Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Baş leytenant Ramil Taqət oğlu Babayevin sabah Anım Günüdür.
Sabah Ramil Babayevin Əbədiyyətə uğurlanmasından 3 il ötür.
Şəhidin Anım günü ilə bağlı sabah-31 yanvar tarixində, saat 11:30-da Kürdəmir rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar olunacaq, “Quran” oxunacaq.
Qısa çıxışlar ediləcək, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.
Məzarı ziyarətdən sonra ailəsinin yaşadığı evdə Anım mərasimi düzənlənəcək, adına ehsan süfrəsi açılacaq, bir daha ruhuna dualar ediləcək.
Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, Şəhid ailələri, hərbçilər, yerli ziyalılar, Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak edəcəklər.
Etikxeber.az-ın xəbərinə görə, 1991-ci ilin dekabr ayının 12-də dünyaya gələn Ramil Babayev evin-ailənin dörd övladından biri olub.
Ailədə 2 qardaş, 2 bacı olublar.
O, 15 yaşında, 9-cu sinfi bitirdikdən sonra həyatını hərblə bağlayıb, əvvəlçə Naxçıvanski adına Hərbi Liseyi bitirib, sonra Hərbi Akademiyaya daxil olub və oranı başa vurub.
Ramil Babayev 2016-ci ilin Aprel döyüşlərinin iştirakçısı olub.
İkinci Vətən Müharibəsi başlayan zaman isə Murovdağ istiqamətində döyüşlərdə olub və müharibənin 3-cü günündə, sentyabrın 29-da Şəhadətinə qovuşub.
Ancaq nəşini düz 4 ay iki gündən sonra əldə etmək mümkün olub və 2021-ci ilin yanvarın 31-də Kürdəmir rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 3 medalla-“İgidliyə görə”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə ilə təltif olunub.
Ramil Babayev həm də ailəli, iki övlad-bir qız və bir oğlan atası olub.
Adını daşıyan oğlu-balaca Ramil Babazadə Şəhidin dəfnindən 14 gün öncə dünyaya gəlib.
Həmçinin, İkinci Vətən Müharibəsində Ramil Babayevin iki tələbə, iki otaq yoldaşı və iki dostu – Şabranlı Tərlan, İmişlili Cavid də Şəhid olub, Şəhidlik məqamına ucalıblar.
Məkanı cənnətlik, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





