Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Müdafiə Nazirliyi (MN) Vətən müharibəsində itkin düşmüş hərbçilərin sayını açıqlayıb.
Etikxeber.az-ın xəbərinə görə, MN-in məlumatında bildirilir ki, 100-dən artıq hərbi qulluqçumuz itkin düşmüş hesab olunur:
“Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür”.
Həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində həlak olmuş 103 hərbi qulluqçusunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.
Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində yaralanmış 1245 hərbi qulluqçunun müalicəsi hazırda tibb müəssisələrində davam edir.
Bununla yanaşı, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub.
MN-dən verilən məlumata görə, rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olmuşdur:
“Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdır. Amma müharibə itkisiz olmur.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur…”
Etikxeber.az