“İkitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı region ölkələrinin əməkdaşlığının gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Xəzəryanı ölkələrin liderlərinin müntəzəm görüşmələrini şərtləndirən çoxsaylı amillər sırasında bölgənin önəmini xüsusi qeyd edə bilərik. Zəngin enerji resurslarına, Avropa ilə Asiyanı birləşdirən, Qara dənizədək və oradan da daha geniş coğrafiyaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm geosiyasi və geoiqtisadi önəmə malik bölgə kimi səciyyələndirir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva mətbuata açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycan region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin Zirvə Toplantısında çıxışı zamanı dediyi kimi, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

Deputatın sözlərinə görə, indiyədək Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırılıb və bu layihələrin həyata vəsiqə qazanmasına Azərbaycan da özünün sanballı töhfələrini verib. Region ölkələrinin qarşılıqlı fəaliyyətinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.

“Eləcə də, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır”-deyən millət vəkili mətbuata açıqlamasında bildirib ki, Azərbaycanın ümumi inkişafa töhfə verməyə yönələn səyləri və təşəbbüsləri region dövlətləri tərəfindən də yüksək qiymətləndirilir və dəstəklənir.

“Heç təsadüfi deyil ki, son illərdə məhz Azərbaycanın təşəbbüsləri və fəal iştirakı ilə Xəzər hövzəsi regionunda bir sıra ikitərəfli və çoxtərəfli siyasi, iqtisadi əməkdaşlıq platformaları yaranıb. Prezident İlham Əliyev Zirvə Toplantısındakı çıxışında respublikamızın Xəzəryanı ölkələrlə münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə nəzərə çatdırıb. Beləliklə, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir” – deyə, S. Fətəliyeva sonda vurğulayıb.

Etikxeber.az

Read Previous

MM-in komitə sədri Səhid anası Gülgəz Mikayılovaya Qarabağ motivli-XATİRƏ HƏDİYYƏSİ BAĞIŞLADI… – FOTO

Read Next

Baş Prokurorluq Azərbaycan vətəndaşının 4 il əvvəl Kiyevdə qətlə yetirilməsi barədə-MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir