakçısı Fuad Həsənov-BU GÜN HƏR İKİ QAZİNİN DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir