İkinci Vətən Müharibəsinin 17 noyabr Şəhidləri: GƏNCƏLİ, 3 QARDAŞDAN BİRİ ŞÖHRƏT ƏLİYEV VƏ GORANBOYLU, DÜZQIŞLAQLI, AİLƏNİN TƏK OĞLU ELŞƏN ZEYNALOV-BU GÜN HƏR İKİSİNİN ANIM GÜNÜDÜR – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Gəncəli Şöhrət Canpolad oğlu Əliyev və Goranboylu Elşən Zaman oğlu Zeynalovun Anım Günüdür.

Hər iki Şəhidin Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından iki il keçir.

Etikxeber.az xəbər verir ki, Gəncə şəhərindən olan Şöhrət Əliyev 1999-cu ilin 30 oktyabr tarixində, Goranboy rayonunun Düzqışlaq kəndindən olan Elşən Zeynalov 1999-cu ilin 8 martında dünyaya gəlib.

Ailədə 3 qardaşdan biri olan Şöhrət Əliyev və ailənin iki övladından biri, tək oğul Elşən Zeynalov İkinci Vətən Müharibəsində könülü olaraq, səfərbərliyə cəlb edilərək, iştirak ediblər.

Hər ikisinin də uzun və şərəfli döyüş yolu olub.

Şöhrət Əliyev noyabrın 8-də Xankəndi istiqamətində gedən döyüşlərdə, Elşən Zeynalov isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində (axırıncı dəfə ailəsi ilə oktyabrın 12-də danışıb, ondan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb) gedən döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Hər ikisinin də nəşi günlər sonra, noyabrın 17-də Əbədiyyətə uğurlanıb.

Söhrət Əliyev Gəncə şəhər Şəhidlər Xiyabanında, Elşən Zeynalov isə Düzqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Elşən həm də Düzqışlaqın 3 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Hər ikisi də Şəhidliklərindən sonra medallarla təltif ediliblər.

Şöhrət də, Elşən də subay olublar.

***

Anım Günləri ilə bağlı bu gün səhər saatlarında Gəncə şəhər Şəhidlər Xiyabanında Şöhrət Əliyevin, Düzqışlaq kənd qəbiristanlığında isə Elşən Zeynalovun məzarı ziyarət edilib.

Hər iki Şəhidin məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar edilib, “Quran” oxunub.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Ailələrinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra Düzqşlaq kəndində, ailəsinin yaşadığı evdə Elşən Zeynalovun Anım mərasimi keçirilib, adina ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub.

Eyni zamanda, Şəhid Elşən Zeynalovun anası Könül Zeynalovaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Şəhid anasına medal və vəsiqəni jurnalist Kamil Həmzəoğlu təqdim edib.

Şöhrət Əliyevin Anım mərasimi isə sabah, 18 noyabr tarixində keçiriləcək, adına ehsan veriləcək.

Şəhidlərin məzarlarını ziyarətdə və Elşən Zeynalovun Anım mərasimində ailə üzvləri, yaxınları, Gəncə, Goranboy və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər, Goranboy və Gəncə şəhər İcra hakimiyyətlərinin rəhbər və məsul şəxsləri iştirak ediblər.

Məkanları cənnətlik, məqamları uca olsun!

Nur içində yatsınlar!

13:00

***

FOTOLAR:

16:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mehriban Əliyevanın köməkçisi-PREZİDENTİN KÖMƏKÇİSİ TƏYİN EDİLDİ – YENİLƏNİB

Read Next

Azərbaycan Ordusunun hərbçisi meninqo-ensefalitdən-VƏFAT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir