İkinci Vətən Müharibəsi Şəhidləri Tural Zeynalov, İmran Əliyev, Vüsal Məmmədov və “Qisas” əməliyyatı Şəhidi Amin Qəfərli-VƏTƏNPƏRVƏR ZİYALILARLA “KÖMƏK EDƏN ƏLLƏR” AKSİYASI ÇƏRÇİVƏSİNDƏ-RAMAZAN BARAMINDA DAHA DÖRD ŞƏHİD AİLƏSİ ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün dünya müsəlmanlarının, o cümlədən Azərbaycanda yaşayan və böyük əksəriyyət təşkil edən müsəlmanların müqəddəs Orucluq-Ramazan bayramıdır.

Ramazan bayramının ən əsas və ən öməli özəlliklərindən biri və birincisi bu əziz, müqəddəs gün(lər)də mənəvi, eləcə də maddi dəstəyə ehtiyacı olanları yoluxmaq, onlarla bir araya gəlmək, onları ziyarət etmək, onlara dəstək olmaqdır.

Odur ki, son dörd ildə olduğu kimi, bu il də-budəfəki Ramazan bayramında da vətənpərvər, ziyalı oğullarla birlikdə Şəhid ailələrində olduq, Şəhid ailələrini ziyarət etdik.

Bu dəfə də “Laboratory of Art” platformasında cəmləşən xeyirxah insanların dəstəyi ilə “Kömək edən əllər” aksiyası çərçivəsində Bakı şəhərində, Binəqədi rayonunda yaşayan dörd Şəhid ailəsi ilə bir araya gəldik.

Qeyd edim ki, ziyarətdə yenə vətənpərvər ziyalılar Fərid Nəsibzadə, Araz Məmmədov Hüseyn Xudatov iştirak edirdi.

Öncə Biləcəri qəsəbəsindən olan İkinci Vətən Müharibəsi Şəhidi Tural Ruslan oğlu Zeynalovun ailəsi-valideynləri ilə bir araya gəldik.

33 yaşının tamamından cəmi bir həftə sonra Şəhidlik məqamına ucalan, ali hərbi təhsilli, peşəkar hərbçi, Kapitan, ailənin üç övladından biri, iki övladı Vətənə əmanət qalan, Əfsanəvi Qəhrəmanlarımızdan olan Şəhid Tural Zeynalovun ocağını ziyarət etdik.

Şəhidimizin valideynləri-Nabat xanım Ruslan Zeynalovla söhbətləşdik, dərdləşdik.

Onlara Allahdan səbr və dözüm arzuladıq, Şəhidimizin ruhu və onların qarşısında baş əydiyimizi dilə gətirdik.

Bir saata yaxın ziyarətimiz zamanı həm də müqəddəs Ramazan bayramı münasibəti ilə Şəhidimizin ailəsini-Zeynalovlar ailəsini təbrik etdik.

Sonra ikinci ünvana-Biləcərili “Qisas” əməliyyatı Şəhidi, Natəvan və Rasim Qəfərlilərin tək və subay övladları olan Amin Qəfərlinin evinə, ocağına baş çəkdik.

Anası Natəvan xanımı ziyarət etdik.

Bu yerdə qeyd edim ki, əslən Zəngilanlı, məcburi köçkün olan Amin Qəfərli 2004-cü ilin yanvar ayının 22-də Bakı şəhərində, Biləcəri qəsəbəsində dünyaya gəlib.

Natəvan və Rasim Qəfərlilərin tək və subay övladı olub.

2010-2021-ci illərdə Biləcəri qəsəbəsində yerləşən 297 saylı tam orta məktəbdə oxuyub.

Məktəbi bitirdikdən az sonra, 2022-ci ilin aprelində Əsgərliyə yollanıb, Xüsusi Təyinarlı Qüvvələrdə (XTQ) xidmət etməyə başlayıb.

XTQ-nin Əsgəri kimi 2022-ci ilin sentyabrında “Qisas” əməliyyatında iştirak edib.

Sentyabrın 12-dən 13-nə keçən gecə Kəlbəcərdə Şəhidlik məqamına ucalıb.

Nəşi 15 sentyabr tarixində İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hazırda ailəsinin yaşadığı kücə Onun adını daşıyır.

Təxminən 40 dəqiqə çəkən ziyarətimiz zamanı Şəhidimizin valideynlərinə-Natəvan xanıma Böyük Yaradandan səbr və dözüm dilədik.

“Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedik.

Bununla yanaşı, Şəhidimizin cəmi 18 illik qısa, lakin şərəfli ömür yoluna nəzər saldıq.

Ziyarətimizin sonunda nə qədər çətin olsa da, Şəhidimizin valideynlərini Ramazan bayramı münasibəti ilə təbrik etdik, onlara uzun ömür, can sağlığı arzuladıq.

Növbəti-üçüncü ünvanımız əslən Göyçaylı, ailənin üç övladından biri, tək qız övladı Vətənə əmanət qalan Leytenant, İkinci Vətən Müharibəsi Şəhidi İmran Əliyevin ailəsi, ocağı oldu.

Ali təhsilli, Suqovuşan fatehlərindən olan və nəşi bir həftədən sonra tapılan İmran Əliyevin valideynləri-Səfayə xanımƏli Əliyevlə görüşdük, söhbətləşdik.

Təxminən bir saat çəkən ziyarətimiz zamanı İmran Əliyev də daxil olmaqla, cəmi Şəhidlərimizə və onları yetişdirən, onlara dəyər verən ailələrə bir ömür boyu borclu olduğumuzu bildirdik.

Heç bir kəsin, Vətənini sevən heç bir Azərbaycan vətəndaşının İmran Əliyev daxil olmaqla, heç bir Şəhidi və onların ailələrini unutmağa haqqı olmadığını bildirdik.

Digər Şəhidlərimiz kimi İmran Əliyevin də cəmi 27 illik qısa, lakin şərəfli həyat, hərb, döyüş yoluna nəzər saldıq, hər kəlməsində “Mən Şəhid olacağam…”-deyən Qəhrəmanımızla Fəxr etdik, Qürurlandıq.

Cəmi 3 gün öncə, aprelin 7-də Cənnətdəki dördüncü doğum günü, 31 yaşı tamam olan Şəhidimizin ailəsinə Allahdan səbr, güc-qüvvət arzuladıq, eyni zamanda, müqəddəs Ramazan bayramı münasibəti ilə Əliyevlər ailəsini təbrik etdik.

Sonuncu-dördüncü ünvanımız isə Binəqədi qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin iki övladından biri, ali təhsilli, subay, atasını 2000-ci ildə, cəmi 2 yaşında itirən Vüsal Aftandil oğlu Məmmədovun ocağı oldu.

Cəmi 35 yaşından övladlarına həm analıq, həm də atalıq etmiş Mahirə xanımla, Mahirə Məmmədova ilə bir araya gəldik, söhbətləşdik, dərdləşdik.

Yenə Suqovuşan fatehlərindən olan, nəşi 47 gündən sonra tapılan, cəmi 23 yaşında Şəhidlik zirvəsinə ucalan Vüsal Məmmədovun həyat dolu qısa və şərəfli ömür yoluna ekskurs etdik.

Kövrəldik, təsirləndik, duğulandıq, həm də Qürurlandıq, İftixar Hissi keçirdik.

Həm həyat yoldaşı, həm də övlad acı yaşayan Mahirə xanıma Uca Tanrıdan səbr dilədik, onun Ramazan bayramını təbrik etdik.

Şəhid ailələrinin hər biri də öz növbəsində ziyarətimiz üçün öz minnətdarlıqlarını ifadə etdilər.

Eyni zamanda, ziyarət zamanı hər dörd Şəhid ailəsinə bayram sovqatı təqdim olundu.

***

FOTOLAR:

TURAL ZEYNALOVUN OCAĞINDA…

AMİN QƏFƏRLİNİN OCAĞINDA…

***

İMRAN ƏLİYEVİN OCAĞINDA…

***

VÜSAL MƏMMƏDOVUN OCAĞINDA…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə-PAYLAŞIM ETDİ

Read Next

Cəmi 3 yaşında atasını itirən və cəmi 23 yaşında Şəhidlik məqamına ucalan-AİLƏNİN TƏK, SUBAY VƏ ALİ TƏHSİLLİ OĞLU, NƏŞİ 47 GÜNDƏN SONRA TAPILAN BİNƏQƏDİLİ VÜSAL AFTANDİL OĞLU MƏMMƏDOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir