Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Cəmil Əflatun oğlu Həşimli və Kamran Qurban oğlu Kazımovun Anım Günüdür.
Hər iki Şəhidin Əbədiyyətə uğurlanmasından üç il keçir.
Etikxeber.az xəbər verir ki, Cəmil Həşimli 1995-ci ilin 11 avqust tarixində Kürdəmir rayonunda dünyaya gəlib…
Ailədə üç övlad, üç qardaş olublar…
Uşaqlıqdan onları anaları Simuzər Bağıyeva təkbaşına, şəraitsiz bir evdə-ata ocağında, minbir çətinliklərlə böyüdüb boya-başa çatdırıb…
Onlara-hər üç övladına həm analıq, həm də atalıq edib…
Cəmil orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
Əsgərliyini başa vurduqdan sonra ailəsinin yanına dönüb…
Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
Azərbaycan Ordusunda Gizir kimi fəaliyyətə başlayıb…
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb…
Cəbrayıl-Füzuli istiqamətlərində döyüşüb və 9 günlük şərəfli döyüş yolu keçib…

Və oktyabrın 5-də, axşam saatlarında Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi bir gün sonra, 6 oktyabr tarixində Kürdəmir rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 5 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Qeyd edək ki, Cəmilin ali təhsilli olan digər iki qardaşı-Mərahim Həşimli və Cavid Həşimli də İkinci Vətən Müharibəsində iştirak ediblər…
Azərbaycan Ordusunun hərbçisi olan Mərahim Həşimli qardaşı ilə təxminən eyni istiqamətlərdə döyüşüb, döyüşlərdə hətta ağır kəllə-beyin travması alıb…
Digər qardaşı Cavid Həşimli isə Azərbaycan Ordusunun Əsgəri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olub və Naxçıvanın keşyində dayanıb…
Cəmil həm də subay olub…
Qardaşı Mərahim Həşimli isə ötən ilin dekabrında ailə həyatı qurub…
Eyni zamanda, 2 il öncə adını daşıyan “Şəhid bulağı”nın açılışı olub…
***
Kamran Kazımov isə əslən Ucar rayonundan olsa da, 1990-cı ilin dekabr ayının 7-də Rusiyanın Voloqda vilayətində dünyaya gəlib…
Atası Qurbanəli kişi hərbçi olub, Daxili Qoşunlarda fəaliyyət göstərib…
Ailənin üç övladından biri olub…
2 yaşında, 1992-ci ildən yenidən Vətənə, Azərbaycana dönüblər…
Bakı şəhərində yaşayıblar…
1997-2008-ci illərdə Bakı şəhərinin Xəati rayonunda yerləşən Şəhid Şədrəddin Həsənov adına 63 saylı tam orta məktəbdə oxuyub…
Orta məktəbdə oxuduğu illərdə karate ilə məşğul olub və 1-ci dan “Qara kəmər” ustası dərəcəsinədək yüksəlib…
Bununla yanaşı, musiqi ilə həvəskar səviyyədə məşğul olub və fortepianoda məharətlə ifa etməyi bacarıb…
Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb…
Həqiqi hərbi xidmətini Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib…
Əsgərliyini başa vurduqdan sonra Daxili Qoşunların Ali Hərbi Məktəbində oxuyub, ona Leytenant hərbi rütbəsi verilib…
Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində fəaliyyət göstərib…
2018-ci ilin iyul ayından Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri vəzifəsində xidmət edib, 2020-ci ilin avqust-sentyabr aylarında Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərdə olub…
İkinci Vətən Müharibəsi zamanı Daxili Qoşunların Baş leytenantı kimi döyüşlərə atılıb, şərəfli döyüş yolu 9 gün çəkib, oktyabrın 5-də Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb, nəşi bir gün sonra, oktyabrın 6-da İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb…
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bir neçə medalla və “Qarabağ” ordeni ilə təltif olunub…
Kamran həm də ailəli olub…
2012-ci ildə ailə həyatı qurub, üç övladı-qızları Aydan və Kamrana, oğlu Ərtoğrul Vətənə, ailəsinə əmanət qalıb…
Üçüncü-sonuncu övladı, Kamrana adlı qızı Şəhidliyindən 6 ay 8 gün sonra, 2021-ci ilin 13 aprel tarixində dünyaya gəlib…
Övladları-Aydan və Ərtoğrlu orta məktəb şagirdidirlər…
***
Anım günləri ilə bağlı bu gün səhər saatlarında Kürdəmir rayon Şəhidlər Xiyabanında Cəmil Həşimlinin, İkinci Fəxri Xiyabanda isə Kamran Kazımovun məzarı ziyarət olunacaq.
Hər iki Şəhidin məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar ediləcək, qısa çıxışlar olunacaq, Anım mərasimləri keçiriləcək.
Məqamları Uca, məkanları cənnətlik olsun!
Nur içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




