İkinci Vətən Müharibəsinin 27 noyabr ŞƏHİDLƏRİ: NƏŞİ 56 GÜNDƏN SONRA TAPILAN, EVİN TƏK OĞLU, MİNGƏÇEVİRLİ İLKİN AĞAKİŞİYEV VƏ ŞƏHİDLİYİ NOYABRIN 26-DA TƏSDİQLƏNƏN, AİLƏNİN 3 ÖVLADINDAN BİRİ, SAMUXLU TALEH YUSİFOV…BU GÜN HƏR İKİ ŞƏHİDİN ANIM GÜNÜDÜR…- FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Samux rayonundan olan Taleh Gündüz oğlu Yusifov və Mingəçevir şəhərindən olan İlkin Elxan oğlu Ağakişiyevin bu gün torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından iki il keçir.

Etikxeber.az xəbər verir ki, Taleh Yusifov 1994-cü ilin noyabrın 18-də Samux rayonunun Ziyadlı kəndində sadə bir ailədə anadan olub.

Ailədə 3 uşaq-bir bacı, iki qardaş olublar.

Taleh evin kiçik övladı, sonbeşiyi olub.

İkinci Vətən Müharibəsi başlayan ilk gündən də döyüşlərə atılıb.

Döyüş yolu da uzun və şərəfli olub.

Murov, Füzuli, Zəngilan, Cəbrayılı, Qubadlı və Laçın istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib.

Ailəsi ilə də axırıncı dəfə noyabrın 3-də danışıb.

Ondan sonra Talehdən xəbər almaq mümkün olmayıb.

Taleh Lacın uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Şəhidliyi noyabrın 26-da təsdiqlənib və nəşi ailəsinə təhvil verilib.

Və bir gün sonra, noyanrın 27-də doğulub boya-başa çatdığı Ziyadlı kəndində dəfn olunub, Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 5 medalla-“Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəsinin dəfələrlə müraciət etməsinə baxmayaraq, Şəhidin hələ də orden Haqqı təmin edilməyib…

Taleh həm də subay olub.

İlkin Ağakişiyev isə  1995-ci ilin sentyabr ayının 17-də Mingəçevir şəhərində anadan olub.

Ailədə iki övlad-bir bacı, bir qardaş olublar.

O, Mingəçevir şəhər 10 saylı məktəbin məzunu olub.

Musiqi təhsilini isə Mingəçevir  Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində alıb.

2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb.

2017-2018-ci illərdə Ordu sıralarında xidmət edib, Vətənin keşiyini çəkib.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub, Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Və oktyabr ayında ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ailəsinə yalınız 56 gündən sonra Şəhidliyi xəbəri gəlib.

Və nəşi noyabrın 27-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif olunub.

İlkinin də bugünə kimi orden Haqqı təmin olunmayıb.

İlkin də subay olub.

***

Anım günləri ilə bağlı bu gün səhər saatlarında İlkin Ağakişiyevin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı, Taleh Yusifovun isə Samuxun Ziyadlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Hər iki Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar edilib.

Eyni zamanda, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, qısa çıxışlar edilib, hər iki Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb,

Sonra “Sərin” restoranında İlkin Ağakişiyevin, Ziyadlı kəndində-ailəsinin yaşadığı evdə isə Taleh Yusifovun Anım Günü ilə bağlı məclis düzənlənib, hər iki Şəhidin adına ehsan verilib.

Bir daha Şəhidlərin ruhlarına dualar oxunub.

Həmçinin, Taleh Yusifovun Anım Günündə-Anım mərasimində ona həsr olunmuş mahnının-klipin təqdimatı olub və bu zaman çox duyğulu, kövrək anlar yaşanıb.

Taleh Yusifovun Anım mərasimində eyni zamanda, dini mahnılar, İlhailər səsləndirilib, məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər ifa edilib

Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri, Samux rayon və Mingəçevir şəhər İcra Hakimiyyətlərinin rəhbər və məsul şəxsləri və digərləri iştirak ediblər.

Məkanları cənnətlik, məqamları Uca olsun!

Nur içində yatsınlar!

13:30

***

FOTOLAR:

15:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha bir ölkə Ukraynaya-PUA VERDİ…

Read Next

Anım Günündə Şəhid Taleh Yusifovun məzarı ziyarət olundu-ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOSESSİYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir