İkinci Şəhidlər Xiyabanı: Canları, qanları ilə Vətəni Vətən edən Oğullar, Şəhidlər-AZƏRBAYCANI BİR GECƏDƏCƏ DƏYİŞMİŞ POLAD HƏŞİMOV, BAŞ LEYTENANT CEYHUN NƏHMƏTOV VƏ LEYTENANT TEYMUR MƏCİDZADƏ… – FOTOLAR

Bu gün İkinci Fəxri Xiyabana-İkinci Şəhidlər Xiyabanına getmişdim…

Nur üzlü Şəhidlərimizi, öz qanları, öz canları ilə Vətəni Vətən edən, Dastan yazan Oğullarımızı ziyarət etməyə…

Çox həyəcanlı idim, çox həyəcanlı bir mənzərə, çox həyəcanlı anlarıydı..

Şəhidlərimizin də hər biri bir İgid, bir Qəhrəman, bir Fateh, bir Cəngavər…

Hamısının da qarşısında dərin ehtiram və minnətdarlıqla baş əyiləcək Vətən Oğulları…

İlk öncə İyul-Tovuz hadisələri zamanı Şəhid olmuş, Şəhidliyi ilə də bir gecədəcə, bir andaca Azərbaycanımızı dəyiımiş, Xalqımızı öz torpaqları uğrunda mübarizəyə daha da səfərbər etmiş general-mayor, Milli Qəhrəman Polad Həşimovun məzarını ziyarət etdim…

Polad kimi Polad Oğul…

Polad iradəli Polad Həşimov, Polad Paşa…

Sonra İyul-Tovuz hadisələrinin Qəhrəmanlıq dastanı yazan İgidlərindən, Şəhidlərindən polkovnik, Milli Qəhrəman İlqar Mirzəyevin və Arpel döyüşlərinin Qəhrəmanlarından olan Milli Qəhrəman, Qubadlıda anadan olub, İkinci Vətən Müharibəsi günlərində də Qubadlıda Şəhid olan polkovnik Şükür Həmidovun məzarlarını ziyarət etdim…

Daha sonra sıra ilə digər Şəhidlərimizin hamısının məzarlarını bir-bir ziyarət etdim…

Şəhidlər Xiyabanında olarkən iki çox duyğusal məqamla da rastlaşdım…

Məzarları ziyarət edərkən Şəhidlərimizdən birinin məzarı başında başdaşını qucaqlayıb öpən, ağlayan bir gənc xanım diqqətimi cəlb etdi…

Yaxınlaşdım, əvvəlcə heç nə soruşmadım, soruşmağa ürək etmədim, sanki donub qalmışdım gördüyüm mənzərdən…

Çox hüznlü, kədərli bir an, mənzərə idi…

Sonra özümü ələ alıb, həmin gənc xanımdan Şəhidimizlə bağlı bəzi mətləbləri, məlumatları öyrəndim…

Adı Nərgiz olan gənc xanım dedi ki, Şəhidimiz-Baş leytenant Nəhmətov Ceyhun Ehtiqat oğlu onun nişanlısı imiş…

Düz bir il öncə-elə bu gün, 26 yanvar tarixində nişanlanıblarmış, toyları olacaqmış…

Amma…

26 yaşlı hərbçimiz, Dövlət Sərhəd Xidmətinin (DSX) Baş leytenantı Ceyhun Nəhmətov İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb, vuruşub, döyüşüb və Zəngilan uğrunda döyüşlərdə qəhrəmancasına həlak, Şəhid olub…

Özü də 26 yaşının tamamından iki ay sonra və Şuşanın azad olunduğu gün…

1994-cü ilin sebtyabrın ayının 8-də dünyaya göz açıb, 2020-ci ilin nöyabrın 8-də isə gözlərini dünyaya əbədiyyən yumub, Vətən torpaqları uğrunda canından keçib, Şəhid olub…

Bəylik paltarı ağ kəfəni olub…

Sumqayıtlı olan Nərgiz xanımın dediyinə görə, Ceyhun əslən Şamaxılı olsa da, Mərdəkanda yaşayıb…

Anasını da vaxtsız itiribmiş…Atası və qardaşı ilə birlikdə yaşayırlarmış…İndisə…

Nərgiz xanımla bir az söhbətləşdikdən, başsağlığı verdikdən, səbr dilədikdən sonra sağollaşıb, ayrılıram…

İkinci çox duyğulu, çox kədərli məqam isə Şəhidimiz Teymur Tehran oğlunun məzarı başında yaşandı…

4 yaxını, o cümlədən, anası ziyarətinə gəlmişdi Şəhidimin…

Ana fəryad edirdi…

1992-ci ilin onuncu, oktyabr ayının 10-da olan Şəhidimiz-Leytenant Məcidzadə Teymur Tehran oğlu 28 yaşının tamamından düz 29 gün sonra, 2020-ci ilin noyabrın 9-da Şəhidlik məqamına Ucalıb…

Məqamı Ucalardan Uca olsun, Şəhidimizin…

Şəhid anasının ağıları, sözləri hələ də qulaqlarımdan getməyib…

“Anan ölsün, ay bala…Anasını gözüyaşlı qoyan balam…Qapıdan boynunu aşağı əyib, yan-yana girən oğlum…Enlükürək, hündürboylu oğlum…Anan enli kürəyinə, hündür boyuna qurban olsun, ayoğul…Mən qaldım, sən getdin… oğul…”

Nə dərdli Anaya, nə də Şəhidimizin yaxınlarına bir söz deyə bildim…

Sözlər, kəlmələr düyünlənib qaldı boğazımda…

Nur içində yatsın, Şəhidim, nur içində yatsınlar, Şəhidlərimiz!

Məkanları cənnətlik, məzarları behiştlik olsun!

Şəhidlər ölməz, Vətən bölünməz!

26.01.2021

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə birdəfəlik-MÖHLƏT HÜQUQU VERİLƏCƏK

Read Next

Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili-XİN-Ə ÇAĞIRILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir