Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidləri-Bakılı Murad Asif oğlu Qurbanov və Qubalı Miqdad Faiq oğlu Abduləlimovun doğum günüdür.
Sabah-23 mart 2025-ci il tarixində Murad Qurbanovun 29 yaşı, Miqdad Abduləlimovun isə 23 yaşı tamam olur.
Bu, həm də hər iki Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Etikxeber.az xəbərir ki, Bakının Səbail rayonundan olan Murad Qurbanov 1996-cı ilin martın 21-də, Novruz bayramında dünyaya gəlsə də, doğum şəhadətnaməsində martın 23-ü yazılıb.
Ailənin iki övladından biri-evin tək oğlu, tək bacının tək qardaşı olub.
Anası Mehriban xanım tərəfindən təkbaşına böyüdülüblər.
Orta məktəbi 51 saylı məktəbdə, 9-cu sinifə kimi oxuyub.
Sonra Bakı Dövlət Sosial-İqtisad Kollecinə daxil olub və təhsilini orada davam etdirib.
Təhsili bitirdikdən sonra hərbi xidmətə yollanıb, Tərtər istiqamətində hərbi hissələrdən birində xidmət edib.
Hərbi xidmət zamanı Aprel döyüşlərində-Ağdamın Quzanlı kəndi və Tərtərin Qapanlı kəndi istiqamətindəki döyüşlərdə iştirak edib.
Hərbi xidmətini başa çatdrdıqdan sonra evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb.
2020-ci ilin avqust ayının 20-də sevdiyi qızla nişanlanıb.
İkinci Vətən Müharibəsi zamanı isə evdə heç kimə demədən könüllü şəkildə müharibəyə yollanıb.
Oktyabr ayının 11-də Hadrut istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Nəşi 3 gün sonra-oktyabrın 14-də Badamdar qəbiristanlığında, Şəhidlər məzarlığında dəfn olunub.
Şəhidliyindən sonra 4 medalla təltif olunub.
Ancaq anası, ailəsi Muradın həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.
Oxuduğu məktəbin foyesində büstü ucaldılıb.


***
Evin tək oğlu, ailənin 3 övladından biri olan Miqdad Faiq oğlu Abduəlimov isə 2002-ci ilin martında 23-də Qubada, Mirzəməmmədkənd kəndində Abduləlimovlar ailəsində dünyaya gəlib.
2019-cu ildə orta məktəbi bitirib və o da Murad Qurbanov kimi Bakı Dövlət Sosial-İqtisad Kollecinə daxil olub.
2020-ci ilin mayın 4-də hərbi xidmətə yollanıb.
Əsgər kimi İkinci Vətən Müharibəsi zamanı döyüşlərdə iştirak edib və döyüşlərin elə ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Amma nəşi yalnız 32 gündən sonra tapılaraq, oktyabr ayının 29-da Quba Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra 3 medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Miqdad həm də subay olub.
Mirzəməmmədkənd kəndində yaşadıqları küçə Onun adını daşıyır.


***
Sabah həm də Samuxlu İkinci Vətən Müharibəsi Şəhidi Rəşid Abdulla oğlu Abdullayevin doğum günüdür.
Rəşid Abdullayev 2002-ci ilin mart ayının 23-də Samux rayonunda dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
Tək bacısı hazırda ailəlidir.
2008-2019-cu illərdə Samux rayonunun İnstitut qəsəbə tam orta məktəbində təhsil alıb.
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb.
Noyabr ayında Şuşa istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi İnstitut qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla təltif olunub.
Rəşid də subay olub.
Məkanları cənnətlik, Cənnətdəki beşinci doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az