Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidi-Bərdəli Ərəstun Arif oğlu Xıdırov və 16 noyabr 2021-ci il tarixində Vətən yolunda canını fəda edən 7 Şəhiddən biri- Mingəçevirli (əslən Ağdamlı) Elmin Samir oğlu Əlizadənin doğum günüdür.
Sabah-18 mart 2025-ci il tarixində Ərəstun Xıdırovun 27 yaşı, Elmin Əlizadənin 22 yaşı tamam olur.
Ərəstun Xıdırovun Cənnətdəki beşinci, Elmin Əlizadənin isə Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, əslən Laçınlı MAXE Ərəstun Xıdırov 1998-ci ilin mart ayının 18-də Bərdədə, sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri olub.
Bacısı hazırda ailəli, qardaşı isə subaydır.
İkinci Vətən Müharibəsindən cəmi bir ay öncə MAXE kimi fəaliyyətə başlayıb.
İkinci Qarabağ Savaşı zamanı isə Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.
Oktyabrın 16-da nəşi Bərdəyə gətirilərək, Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra iki medalla-“Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Ailəsi, valideyinləri isə övladlarının həm də ordenlə təltif olunmasını istəyirlər.
Şəhidin dayısı da Şəhiddir, o, Birinci Vətən Müharibəsi zamanı Şəhidlik məqamına ucalıb.
Ərəstun həm də subay olub.

***

Cəmi 8 ayın Əsgəri olan Elmin Samir oğlu Əlizadə isə 2003-cü ilin mart ayının 18-də anadan olub.
Əslən Ağdamlı olan Elmin Mingəçevir şəhərində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu olub.
Tək bacısı, kollec təhsilli Aysu Əlizadə hazırda nişanlıdır.
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2021-ci ilin yazında Əsgərliyə, Vətənin keşiyinə yollanıb.
Azərbaycan Ordusun Əsgəri kimi 2021-ci ilin noyabr ayının 16-da Ermənistanın növbəti təxribatı nəticəsində Laçın istiqamətində baş vermiş döyüşlər zamanı Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra cəmi bir medalla-“Vətən uğrunda” medalı ilə təltif olunub.
Valideynləri isə övladlarının həm digər medallarla və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edirlər.
Elmin də subay olub.
***
Sabah həm də Mingəçevirli Antiterror Şəhidi Cavid Ceyhun oğlu Əliyevin doğum günüdür.
Cavid Əliyevin sabah 21 yaşı tamam olur və bu, Onun Cənnətdəki ikinci doğum günüdür.
Qeyd edək ki, Cavid Əliyev 2004-cü ilin 18 mart tarixində Mingəçevir şəhərində-sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç oğlan övladından biri, evin ortancıl oğlu olub.
Hər iki qardaşı subaydır.
Orta məktəbi Mingəçevir şəhərində, sonra bir müddət Bakı şəhərində oxuyub, 9 illik təhsil alıb.
2022-ci ilin aprelində isə həqiqi hərbi xidmətə yollanıb, Qubadlı istiqamətində qulluq edib.
Əsgərliyinin bitməsinə 11 gün qalmış, 2023-cü ilin sentyabr ayının 19-da-23 saatlıq antiterror əməliyyatı zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi sentyabrın 21-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Cavid də digər iki Şəhidimiz kimi subay olub.
***

Onu da qeyd edək ki, bu gün Elmin Əlizadə və Cavid Əliyevin Mingəçevir Şəhidlər Xiyabanı, Ərəstun Xıdırovun isə Bərdə Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunacaq.
Məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar ediləcək, “Quran” oxunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək, qısa çıxışlar olunacaq.
Şəhidlərin məzarlarını ziyarətdən sonra Mingəçevir və Bərdədə məclis düzənlənəcək, adlarına ehsan süfrələri açılacaq.
Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az