Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən-Teymur Məcidzadə, Kənan Süleymanlı, Əlövsət Məmmədov və Nicat Tarıverdiyevin Şəhidliklərinin və Əbədiyyətə uğurlanmalarının dördüncü ilidir.
Bu gün hər dörd Şəhidin Şəhadətə qovuşmasından və Əbədiyyətə uğurlanmasından dörd il ötür.
Etikxeber.az xəbər verir ki, Teymur Məcidzadə 1992-ci ilin oktyabr ayının 10-da Füzulinin Gecəgözlü kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra, 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyatı” üzrə ali təhsil alıb.
Leytenant hərbi rütbəsini daşıyan Teymur Məcidzadə İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib.
O, noyabr ayının 9-da qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.
Nəşi İkinci Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra beş medal və bir ordenlə təltif edilib.
Teymur həm də subay və evin tək oğlu, tək bacının tək qardaşı olub.
***
Əslən Qərbi Azərbaycanlı, özü isə Bakılı olan Kənan Süleymanlı 1991-ci ilin yanvar ayının 30-da dünyaya gəlib.
Ailənin iki oğlan övladından biri, evin böyük və subay oğlu, ali təhsilli olub.
O da Leytenant hərbi rütbəsini daşıyıb.
2020-ci ilin 29 sentyabr tarixində İkinci Vətən Müharibəsinə qatılıb və noyabr ayının 9-da Xocavənd rayonu istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 12 gün sonra, 21 noyabr tarixində İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra dörd medal və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
***
Mayor Əlövsət Məmmədov Goranboy rayonunun Muzdurlar kəndində, 1988-ci ilin 28 fevral tarixində dünyaya gəlib.
Ailənin üç övladından-iki qardaşdan biri idi.
O, ali təhsilli-peşəkar hərbçi olub.
Mayor hərbi rütbəsini daşıyıb.
Aprel döyüşlərinin də iştirakçısı olan Əlövsət Məmmədov İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi 2020-ci ilin noyabr ayının 9-da doğulub boya-başa çatdlğı Muzdurlar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Həm Şəhidliyindən əvvəl, həm də Şəhidliyindən sonra bir neçə medal və ordenlə təltif olunub.
Əlövsət həm də ailəli olub, Rahinə adlı qızla evlənib.
Üç övladı Vətənə əmanət qalıb.
***
Evin-ailənin tək övladı, anası Şükran Tarıverdiyeva tərəfindən təkbaşına böyüdülmüş Nicat Şöhrət oğlu Tarıverdiyev isə 1998-ci ilin noyabrın 17-də Bakı şəhərində dünyaya gəlib.
132-134 saylı Təhsil Kompleksini, sonra Kooperasiya Universitetini bitirib.
Qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalib olub.
İkinci Vətən Müharibəsində isə Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.
Və noyabrın 9-da, müharibənin başa çatmasına az qalmış qəhrəmancasına Şəhid olub.
Ancaq nəşi bir həftə sonra İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medal və ordenlə təltif olunub.
Nicat da subay olub.
Məkanları cənnətlik, ruhları şad olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az