“İki ildən çoxdur şəkilləri ilə təsəlli tapmağa çalışıram…”-GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, GİZİR, AİLƏNİN TƏK OĞLU, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN LACIN RASİM OĞLU ALIYEVİN ANASI MƏLAHƏT CAVADOVA – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün-23 may 2023-cü il tarixində, günorta saatlarında daha bir Şəhidimizin ailəsinə baş çəkdim…

Daha bir Vətən sevdalısı, Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidinin ailəsini, ocağını ziyarət etdim…

Qəhrəman Goranboyumun Yəhərçi Qazaxlar kəndinin yeganə İkinci Qarabağ Savaşı Şəhidi Laçın Rasim oğlu Alıyevin düz 2 il 7 aydır yolunu gözləyən ocağında, ailəsində oldum, anası Məlahət xanımla və Naftalan şəhərində yaşayan bacısı Pərvin xanımla bir araya gəldim…

Şəhidimizin anasına, bacısına, doğmalarına Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Müqəddəs ruhu və ailəsi qarşısında baş əydiyimi bildirim…

Hər zaman Şəhidimizə, Şəhidlərimizə, onları bu Vətən üçün yetişdirən Qəhrəman ailələrə, valideynlərə borclu olduğumu, borclu olduğumuzu dilə gətiridim…

Şəhidimizi, Şəhidlərimizi, Şəhid ailələrini heç zaman unutmağa, yaddan çıxarmağa haqqım, haqqımız olmadığını söylədim…

Şəhidimizin anası – dil-ədəbiyyat müəllimi Məlahət xanımla və bacısı Pərvin xanımla söhbətləşdim, dərdləşdim…

Şəhidimizin keçdiyi qısa, lakin şərəfli həyat, hərb və döyüş yoluna onlarla birlikdə nəzər saldım…

Əsl Şəhid ömrü, əsl Qəhrəman ömrü…

Əsl Şəhid yolu, əsl Qəhrəman yolu…

Qürurlu, Fəxrli bir ömür, həyat yolu…

***

Qeyd edim ki, Şəhidimiz 1992-ci ilin yanvar ayının 22-də Goranboyun Yəhərçi Qazaxlar kəndində, ziyalı ailəsində dünyaya gəlib…

Ailənin üç övladından biri, iki bacının tək qardaşı, evin tək oğlu olub…

Atası Rasim kişini Şəhidliyindən iki il öncə, 2018-ci ildə itirib…

1998-ci ildə Yəhərçi Qazaxlar kənd Hafiz Sarıyev adına tam orta məktəbə gedib və 2009-cu ildə həmin məktəbi bitirib…

Məktəbi bitirdikdən bir neçə ay sonra, 2010-cu ilin yanvarın 22-də, 18 yaşının tamamında Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb…

2011-ci ilin iyulun 1-də Əsgərliyini başa vurub, evinə-ailəsinə dönüb…

Ancaq cəmi bir neçə aydan sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb…

2012-ci ilin noyabrın 23-də Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində Gizirlik kursuna gedib və həmin kursu bitirdikdən sonra, 2013-cü ilin aprelin 27-də Beyləqan rayonunda “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb…

Bir peşəkar hərbçi, Gizir, bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsi başlayan ilk gündən də döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

Bir aya yaxın şərəfli döyüş yolu keçib…

Xocavənd, Hadrut, Cəbrayıl, Füzuli və Zəngilanın işğaldan azad edilməsində iştirak edib, döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Və oktyabr ayının 25-də Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Axırıncı dəfə isə Şəhidliyindən bir gün öncə, oktyabrın 24-də səhər və günorta saatlarında anası, ailəsi ilə danışıb…

Anası Məlahət xanımın dediklərindən:

“Axırıncı dəfə Şəhidliyindən bir gün öncə, ayın 24-də səhər saatlarında, 9-ə 15 dəqiqə işləmiş və 15:30 radələrində danışdım…Gördüm ki, səsi birtəhər gəlir…Sən demə, balam ən qanlı döyüşlərin içindəymiş, bilirmiş hara gedir…25-i günü nə qədər gözləsəm də, ondan zəng gəlmədi, narahat oldum…Sən demə, balam səhər tezdən bir neçə döyüş yoldaşı ilə Şəhid olubmuş…Həmin gün axşam saatlarında isə nəşi gətirildi…Hansı ki, kənddə hamının xəbəri olsa da, mənim balamın Şəhidliyindən xəbərim olmayıb…Nəşi gətirilən yaxın mənə xəbər verildi (gözləri dolur)…Allah heç bir ananın, valideynin başına gətirməsin…Bala, övlad dərdi çox ağır və dözülməzdir… İki il yeddi aydır şəkilləri ilə təsəlli tapıram…”

Nəşi bir gün sonra, oktyabrın 26-da Yəhərçi Qazaxlar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən əvvəl iki medalla, Şəhidliyindən sonra isə 4 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub…

Ancaq bu günə kimi Şəhidimiz Haqq etdiyi ail ordenlərimizdən biri ilə təltif olunmayıb…

Ailəsi, anası Məlahət xanım isə övladının, Şəhidinin ali ordenlərimizdən biri ilə təltif olunmasını istəyir və həmin günü səbrsizliklə gözləyir…

Şəhidimiz həm də ailəli olub, 2017-ci ilin sentyabrında ailə həyatı qurub…

Cavid adlı oğlu və Aylin adlı qızı Vətənə əmanət qalıb…

Ziyarət zamanı Şəhidimizin anası Məlahət xanıma-Məlahət Səfər qızı Cavadovaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim…

Şəhidimizin anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid anası Tünzalə Abduləlimovaya minnətdarlığını bildirdi…

Məqamı bir daha uca, dərgahı bir daha mübarək olsun-Şəhidimizin!

Nur içində uyusun!

Xatirəsi daim qəlbimizdə yaşayacaq!

***

FOTOLAR:

14:52

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Axundova Mərdəliyevlə-ƏVƏZLƏNDİ – YENİLƏNİB

Read Next

“Ağır və çətin olan hərb yolunu, hər sənətini seçdiyimə görə heç zaman təəssüflənmədim, peşmançılıq hissi keçirmədim…”-APREL DÖYÜŞLƏRİ VƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI, ALİ TƏHSİLLİ PEŞƏKAR HƏRBÇİ, MAYOR, BİR NEÇƏ MEDALLI-QAZİ YADİGAR SADİQOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir