İkinci Vətən Müharibəsi Şəhidləri-Bərdəli Baxış Rəhimli və Bakılı Mirsafa Rzayev-SABAH HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNLƏRİDİR…

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Baxış İlqar oğlu Rəhimlinin doğum günüdür.

Sabah-19 fevral 2026-cı il tarixində Baxış Rəhimlinin 30 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Baxış Rəhimli 1996-cı ilin fevral ayının 19-da Bərdə rayonunun Bala Qacar kəndində dünyaya gəlib.

Ailənin iki övladından, iki qardaşdan biri olub.

Ali təhsilli tək qardaşı hazırda ailəli, övlad atasıdır.

Orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra qardaş Türkiyənin Kastamonu İqtisad Universitetində oxuyub, ali təhsilə yiyələnib.

Ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyinin başa çatmasına cəmi 4 gün qalmış İkinci Vətən Müharibəsi başlayıb.

Azərbaycan Ordusunun Əsgər kimi müharibəyə qatılıb, uzun və şərəfli döyüş yolu düz 43 gün çəkib.

Füzulidən Şuşayacan döyüş yolu keçib.

Axırıncı dəfə qardaşı ilə noyabrın 7-də, atası ilə noyabrın 9-da danışıb.

Elə həmin gün-noyabrın 9-da, Şuşa şəhəri azad edildikdən bir gün sonra, Qələbəyə cəmi saatlar qalmış Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi noyabrın 10-da Bərdənin Bala Qacar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra ölkə Prezidenti tərəfindən 4 medal-“Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Bərdədə adını daşıyan küçə var.

Baxış həm də subay olub.

***

Sabah eyni zamanda, Bakılı (Sumqayıtlı) İkinci Vətən Müharibəsi Şəhidi Mirsafa Mircəlal oğlu Rzayevin doğum günüdür.

19 fevral 1995-ci il təvəllüdlü, ali təhsilli, ailənin iki övladından biri, tək bacının tək və subay qardaşı olan Mirsafanın sabah 31 yaşı tamam olur.

Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirən Mirsafa Rzayev 2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub.

İkinci Vətən Müharibəsi ərəfəsində hərbi səfərbərliyə cəlb olunub və müharibənin ilk günündə, 27 sentyabr 2020-ci il tarixində Füzuli istiqamətində Şəhidlik məqamına yüksəlib.

Nəşi Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.

Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!

Nurlar içində uyusunlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Aydın Tağıyev AKİAB tərəfindən “Fəxri üzv”-SEÇİLDİ – FOTO

Read Next

Oğuzlu Antiterror Şəhidi, evin-ailənin tək və subay oğlu-RÖYAL BEYDİYEVİN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, 21 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir