Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Prezidenti İlham Əliyev hazırda Azərbaycan xalqına müraciət edir.
Etikxeber.az xəbər verir ki, İ. Əliyev bildirib ki, bu gündən müharibə dayandırılır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında döyüş əməliyyatlarının dayandırılması haqqında bəyanat imzalanıb.
Bəyanat videoformat qaydasında imzalanıb.
Amma son anda Ermənistan Baş naziri sənədi imzalamaqdan imtina edib.
İlham Əliyev isə bildirib ki, Ermənistan Baş naziri axır-əvvəl həmin bəyanatı imzalayacaq.
***
9 maddəlik razılaşmanın (bəyanatın) 2-ci bəndinə əsasən, Ermənistan Ağdam rayonunu noyabrın 20-nə qədər Azərbaycana geri qaytarır.
Həmçinin, Ermənistan ordusu noybarın 15-də Kəlbəcər rayonunu, dekbarın 1-də isə Laçın rayonunu tərk edir.
***
Noyabrın 10-u (bu gün) saat 00:00-dan etibarən hərbi əməliyyatlar dayandırılır.
Ağdam rayonunun işğal altında olan ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılacaq.
Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiyanın sülhməramlıları yerləşdirilir.
Atəşkəsə nəzarət etmək üçün sülh mərkəzi yaradılır.
Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək.
Ermənistan işğal etdiyi Kəlbəcəri 15 noyabradək, Laçını isə 1 dekabradək boşaldacaq.
Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qaytarılacaq.
Hərbi əsirlərin və cəsədlərin mübadiləsi həyata keçiriləcək.
03:25
***
Qeyd etdiyimiz kimi, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər.
Rusiya Prezidenti Vladimir Putin deyib:
-Axşamınız xeyir, hörmətli İlham Heydər oğlu.
Prezident İlham Əliyev: Axşamınız xeyir, Vladimir Vladimiroviç.
Prezident Vladimir Putin: Bu gün biz sizinlə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatını imzalayırıq.
Mən çox ümid edirəm ki, bizim birgə bəyanatımızda şərh edilmiş bu qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsinə son qoyacaq, həm də bizim bugünkü bəyanatda təsbit etdiyimiz razılaşmalara etibarlı nəzarət mexanizmi yaradacaq, ən başlıcası, uzunmüddətli tarixi perspektiv üçün, regionda münasibətlərin, ilk növbədə, həm Azərbaycan, həm də erməni xalqlarının mənafeyi naminə Azərbaycan Respublikası ilə Ermənistan arasında dostluq münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradacaq. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun, hörmətli Vladimir Vladimiroviç. Mən öz tərəfimdən demək istərdim ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işğalına son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırmaq yolu ilə nizamlamaya nail olduq ki, mənim fikrimcə həm Azərbaycanın, həm də Ermənistanın və region ölkələrinin xalqlarının mənafelərinə cavab verir. Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bizim regionda, Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biridir və bu gün həmin münaqişənin sona yaxınlaşması tarixi hadisədir, ilk növbədə, çoxillik işğaldan azad olan Azərbaycan xalqı üçün tarixi hadisədir. Bu, həm də beynəlxalq hüququn norma və prinsiplərinin təntənəsi, BMT Təhlükəsizlik Şurasının əfsuslar olsun ki, uzun müddət kağız üzərində qalmış qətnamələrinin implementasiyasıdır.
Vladimir Vladimiroviç, Sizə həm əvvəlki illərdə və xüsusən münaqişənin qaynar fazası dövründə fəal iştirakınıza görə təşəkkürümü bildirmək istərdim. Bu gün üç ölkə rəhbərinin bu sənədi imzalaması bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi roluna dəlalət edir. Əminəm ki, regionda gələcək fəaliyyətdə, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Rusiya Federasiyasının rolu sanballı olacaq. Bu gün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da münaqişənin siyasi yolla nizamlanması işində fəal iştirakına görə təşəkkürmü bildirmək istərdim. Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır. Beləliklə, biz regionda təkcə münaqişənin nizamlanması çərçivəsində deyil, həm də gələcək inkişaf üçün qarşılıqlı fəaliyyətin tamamilə yeni formatını yaradırıq. Buna görə də bəndlərdən biri də bütün nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu, bütün region ölkələrinin xeyrinə olacaq. Ona görə də bu gün mən bu sənədi sevinc hissi ilə, qürur hissi ilə imzalayıram və bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını təbrik etmək istərdim. Sağ olun.
Prezident Vladimir Putin: Mənim fikrimcə, dediyim kimi, bu, həqiqətən həm erməni, həm də Azərbaycan xalqlarının xeyrinə və onların mənafeyi naminədir. Rusiya öz tərəfindən əlindən gələni edəcək ki, üç tərəf arasında danışıqların gedişində əldə edilmiş mövqelər, bu gün bizim imzaladığımız bəyanat hamısı icra olunsun. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun, Vladimir Vladimiroviç. İmzalamaya başlayaq.
Prezident Vladimir Putin: Bəli.
Prezident İlham Əliyev və Prezident Vladimir Putin bəyanatı imzaladılar.
Prezident Vladimir Putin: Sizə təşəkkür edirəm, İlham Heydər oğlu.
Prezident İlham Əliyev: Çox sağ olun, Vladimir Vladimiroviç.
Prezident Vladimir Putin: Bu ərazilərdə yaşayan bütün insanlara, bütün xalqlara ən xoş arzularımı bildirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sizinlə biz xeyirxah iş gördük və bu regiondakı bütün ölkələr arasında münasibətlərin durmadan inkişafı, bu ərazilərdə yaşayan insanların, Azərbaycan və erməni xalqlarının rifahı üçün yaxşı baza şəraiti yaratdıq. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bir daha sağ olun, Vladimir Vladimiroviç. Sizin şəxsi iştirakınıza görə təşəkkür edirəm və əminəm ki, bu gün baş verənlər Rusiya, Azərbaycan və Ermənistan xalqlarının tarixində çox mühüm tarixi gün kimi qalacaq. Bir daha sağ olun.
Prezident Vladimir Putin: Sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun.
Prezident Vladimir Putin: Xudahafiz.
Prezident İlham Əliyev: Xudahafiz.
03:51
***
Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb.
Noyabrın 10-u Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması elan olunur.
Azərbaycan və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.
Ağdam rayonu 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılacaq.
Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilir.
Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırki müddəanın tətbiqinə xitam verilməsi ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddəti növbəti 5 il üçün uzadılır.
Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
Ermənistan nəzarət etdiyi Kəlbəcər rayonunu 15 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarır.
Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq, Laçın dəhlizini 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarətinə verilir.
Tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunu inşa edilməsi planı müəyyən ediləcək və bununla da həmin dəhlizin mühafizə olunması üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlarla BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır.
Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxsləri, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Ermənistan Respublikasının vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.
Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.
04:40
***
“Mənim Qarabağ üzrə bəyanatı imzalamaqdan başqa çıxış yolum yox idi”.
Bunu isə Ermənistan Baş katibi Nikol Paşinyan deyib.
“Biz təkcə bugünkü hərbi vəziyyəti yox, onun mümkün davamını da nəzərə alaraq bu qərarı qəbul etmişik. Mən bütün vətəndaşlardan xahiş edirəm ki, talançı qrupların təsiri altına düşməsinlər” – deyə, o, qeyd edib.
04:52
***
“Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.
Bunu İlham Əliyev xalqa müraciətində söyləyib.
“Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”– deyə, dövlət başçısı qeyd edib.
Prezident hesab edir ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da – Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq.
Dövlət başçısı sonra deyib:
“Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir. Mən fürsətdən istifadə edərək, Ağdam, Laçın, Kəlbəcər rayonlarının sakinlərini, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Hər dəfə işğal altında olan hansısa rayon, şəhər işğaldan azad ediləndə mən o şəhər və rayonların sakinlərini təbrik edirdim, təsəvvür edirəm ki, onların həyatında bu nə deməkdir. Onların bəziləri, bəlkə də bir çoxları görəndə ki, uzun illər ərzində məsələ öz həllini tapmır artıq ümidlərini itirmişdilər. Mən son 17 il ərzində köçkünlərlə çoxsaylı görüşlərimdə, onlar üçün yeni evlərin təqdimat mərasimlərində görürdüm ki, ildən-ilə onların ümidləri azalır.
Görürdüm, ürək ağrısı ilə bunu görürdüm. Görürdüm ki, artıq onların bəziləri ümidlərini itirib. Bəli, təşəkkürünü bildirirdilər, təbii ki, onlara yaxşı şərait yaradılırdı, onların problemləri həll olunurdu. Bilirsiniz ki, məcburi köçkünlər üçün Azərbaycanda görülən işlər heç bir başqa ölkədə görülmür. Dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır və məndən xahiş edirdilər, cənab Prezident, qaytar bizi. Mən də hər dəfə onlarla görüşəndə həm onlarda güclü iradə görürdüm, yenilməzlik görürdüm, dövlətə sədaqət görürdüm, eyni zamanda, onların gözlərində nisgil, həsrət görürdüm. Buna son qoyulub, əziz soydaşlarım, gözünüz aydın olsun, siz qayıdırsınız, biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi!”.
Sonra “Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya başında, radio başında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır”-deyən dövlət başçısı bildirib ki, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər:
“Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur, çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, etnik təmizləməyə məruz qoyurlar, azərbaycanlılara qarşı etdikləri kimi, ya da ki, başqa millətin nümayəndəsi orada yaşaya bilmir, sıxışdırırlar, sıxışdırırlar, sıxışdırırlar. Amma bizim üstünlüyümüz bax bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir”.


05:10
***
“Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Bəs mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar. Dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Uzun illər bunlar “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəmlə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu Paşinyan, deyəsən bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm olmayacaq”-deyən Prezident sonra “Ona görə bu sənədin çox böyük mənası var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq” – deyə, qeyd edib.
Etikxeber.az