İkinci Vətən Müharibəsi Şəhidləri Fizuli Əliyev, İsmayıl Qasımov, Yusif Budaqov-RAMAZAN BAYRAMINDA HƏR ÜÇ ŞƏHİDİN AİLƏSİ VƏTƏNSEVƏR ZİYALILARLA “KÖMƏK EDƏN ƏLLƏR” AKSİYASI ÇƏRÇİVƏSİNDƏ ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (2)

11 ayın sultanı Ramazan ayının başa çatması, Ramazan bayramı ilə bağlı bu gün-31 mart 2025-ci il tarixində növbəti dəfə Şəhid ailələrini ziyarət etdik.

Artıq beşinci ildir gerçəkləşən ziyarətimiz yenə Vətənpərvər ziyalılar-Fərid Nəsibzadə, Araz Məmmədov və Hüseyn Xudatovun təşəbbüsü ilə baş tutdu.

Təbii ki, həm də  “Laboratory of Art” platformasında cəmləşən xeyirxah insanların dəstəyi ilə “Kömək edən əllər” aksiyası çərçivəsində rellaşdı ziyarətimiz.

Budəfəki ziyarət ünvanımız Bakı şəhərinin Səbail rayonu və Abşeron rayonunun Masazır qəsəbəsi, orada yaşayan İkinci Vətən Müharibəsi Şəhidlərinin ailələri oldu.

Öncə “20-ci sahə” adlanan ərazidə-Şəhid və Qazi ailələrinin binasında əslən Qubalı, özü isə Bakılı, Xətaili, ailənin üç övladından biri, subay, ali-hərbi təhsilli və peşəkar hərbçi, Kapitan, iki medal və bir ordenli Fizuli Vidadi oğlu Əliyevin ocağını, anası Fərasət xanım Əliyevanı ziyarət etdik…

35 yaşında Şəhadətə ucalan, nəşi bir ay 20 gündən sonra Əbədiyyətə uğurlanan Fizuli Əliyevin anasına Allahdan səbr və dözüm arzuladıq, “Şəhidimizin ruhu şad olsun!”-dedik…

Geridə qalan Novruz, o cümlədən Ramazan bayramı münasibətilə Şəhidimizin anasını, doğmalarını təbrik etdik…

Təxminən bir saat çəkən ziyarətimiz zamanı Şəhidimizin anası ilə söhbətləşdik, dərdləşdik, Fizuli Əliyevin 35 illik qısa, lakin şərəfli ömür, hərb yoluna birlikdə nəzər saldıq…

Fərasət xanımın dediklərindən:

“Fizuli çox istiqanlı, çox həssas övladıydı…Bir an, bir gün olsun belə məni unutmurdu, tez-tez zəng edər, hal-əhvalımı şoruşardı…2023-cü ildə bir hərbçi kimi xidmətini başa vuracaqdı, eyni zamanda, həmin il mənim 60 yaşı tamam olacaqdı…Deyirdi ki, ana, sənin 60 illiyini özüm təmtəraqlı şəkildə keçirəcəyəm…Amma (gözləri dolur)…Qismət olmadı, balamın arzuları yarımçıq qaldı…Toy edəcəkdik, toysuz köçdü bu dünyadan…Çox çətindir bir ana üçün bunları dilə gətirmək, çox çətin…Bununla belə, mən balamla, Fizulimlə Fəxr edirəm…Fəxr edirəm ki, belə bir Qəhrəman, İgid oğulun anasıyam…”

***

Fizuli Əliyevin ocağını ziyarətdən sonra Abşeron rayonunun Masazır qəsəbəsinə, İkinci Vətən Müharibəsi Şəhidi, Sumqayıt doğumlu olan, dekabrda dünyaya gələn, dekabrda da Əbədiyyətə uğurlanan İsmayıl Sadiq oğlu Qasımovun ocağına, tək yaşayan anası Mahirə xanım Nəzərliyə baş çəkdik…

Evin-ailənin tək oğlu, tək bacının tək qardaşı, bir övlad atası, üç medal və bir ordenli, nəşi iki ay 1 gündən sonra-2020-ci ilin 10 dekabr tarixində İkinci Fəxri Xiyabanda torpağa tapşırılan, Yasamal rayonunda adını daşıyan küçə olan İsmayıl Qasımovun anasına “Şəhidimizin məkanı cənnətlik, dərgahı mübarək olsun!”-dedik…

İsmayıl Qasımov da daxil olmaqla, cəmi Şəhidlərimizin ruhu qarşısında baş əydiyimizi söylədik…

Ziyarətimiz təxminən 40 dəqiqə çəkdi və Şəhidimizin anasını Novruz və Ramazan bayramları münasibətilə təbrik etdik, “Nə qədər çətin və ağır olsa da, bayramınız mübarək, Orucunuz, dualarınız Tanrı dərgahında qəbul olunsun!”-dedik…

Şəhidimizin anasının dediklərindən:

“İsmayıl Qazaxıstanda işləyirdi… İyul-Tovuz hadisələrindən, Polad Həşimovun Şəhidliyindən sonra, 2020-ci ilin avqustunda-pandemiya dövründə Azərbaycana döndü…Ürəyinə dammışdı ki, müharibə olacaq və o, hələ İkinci Vətən Müharibəsindən öncə, 21 sentyabr tarixində təlimlərə qoşuldu…Çünki ürəyi Vətən torpaqlarının azad olunması eşqi ilə döyünürdü…Müharibənin ilk günündən döyüşlərə atıldı, Gizir rütbəsinə layiq görüldü…Döyüş yolu 13 gün çəkdi və oktyabrın 9-da Füzuli istiqamətində Şəhid oldu (səsi titrəyir)…Ancaq nəşi 2 ay 1 gündən sonra tapıldı və dekabrın 10-da torpağa tapşırıldı…Biz Masazırda yaşasaq da, Yasamalda, bacısının evində qeydiyyatda idik…Bir gün bacısına deyib ki, “posılka” gəlsə, hansı ünvana gəlsin…Bacısı da soruşub ki, ay İsmayıl, nə “posılka”, müharibədə “posılka” olur? O da qayıdıb gülə-gülə deyib ki, bayraqlı “posılka”nı, cənazəmi, tabutumu deyirəm də…Mən Şəhid olacağam…Dedi və Şəhid də oldu…”

***

Sonuncu ünvanımız, ziyarətimiz isə Jurnalistlər Binası-2-də yaşayan Bakılı, Səbailli İkinci Vətən Müharibəsi Şəhidi Yusif Ramiq oğlu Budaqovun tək-tənha yaşayan anası Lətafət Budaqova oldu…

Atasını Şəhidliyindən bir il öncə itirən, evin-ailənin tək və subay övladı olan 23 yaşlı Yusif Budaqovun anasına “Şəhidimizin məqamı Ali və Uca olsun!”-dedik…

Təxminən 50 dəqiqə çəkən ziyarətimiz zamanı Şəhidimizin anası ilə söhbətləşdik, həmdərd olduq…

Sonra Novruz və Ramazan bayramları münasibətilə Şəhidimizin anasını təbrik etdik, onunla birlikdə xatirə fotoları çəkdirdik…

Onu da qeyd edim ki, ziyarət zamanı hər üç Şəhidimizin ailəsinə bayram sovqatları təqdim olundu.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Almaniya səfiri XİN-ə çağırıldı, Ştaynmayerin qondarma rejimin “bayrağını” paylaşmasına görə-KƏSKİN ETİRAZ BİLDİRİLDİ

Read Next

“Belə bir səhvə yol verilməsinə görə çox məyusam…Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm…”-ALMANİYA PREZİDENT ADMİNİSTRASİYASI AZƏRBAYCANDAN ÜZR İSTƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir