İkinci Vətən Müharibəsi Şəhidləri: Ailənin tək və subay oğlu Bəxtiyar Aslanov və anası tərəfindən təkbaşına böyüdülən tək övlad Ramal Məmmədov-BƏXTİYAR ASLANOVUN 23, RAMAL MƏMMƏDOVUN 21 YAŞI TAMAM OLUR…

Daha iki İkinci Vətən Müharibəsi Şəhidinin ad günüdür.

Naftalanlı (Şuşalı) Bəxtiyar Aslanov və Gəncəli Ramal Məmmədovun.

Bəxtiyar Aslanovun Cənnətdəki ilk, Ramal Məmmədovun isə ikinci ad günü, mövlududur.

Bəxtiyar Aslanovun 23, Ramal Məmmədovun isə 21 yaşı tamam olur.

Əslində isə Ramal Məmmədovun ad-doğum günü yanvar ayının 1-dir.

Etikxeber.az-ın xəbərinə görə, 1998-ci il 28 dekabr təvəllüdlü, evin-ailənin iki övladından biri, tək oğul Bəxtiyar Aslanov İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub.

Ancaq Bəxtiyar Aslanovdan müharibənin elə ilk günlərindən xəbər almaq mümkün olmayıb.

Axırıncı dəfə anası-musiqi müəllimi Tünzalə Zöhrabova ilə danışıb, ondan sonra-sentyabrın sonlarından Bəxtiyardan heç bir xəbər çıxmayıb.

Bəxtiyarın Şəhidliyi dörd ay yarım sonra təsdiqlənib və nəşi bu ilin 13 fevral tarixində, səhər saatlarında doğulub boya-başa çatdığı Naftalana şəhərinə gətirilib.

Ancaq anasının arzusu ilə Naftalanda deyil, Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Bəxtiyar həm də subay olub.

***

Cənnətdəki ilk ad günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.

Ziyarətdə Şəhidin anası və tək bacısı, yaxınları, Naftalan, Goranboy, Şuşa, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, NaftalanŞuşa şəhər icra hakimiyyətlərinin məsul nümayəndələri və başqa şəxslər iştirak edəcəklər.

Ziyarətdən sonra Naftalan şəhərində yerləşən “Ay-Ulduz” şadlıq sarayında mərasim keçiriləcək.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, Şəhidin ruhuna dualar ediləcək, adına ehsan veriləcək.

***

Anası tərəfindən təkbaşına böyüdülən və tək övlad, 2000-ci il 1 yanvar doğumlu, Gəncəli Ramal Məmmədov isə İkinci Vətən Müharibəsində Əsgər kimi iştirak edib və oktyabrın 1-də Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Ramal Məmmədovun Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim isə bu gün saat 15:00 radələrində Gəncədəki şadlıq evlərindən birində keçiriləcək.

Mərasimdə Gəncədən, Samuxdan, Ağcabədidən, Bakıdan, Goranboydan və digər bölgələrdən olan Şəhid ailələri iştirak edəcəklər.

Ramal Məmmədov da subay olub.

Allah hər iki Şəhidin məkanını cənnətlik etsin!

Nur içində yatsınlar!

Cənnətdəki ad günləri mübarək olsun!

Allah ailələrinə, əzizlərinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

306 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Read Next

Bu nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində-ÇALIŞACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir