İkinci Vətən Müharibəsinin 3 dekabr Şəhidləri və ya nəşləri iki aydan sonra tapılan Vətən fədailəri: BƏRDƏLİ SƏİD ƏDİLOV, KÜRDƏMİRLİ ZİYA NURMƏMMƏDOV VƏ BAKILI-HƏM DƏ ŞABRANLI VÜSAL HƏSƏNOV – HƏR ÜÇÜNÜN DƏ ƏBƏDİYYƏTƏ UĞURLANMALARININ İKİNCİ İLİDİR…

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Bərdənin Cəyirli kəndindən olan Səid Həsən oğlu Ədilov, Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən olan (əslən Şabranın Zeyvə kəndindəndir) Vüsal Ariz oğlu Həsənov və Kürdəmirinin Sığırlı kəndindən olan Ziya Zabil oğlu Nurməmmədovun bu gün torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından iki il keçir.

Hər üç Şəhid 2020-ci ilin oktyabr ayında (müxtəlif tarixlərdə-günlərdə) Şəhid olsalar da, nəşləri uzun müddət tapılmayıb.

Etikxeber.az-ın xəbərinə görə, Səid Ədilov 1994-cü ilin noyabrın 5-də, Vüsal Həsənov 1997-ci ilin iyul ayının 3-də, Ziya Nurməmmədov isə 2001-ci ilin 29 avqust tarixində dünyaya gəliblər.

Səid Ədilov ailənin iki övladından biri, tək bacının tək qardaşı, Vüsal Həsənov evin 4 övladından, 4 qardaşdan biri, Ziya Nurməmmədov iki bacının tək qardaşı olub.

Səbail rayonunun Badamdar qəsəbəsindən olan Vüsal Həsənovun iki qardaşı uşaq vaxtlarında-körpə yaşlarında vəfat edib və ailədə iki qardaş qalıblar.

İllər öncə isə atalarını itiriblər və anaları Mərifət xanım onlara həm analıq, həm də atalıq edib.

Səid Ədilovla Vüsal Həsənov səfərbərliyə cəlb edilərək, İkinci Vətən Müharibəsinə qatılıblar, Ziya Nurməmmədov isə İkinci Qarabağ Savaşında 3 ayın Əsgəri kimi iştirak edib.

Ziya Nurməmmədovla Vüsal Həsənov 2020-ci ilin oktyabr ayında-Füzuli istiqamətində, Səid Əsilov isə Ağdərə-Tərtər-Suqovuşan istiqamətində Şəhidlik məqamına ucalıblar.

Ancaq hər üç Şəhidin nəşi iki aya yaxın tapılmayıb, yalnız dekabr ayında onların nəşlərini əldə etmək mümkün olub.

Hər üç Şəhid 3 dekabr 2020-ci il tarixində-Ziya Nurməmmədov Sığırlı kənd, Vüsal Həsənov Zeyvə kənd qəbiristanlığında, Səid Ədilov isə Bərdə rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıblar.

Şəhidliklərindən sonra hər üç Şəhid medallarla təltif olunublar.

Ancaq ailələri, valideynləri övladlarının həm də ali ordenlərimizdən biri təltif olunmasını istəyir və tələb edirlər.

Hər üç Şəhid də subay olublar.

***

Bu gün səhər saatlarında adıçəkilən Şəhidlərdən Səid Ədilovun Bərdə rayon Şəhidlər Xiyabanındakı, Vüsal Həsənovun Şabran rayonunun Zeyvə kənd qəbiristanlığındakı, Ziya Nurməmmədovun isə Kürdəmirin Sığırlı kənd qəbiristanlığındakı məzarları ziyarət olunacaq.

Şəhidlərin məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar oxunacaq.

Məktəblilər tərəfindən şeirlər səsləndiriləcək, qısa çıxışlar ediləcək.

Sonra Bərdədə yerləşən “Leyli” şadlıq sarayında Səid Ədilovun, Kürdəmirin Sığırlı kəndində, ailəsinin yaşadığı evdə-ata ocağında Ziya Nurməmmədovun, Şabranın Zeyvə kəndində isə Vüsal Həsənovun Anım mərasimləri keçiriləcək, adlarına ehsan süfrələri açılacaq.

Bir daha Şəhidlərin ruhlarına dualar oxunacaq, bir daha qısa çıxışlar ediləcək.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, Bərdə, Kürdəmir, Goranboy, Bakı, Ağdam, Tərtər və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri, Bərdə, Səbail, Şabran və Kürdəmir rayon İcra hakimiyyətlərinin məsul şəxsləri iştirak edəcəklər.

Məqamları Uca, məkanları cənnətlik olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Rusiya sülhməramlılarının uydurma erməni toponimləri ilə bağlı müraciətlərimizə etinasız yanaşması anlaşılan deyil-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Ailənin tək oğulları-Səid Ədilovla Ziya Nurməmmədovun və iki qardaşını, həm də atasını illər öncə itirən Vüsal Həsənovun Anım günlərində-MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir