Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən daha ikisinin doğum günüdür.
İkinci Qarabağ Savaşı Şəhidləri-Bərdəli Elməddin Yusifov və Ağdamlı Məhəmmədəli Məhəmmədəlizadənin bu gün Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Elməddin Yusifovun 28, Məhəmmədəli Məhəmmədəlizadənin isə 31 yaşı tamam olur.
Etikxeber.az-ın xəbərinə görə, Elməddin Mahir oğlu Yusifov 1995-ci ilin aprelin 28-də Bərdənin Mirzalıbəyli kəndində sadə bir ailədə anadan olub.
Ailədə üç övlad, iki qardaş, bir bacı olublar.
Bacısı hazırda ailəli, iki övlad anasıdır.
Atası Birinci Qarabağ Savaşının iştirakçılarından olub, müharibə veteranıdır.
Elməddin İkinci Vətən Müharibəsindən 6 gün öncə, 21 sentyabr 2020-ci il tarixində səfərbərliyə cəlb olunub.
Sentyabrın 27-dən Şəhidliyinə kimi isə Suqovuşanda, Talışda, Murovdağda döyüşüb, vuruşub.
Və oktyabrın 30-da Murovdağda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi iki gün sonra, noyabrın 2-də, günorta saatlarında ailəsinə təhvil verilib və elə həmin gün Mirzalıbəyli kənd qəbiristanlığında, Şəhidlər məzarlığında dəfn olunub, Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları və 2022-ci ilin 5 noyabr tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qardaşı, 1999-cu il təvəllüdlü Məhəbbət Yusifov da İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.
Məhəbbət Elməddindən 8 gün sonra, 29 sentyabr tarixində səfərbərliyə cəlib olunub və oktyabrın 7-dən qardaşının Şəhidliyinə, dəfninə, 2 noyabr tarixinə kimi döyüşlərdə iştirak edib.
Hər iki qardaş həm də subay olub.

Evin-ailənin tək oğlu Məhəmmədəli Asif oğlu Məhəmmədəlizadə isə 1992-ci ilin aprelin 28-də Ağdamın Güllücə kəndində dünyaya gəlib.
1993-cü ilin yayında Ağdamın işğal olunması ilə əvvəlcə Bərdədə, sonra isə Ağdamın İkinci Dördyol qəsəbəsində məskunlaşıblar.
Orta məktəbi bitirdikdən sonra, 2010-2011-ci illərdə Azərbaycan Ordusunda xidmət edib.
Əsgərlikdən döndükdən sonra bir müddət müxtəlif sahələrdə çalışıb.
Son 5 ildə isə həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsi zamanı da ilk gündən döyüşlərdə olub və müharibənin 10-cu günündə, oktyabrın 6-dan 7-nə keçən gecə elə doğulub boya-başa çatdığı Ağdam rayonunda qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.
Ancaq nəşi 4 gün sonra, oktyabrın 11-də Quzanlı Şəhidlər Xiyabanında Əbədiyyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” və Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəsi, valideynləri isə övladlarının digər medallarla və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Məhəmmədəli də subay olub.
Hər iki Şəhidimizin məkanları cənnətlik, məqamları Uca, Cənnətdəki üçüncü doğum günləri mübarək olsun!
Nur içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





