İkinci Vətən Müharibəsinin 2 oktyabr Şəhidləri-Həsənağa Abdullazadə, Rəşad Mirzəli, Rəvan Məlikov…-SABAH ANIM GÜNLƏRİDİR…

İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin-Həsənağa Abdullazadə, Rəşad Mirzəli və Rəvan Məlikovun Anım günləridir.

Sabah hər üç Şəhidin Əbədiyyətə uğurlanmasından 4 il keçir.

Anım Günləri ilə bağlı sabah səhər saatlarında Həsənağa Abdullazadənin İkinci Şəhidlər Xiyabanında, Rəvan Məlikovun Kürdəmir rayonunun Şahsevən kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında və Rəşad Mirzəlinin Tərtər rayonunun Hacıqərvənd kənd qəbiristanlığındakı məzarları ziyarət olunacaq.

Şəhidlərin məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhlarına dualar ediləcək, “Quran” oxunacaq və məzarlarını ziyarətdən sonra ayrı-ayrı yerlərdə Anım mərasimləri keçiriləcək, adlarına ehsan süfrələri açılacaq.

Etikxeber.az xəbər verir ki, Həsənağa Şakir oğlu Abdullazadə 1993-cü ilin mart ayının 9-da Lənkəran şəhərində dünyaya gəlib.

Ailənin tək və yeganə övladı olub.

1999-cu ildə Rövşən Bədəlov adına 9 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2007-ci ildə həmin orta məktəbin 8-ci sinfini yüksək qiymətlərlə bitirib.

Elə həmin il öz istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 1-ci kursuna daxil olub və 2010-cu ildə həmin məktəbi fərqlənmə ilə bitirib.

2010-cu ilin avqust ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və hələ tələbəykən 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013) “Yubiley medalı” ilə təltif olunub.

2014-cü ilin iyul ayında həmin məktəbi bitirib, Leytenant rütbəsi alıb.

2014-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin zabit təkmilləşdirmə kursuna daxil olub və 2015-ci ildə kursu fərqlənmə ilə bitirib.

Öz arzusu ilə Gədəbəyin ən ucqar zonası olan “Qoca Dağ”a, xidmətinə yollanıb və “N” saylı hərbi hissənin motoatıcı taqım komandiri vəzifəsinə göndərilib.

2015-2016-cı illərdə Gədəbəydəki N hərbi hissənin ön xəttində taqım komandiri vəzifəsində çalışıb, bir il sonra- 2017-ci ildə isə bölük komandiri vəzifəsinə təyin olunub.

Elə həmin-2017-ci ildə Baş leytenant hərbi rütbəsi verilib və bir il sonra daha bir medalla- 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley medalı” ilə təltif olunub.

Bir çox sertifikat və Fəxri fərmanlara layiq görülüb.

2018-ci ilin oktyabr ayında Göygöl rayonunda yerləşən N saylı hərbi hissəyə bölük komandiri vəzifəsinə göndərilib.

Baş leytenant olmasına baxmayaraq, İkinci Vətən Müharibəsindən bir neçə ay əvvəl Müdafiə Nazirliyinin əmri ilə Göygöl rayonundakı N saylı hərbi hissədə taborun “Qərargah rəisi” vəzifəsinə təyin olunub.

İkinci Vətən Müharibəsi başlayan ilk gündən də döyüşlərdə olub və 2 oktyabr tarixində Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.

Ancaq 112 gündən sonra nəşini əldə etmək və ailəsinə təhvil vermək mümkün olub.

Nəşi 2021-ci ilin 14 yanvar tarixində İkinci Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra  “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Ailəsi-valideynləri həm də övladlarının “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təltif olunmasını istəyir və tələb edirlər.

O, eyni zamanda, ailəli olub.

***

 Rəşad Mirzəli 1995-ci ilin 26 may tarixində Tərtər rayonunun Hacıqərvənd kəndində dünyaya gəlib.

Ailənin iki oğlan övladından biri və evin sonbeşiyi olub.

2001-2012-ci illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən sonra-2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb və hərbi xidmət zamanı Azərbaycan Ordusunun sülhməramlı qüvvələrinin sırasında 6 ay qulluq edib.

Sonra isə digər Əsgər yoldaşları ilə birlikdə könüllü olaraq xidmətini Əfqanıstanda davam etdirib.

Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşəkkürnamə ilə təltif olunub, həmçinin, Prezident ona gümüş saat hədiyyə edib.

Hərbi qulluq müddətini başa vurduqdan sonra Azərbaycana qayıdan Rəşad Mirzəli Azərbaycan Silahlı Qüvvələrinin sırasında müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) başlayıb.

Müqaviləsi başa çatdıqdan sonra Mingəçevir Turizm Kollecinə daxil olub və təhsilini davam etdirərkən sənədlərini Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Gizir Hazırlığı Kursuna təqdim edib.

Kursu bitirdikdən sonra isə Goranboyda yerləşən “N” saylı hərbi hissədə Gizir kimi fəaliyyətə başlayıb və nümunəvi, intizamlı olduğu üçün onu tağım komandirinin müavini təyin ediblər.

İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüş meydanına atılıb.

Rəşad və onun döyüş yoldaşları Murov yüksəkliyi, Tərtərin Talış kəndi istiqamətində uğurlu hərbi əməliyyatlar keçirib.

Sonrakı istiqamət Tərtər rayonunun Suqovuşan kəndi olub və Rəşad Mirzəli oktyabrın 1-də, 25 yaşında Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Ailəsi-atası ilə də sonuncu dəfə Şəhidliyindən bir gün öncə, sentyabrın 30-da danışıb.

Nəşi bir gün sonra, oktyabrın 2-də Hacıqərvənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra  “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Valideynləri isə övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Rəşad subay olub.

O, eyni zamanda, Hacıqərvəndin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

***

Rəvan Məlikov isə 1996-cı ilin mart ayının 6-da Kürdəmirin Şahsevən kəndində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin 4 övladından, 3 qardaşdan biri olub.

Orta məkətbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıb və Əsgərliyini başa vuraraq, evinə, ailəsinə dönüb və bir müddət Rusiyada işləyib, yaşayıb.

Sonra yenidən Vətəninə, Azərbaycanına dönüb.

 İkinci Vətən Müharibəsinə az qalmış isə həyatını Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

Bu yerdə qeyd edək ki, böyük qardaşı, 1990-cı il il təvəllüdlü Pünhan Məlikov da Azərbaycan Ordusunun hərbçisidir, hazırda da MAXE kimi fəaliyyət göstərməkdədir.

O da İkinci Vətən Müharibəsinin iştirakçılarındandır.

Müharibədən sonra 3 medalla təltif olunub.

Rəvanın şərəfli döyüş yolu isə cəmi 5 gün çəkib.

Ailəsi, anası ilə də axırıncı dəfə sentyabrın 30-da danışıb və cəmi bir gün sonra, oktyabrın 1-də Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, oktyabrın 2-də Şahsevən kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”  “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Rəvan da subay olub.

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Anım günlərində İkinci Vətən Müharibəsi Şəhidləri İlkin Əhədzadə və Ramal Məmmədovun-MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

2 oktyabr 2020-ci il Şəhidləri- Mayor Elşad Həsənov, Kapitan Vüqar Nəcəfov, Baş leytenant Həsənağa Abdullazadə, Əsgər Vüqar Babayev…ANIM GÜNLƏRİNDƏ İKİNCİ ŞƏHİDLƏR XİYABANINDA MƏZARLARI ZİYARƏT OLUNDU, DUALAR EDİLDİ, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir