Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah İkinci Vətən Müharibəsi Şəhidlərindən-Bərdəli, Əfsanəvi Xüsusi Təyinatlı Devran Fazil oğlu Naibovin (Nayıbovun) doğum, Bakılı, Binəqədili Vüsal Aftandil oğlu Məmmədov isə Anım Günüdür.
Cənnətdəki dördüncü doğum günü olan Devran Naibovun sabah-29 noyabr 2024-cü il tarixində 31 yaşı tamam olur.
Nəşi uzun müddət tapılmayan, sabah Anım Günü olan Vüsal Məmmədovun isə Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından dörd il ötür.
Etikxeber.az xəbər verir ki, Devran Fazil oğlu Naibov 1993-cü ilin noyabrın 30-da Bərdədə dünyaya gəlib.
Ailədə 3 qardaş, 1 bacı olublar.
Bacısı və qardaşlarından biri hazırda ailəli, digər qardaşı isə Azərbaycan Ordusunun Əsgəridir.
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və həyatını Ordu, hərb ilə bağlayıb.
Peşəkar hərbçi-Kiçik gizir kimi Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib.
Həm 2016-cı il Aprel, həm də 2020-ci il İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub, igidliyinə, qəhrəmanlığına görə, diplomlarla, medallarla təltif olunub.
İkinci Vətən Müharibəsinin də ilk dəqiqələrindən döyüşlərdə olub.
Və Füzuli-kənd Horadiz istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəlib.
Nəşi oktyabrın 8-də Bərdə rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 5 medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Ailəsi, valideynləri isə övladlarının həm də “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunmasını istəyirlər.
Hazırda Bərdədə adını daşıyan küçə var.
Devran həm də subay olub.
***
Vüsal Aftandil oğlu Məmmədov isə 1997-ci ilin iyun ayının 2-də Bakı şəhərində sadə bir ailədə dünyaya gəlib…
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…
Ondan 8 yaş böyuk olan bacısı-həm kollec, həm də universitet təhsilli (hazırda da Milli Aviasiya Akademiyasında oxuyur) Gülnar xanım bir övlad anasıdır…
Vüsal cəmi üç yaşında olarkən 36 yaşlı cavan atasını itirib…
O vaxtdan-2000-ci ildən anası-cəmi 35 yaşlı Mahirə xanım həm ona, həm də bacısına həm analıq, həm də atalıq edib…
Vüsal 2003-cü ildə Binəqədi kəndində yerləşən 179 saylı tam orta məktəbin 1-ci sinifinə gedib, daha sonra-8-ci sinifdən isə təhsilini Binəqədi qəsəbəsində yerləşən 182 saylı tam orta məktəbdə davam etdirib…
2014-cü ildə orta məktəbi bitirib və həmin il Milli Aviasiya Akademiyasının “Hava hərəkətinin idarəolunması mühəndisliyi” ixtisasına qəbul olunub…
Ali təhsilini başa vurduqdan sonra, 2019-cu ilin aprelində həqiqi hərbi xidmətə yollanıb…
Əsgərliyinin başa çatmasına 3 gün qalmış-2020-ci ilin sentyabr ayının 27-də İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar döyüşlərə qatılıb…
Şərəfli döyüş yolu 16 gün çəkib…
2020-ci ilin oktyabr ayının 12-də isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb…
Nəşi yalnız 47 gündən sonra, noyabr ayının 28-də tapılıb, Bakı şəhərinə gətirilib və bir gün sonra Binəqədi Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub…
Anası Mahirə xanım isə övladının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…
Cəmi 23 yaşında Şəhidlik məqamına ucalan Vüsal da subay olub…
Məkanları cənnətlik, məqamları Uca olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az