İlham Əliyev Yevlaxla Goranboyda VƏ BİR SIRA AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (7)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışında iştirak edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlaxda “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub.

Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə həyata keçirilmiş işlər barədə məlumat verdi.

Bildirildi ki, bu kompleks Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ı çərçivəsində inşa olunur. Tikintisinə 2024-cü ilin yanvarında başlanılan kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir. Burada basketbol, voleybol, həndbol, minifutbol, badminton, gimnastika, cüdo, güləş, taekvondo, boks, karate və idmanın digər növləri üzrə məşqlərin və yarışların keçirilməsi nəzərdə tutulur. Binada, eyni zamanda, 80 nəfərlik iclas zalı, hakim, həkim, məşqçilər, şərhçilər üçün otaqlar, kafe olacaq. Kompleksdə 21 otaqdan ibarət 42 yerlik dördmərtəbəli mehmanxana və restoran da fəaliyyət göstərəcək. Burada 1300 tamaşaçı tutumuna malik tribunası olan, standartlara cavab verən futbol meydançası, həmçinin iki minifutbol meydançası yaradılacaq.

Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil ediləcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, magistral yolun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərinin, həmçinin magistral yola avtomobillərin ikiistiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri başa çatmaq üzrədir. Piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir.

Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir.

Bu yolun müasir səviyyədə qurulması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu daha da gücləndirir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib.

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi barədə məlumat verdi.

Bildirildi ki, bu layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 70 min sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən Yevlax şəhərində məhsuldarlığı 20 min kubmetr olan içməli sutəmizləyici qurğu, 139 kilometr içməli su şəbəkəsi, 13 minə yaxın abonent birləşməsi, 115 kilometr tullantı su şəbəkəsi və 5 nasos stansiyasının tikintisi planlaşdırılır. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12 min 500 kubmetr olan təmizləyici qurğunun tikintisi də nəzərdə tutulub.

Layihəyə uyğun olaraq ötən dövr ərzində şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan sürətli qumsüzgəc texnologiyalı təmizləyici qurğunun tikintisi işləri həyata keçirilib. Qurğuda 16 ədəd süzgəc quraşdırılıb, emal prosesindən sonra təmiz suyun toplanması məqsədilə ümumi həcmi 2 min 500 kubmetr olan 2 su anbarı tikilib. Təmizləyici qurğuda zərərsizləşdirmə, əks-yuma prosesinin aparılması üçün xüsusi nasoslar, kompleksin enerji təchizatı məqsədilə transformator və generator quraşdırılıb. Həmçinin uzunluğu 86 kilometr paylayıcı su təchizatı şəbəkəsi inşa olunub, 4 min 230 ədəd ev birləşməsi verilərək sayğac quraşdırılıb.

Qeyd edək ki, Yevlax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri 1950-1960-cı illərdə yaradılıb. Şəhərin ilkin su mənbələri subartezian quyuları və Kür çayı olmuşdur. Hazırda istismarda olan 15 subartezian quyusunun imkanları tələbatı ödəmirdi. Quyu zonasından şəhərə çəkilmiş ümumi uzunluğu 27 kilometr olan 2 magistral kəmər dəfələrlə cari və əsaslı təmir edilsə də, dayanıqlı su təchizatına imkan vermirdi. Kür çayından nasoslar vasitəsilə götürülən su ilkin təmizlənərək abonentlərə verilirdi. Şəhərin 191 kilometr uzunluğunda mövcud paylayıcı su şəbəkəsi uzun illər istismar olunaraq yararsız vəziyyətə düşdüyündən tələbatı ödəmirdi.

Son illərdə ölkə üzrə əhalinin təmiz içməli suya tələbatının təmin olunması istiqamətində mühüm layihələr icra edilib. Bu müddət ərzində Bakıda Mərkəzi Laboratoriya və 9 regional laboratoriya yaradılıb. Görülmüş işlər nəticəsində ölkədə içməli su təchizatı üzrə itkilər son 20 ildə 62 faizdən 40 faizə qədər azaldılıb. 8,1 min kilometr tullantı və yağış su xətləri inşa edilib. Şəhər, rayon və qəsəbələr üzrə ümumi məhsuldarlığı sutkada 250 min kubmetr olan 28 ədəd tullantı sutəmizləyici qurğu quraşdırılıb.

Bakı və Abşeron yarımadası üzrə isə 5 ədəd bu cür qurğu istismara verilib.

Bundan başqa, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi də tikilib.

13:22

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.

13:30

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.

Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək. Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq. Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur. Burada 200 nəfər daimi işlə təmin ediləcək. İstehsal zamanı istifadə edilən əsas xammal – yerli gips daşı Azərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq. Növbəti mərhələdə kalsit və perlit istehsalı xətlərinin qurulması planlaşdırılır ki, bu da məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.

Bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. İnvestisiya dəyəri 33 milyon manat olan müəssisənin ümumi sahəsi 5 hektardır. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 3,9 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına müəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihələrin icrası ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə sənayenin müxtəlif sahələrinin davamlı inkişafına böyük təkan verib.

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac imkanları genişlənir.

Belə müəssisələrin bölgələrdə yaradılması isə ümumilikdə regionların sosial-iqtisadi inkişafını təmin etməklə, onların iqtisadi potensialının möhkəmləndirilməsində, məşğulluğun artırılmasında da mühüm rol oynayır.

Etikxeber.az

Read Previous

Hər iki övladını Şəhid vermiş ana Prezidentə müraciət etdi: “ÖVLADLARIMIN VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI VƏ YA MİLLİ QƏHRƏMAN FƏXRİ ADLARI İLƏ TƏLTİF OLUNMALARINI İSTƏYİRƏM”

Read Next

“Qal, sənə qurban” mahnısının erməni əsilli müğənni tərəfindən mənimsənilməsi-ARADAN QALDIRILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir