İkinci Qarabağ Savaşı Şəhidləri-Goranboylu, 3 medallı Vüsal Nağıyev və Bərdəli-“Qarabağ” ordenli Asəf Əsgərov: HƏR İKİ ŞƏHİDİN BU GÜN 33 YAŞI TAMAM OLUR…

İkinci Vətən Müharibəsi Şəhidlərindan daha ikisinin-Vüsal Əmirastan oğlu Nağıyev və Asəf İlqar oğlu Əsgərovun bu gün doğum günüdür. 

Bu gün hər iki Şəhidin-həm Vüsal Nağıyevin, həm də Asəf Əsgərovun 33 yaşı tamam olur.

Həm də hər iki Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, ailənin 4 övladından biri Vüsal Nağıyev 1990-cı ilin mart ayının 5-də Goranboyun Baş Qışlaq (Buzluq) kədində anadan olub.

Onun doğum tarixi 10 yanvar 1990-cı il kimi göstərilsə də, əslində 1990-cı ilin mart ayının 5-də dünyaya gəlib.

13 ilin peşəkar hərbçisi olan Vüsal Nağıyev İkinci Vətən Müharibəsinin ilk günündən oktyabr ayının 30-na kimi döyüşlərdə olub, Kəlbəcər-Murov, Suqovuşan-Ağdərə istiqamətlərində vuruşub.

Və oktyabrın 30-da qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.

Kəndləri-Buzluq cəbhə xəttinə yaxın olduğu üçün nəşi bir gün sonra, oktyabrın 31-də Goranboyun Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Vətənə iki oğul övladı əmanət qalıb.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Ancaq Şəhidin orden Haqqı hələ də tanınmayıb və ailəsi Vüsal Nağıyevin də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Cənnətdəki üçüncü ad günü ilə bağlı bu gün səhər saatlarında ailəsi-anası Cəmilə Nağıyeva, bacısı Cəmalə xanım, qardaşı Tural Nağıyev və digər yaxınları, Goranboylu, Qızılhacılılı Şəhid ailələri tərəfindən məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, sonra Goranboy rayon məscidində adına ehsan süfrəsi açılacaq.

***

“Qarabağ” ordenli Asəf Əsgərovun doğum günü 19 fevral 1990-ci il kimi qeyd olunsa da, onun da doğum tarixi əslində 1990-ci ilinn mart ayının 5-dir.

O, Bərdənin Boyəhmədli kəndində anadan olub.

Orta məktəbi bitirdikdən, Əsgərliyə getdikdən sonra həyatını Ordu ilə bağlayıb.

Əsgərliyi də daxil olmaqla, 13 ilin peşəkar hərbçisi-əvvəlcə MAXE, sonra isə Gizir, tank komandiri olub.

Həm Aprel, həm İyul döyüşlərində iştirak edən Asəf ilk gündən İkinci Vətən Müharibəsinin də savaşçılarından olub.

 Və Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərin birində, sentyabrın 29-da qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına ucalıb.

Neytral zonada qaldığı üçün bir neçə gün nəşini əldə etmək mümkün olmayıb. 

Yalınız oktyabrın 12-də nəşini götürmək mümkün olub və elə həmin doğulub boya-başa çatdığı Boyəhmədlidə (Mustafaağalı) dəfn edilib.

Asəfgil ailədə 3 övlad-3 qardaş olublar.

Özünün isə iki övladı-Emili və Kənanı Vətənə əmanət qalıb.

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Şəhidin ailəsinin-xanımının və övladlarının yaşadığı evdə adına ehsan veriləcək.

Hər iki Şəhidin məkanları cənnətlik, ruhları şad, Cənnətdəki üçüncü doğum günləri, 33 yaşları mübarək olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bakının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Teymurovun Cənnətdəki üçüncü doğum günündə-MƏZARI ZİYARƏT EDİLDİ, OXUDUĞU MƏKTƏBDƏ TƏDBİR DÜZƏNLƏNDİ, ADINA EHSAN SÜFRƏSİ AÇILDI – FOTOLAR – YENİLƏNİB

Read Next

Ceyhun Bayramov Qətərə işgüzar səfərə-GETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir