İkinci Vətən Müharibəsinin iştirakçısı, iki medallı, Qazilik Haqqı tanınmayan bir övlad atası-FİRUDİN NƏCƏFOVUN AİLƏSİ HƏR AN ÇÖLƏ ATILA BİLƏR…GƏNC AİLƏ İMKANSIZLIQDAN ÇARƏSİZ, ƏLACSIZ DURUMDADIR…SƏLAHİYYƏT SAHİBLƏRİ NƏHAYƏT, GƏNC AİLƏYƏ DƏSTƏK OLACAQMI, ƏL UZADACAQMI?

İkinci Vətən Müharibəsinin iştirakçılarından olan Vətən sevdalısı, 25 yaşlı, iki medallı, səhhətində problemlər olmasına, davam etməsinə baxmayaraq, hələ də Qazilik Haqqı tanınmayan bir övlad-körpə atası Firudin Amid oğlu Nəcəfov haqqında bir müddət öncə yazmış, sosial şəbəkə hesabımda paylaşımlar etmişdim…

Üstündən elə də çox müddət, uzun zaman keçməyib…

Və yenidən Firudinlə bağlı yazmağımın səbəbləri var…

Ötən, əvvəlki yazımda da qeyd etdiyim kimi, əslən Hacıqabullu olan və valideynlərindən ayrı yaşamağa məcbur qalan (etik səbəblərdən bu barədə geniş yazmaq istəmirəm) Firudin İkinci Vətən Müharibəsindən qayıdandan bir neçə ay sonra Xaçmazlı, ali məktəblərdən birində təhsil alan bir gənc xanımla ailə həyatı qurub və bu evlilikdən də bu ilin yanvar ayının 10-da bir oğlan övladları dünyaya gəlib…

Övladlarına da eyni gündə olduqları, eyni gündə doğulduqları üçün Şəhid Fəxri Qəribzadənin adını veriblər…

Evi-eşiyi, köməyi, dəstəyi olmayan Firudin ailəsi-xanımı və 2 aylıq körpəsi ilə Bakıda çox şəraitsiz, rütubətli bir evdə-kirayədə yaşamaq məcburiyyətində qalıb bu aylar ərzində…

Üstəlik normal işi, qazancı, gəliri olmadığı üçün yaşadığı-yaşadıqları evin kirayəsini də vaxtlı-vaxtında ödəyə bilməyib…

Bir müddət öncə işə girib, ancaq səhhətində başqa bir problem yarandığı üçün hələ də təzə işinə çıxa bilməyib…

Qaldığı, yaşadığı evin (ona da ev demək mümkündürsə…) sahibi də artıq “ya kirayə pulunu ödəyin, ya da evdən çıxın, evi tərk edin!” tələbini bu çar-naçar gənc ailənin qarşısında qoyub…

Bu isə onsuz da problemlər, sıxıntılar içində qovrulan, çapalayan gənc ailəni daha da çıxılmaz vəziyyətə, duruma salıb…

Çünki hər an evdən qovula, çölə, bayıra atıla bilərlər…

Firudinin xanımı körpəsi ilə hazırda Xaçmazda valideynlərinin yanındadır, elə Firudin özü də xəstəliyi ilə əlaqədar onlarda qalmalı olub…

Və xanımının valideynlərinin də durumu çox çətindir, yəni, qızlarının ailəsinə kömək etmək imkanları yox dərəcəsindədir…

Firudinin məcavibi isə 300 manat civarındadır, o da işləyəsi olsa, iş yerindən imtina cavabı gəlməsə…

Belə olan halda, Firudin və ailəsi necə və harada yaşayacaqlarını təsəvvürlərinə gətirə bilmirlər…

Əgər həmin pulun 150 manatı kirayə puluna sərf ediləcəksə, üstəlik kommunal xidmət xərcləri və yaşamaq, ayaqda qalmaq üçün digər xərclər… Təsəvvür etmək çətindir…

300 manatla bunları qarşılamaq müşkül və mümkünsüzdür.

Gənc ailə də bu səbəbdən qeyd etdiyim kimi, pərişan, çarəsiz, naəlacdır…

Əlləri, ümidləri hər yerdən üzülüb…

Dəstək, kömək edən də yox ( imkan olanda, sadəcə, Şəhid Fəxrinin anası əl uzadır, hansı ki, onun özü də çoxsaylı problemlər içindədir)…

Ona görə Firudin və ailəsi-xanımı onlara köməklik, dəstək göstərilməsini, hər ikisinin də nisbətən normal işlə təmin edilməsini və yaşamaları, ayaq üstə qalmaları, övladlarını böyüdə bilmələri üçün bir otaqlı da olsa, evlə təmin olunmalarını istəyirlər…

İstəyirlər, xahiş, rica edirlər, az qala yalvarırlar ki, onların durumu nəzərə alınsın və çarəsizlikdən, sıxıntıdan, ümidsizlikdən az da olsa, qurtulsunlar…

Odur ki, yenə də söz, qərar aidiyyatı qurumların, məsul şəxslərin, səlahiyyət sahiblərinindir…

Vətən sevdalısı Firudinə və ailəsinə bir an-tərəddüd etmədən dəstək göstərilməli, kömək edilməlidir!

Onların belə bir acınacaqlı durumda qalması haqsızlıq və ədalətsizlikdir!

Hər kəs ən azı öz övlad(lar)ını göz önünə gətirsin, Firudinin, gənc ailənin nələr çəkdiyini, çəkə biləcəyini düşünsün və vicdanla qərar versin!

Firudinin və ailəsinin taleyi artıq qərar, yetki sahiblərinin əlindədir!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Latviyalı deputat mandatından imtina etdi-UKRAYNADA RUSİYAYA QARŞI DÖYÜŞMƏK ÜÇÜN

Read Next

Azərbaycanda “İlaxır çərşənbə” qeyd olunur-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir