“Pandemiya ilə bağlı vəziyyət imkan verəndən sonra mən ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm: Bu, bizim münasibətlərimizin təzahürü, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür”- İLHAM ƏLİYEV – FOTOLAR -YENİLƏNİB – (5)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

11:51

***

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə məhdud tərkibdə görüşü olub.

Dövlət başçıları əvvəlcə birgə foto çəkdirdilər.

***

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

***

İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub.

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.

Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.

Özbəkistanın və Azərbaycanın dövlət başçıları mərasimdə çıxış etdilər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışı

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli nümayəndə heyətinin üzvləri.

Xanımlar və cənablar.

Bu gün biz bərəkətli Özbəkistan torpağında əziz qonağımız, Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevi salamlayırıq. Dərin rəmzi məna daşıyır ki, Sizin dövlət səfəriniz Azərbaycan xalqının ümummilli lideri, Özbəkistanın böyük dostu, hörmətli Heydər Əlirza oğlu Əliyevin şərəfinə onun adını daşıyan küçənin və burada qoyulmuş barelyefin təntənəli açılış mərasimi ilə başlayır.

Biz hamımız tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş Heydər Əliyevi yaxşı tanıyırıq. O, bütün həyatını doğma Azərbaycana həsr edib. Ölkə üçün ən ağır illərdə onun taleyinə görə çox böyük məsuliyyəti cəsarətlə öz üzərinə götürüb, müasir dövlətçiliyin əsaslarını yaradıb, Azərbaycanda bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib. O, həqiqətən müstəqil Azərbaycanın memarı idi. Onun qətiyyəti və siyasi iradəsi, zəngin rəhbərlik təcrübəsi və müstəsna liderlik keyfiyyətləri gənc, müstəqil dövləti xilas etdi. Dərin məna daşıyan faktdır ki, iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilir. Məhz həmin gün Heydər Əliyev ölkə rəhbərliyinə qayıdıb və Azərbaycan Ali Sovetinin sədri seçilib.

Fikrimcə, bizim ölkələrimizin müstəqilliyini bərpa etməsi ərəfəsində onların tarixinin çətin səhifələrini xatırlamaq burada yerinə düşər. Xalqlarımız çətin, bəzən faciəli dövrlər yaşamalı olub. Bununla belə, həm özbək, həm də Azərbaycan xalqları öz mənəvi dəyərlərini, milli qürur və mənliyini qoruyub saxlayıb, öz gələcəklərini özlərinin qurması hüququnu saxlayıblar. Çoxdan gözlənilən azadlığa doğru keçdiyimiz keşməkeşli yolu qiymətləndirərək inamla demək olar ki, xalqlarımızın müstəqilliyi və suverenliyi bizə baha başa gəlib. Azadlığın qiyməti həmişə nəsillərin taleyi, həyatı, onların inamı və vicdanı olub. Əldə edilmiş milli müstəqilliyi bu gün də layiqincə qiymətləndirmək, onu hərtərəfli möhkəmləndirmək və sonrakı nəsillərə çatdırmaq bizim müqəddəs borcumuzdur. Bu gün biz tarixin dərslərini nəzərə almaqla Heydər Əlirza oğlu Əliyevin nadir şəxsiyyətinə bir daha dərin ehtiramımızı bildiririk. Bir an və əbədiyyət öz aralarında ayrılmaz şəkildə bağlı olduğu kimi, Heydər Əliyevi də Azərbaycan xalqının tarixindən və onun həyatından ayırmaq olmaz.

Heydər Əliyev böyük Səməd Vurğunun ölməz misralarını tez-tez təkrarlayardı: “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!”. Buna görə də Heydər Əliyevin adı və obrazı bütün dünyada Azərbaycan xalqına xas olan bütün xeyirxah və nəcib keyfiyyətlərin rəmzi kimi qəbul edilir.

Ölkə həyatının ən dramatik dövründə Prezident seçilmiş Heydər Əliyev sülhə və sabitliyə, vətəndaş həmrəyliyinə nail oldu, bir çox onillik irəlicədən müasir Azərbaycanın inkişaf vektorunun əsasını qoydu, iqtisadiyyatı, elmi, təhsili əsaslı şəkildə irəlilədə bildi, milli dəyərlərin dirçəldilməsinə, Azərbaycan xalqının tolerantlıq ənənələrinin möhkəmlənməsinə şərait yaratdı. Nisbətən qısa müddətdə ölkədə yeni sahələr yaradıldı, onlarca iri zavod və fabrik tikildi, yüzlərlə məktəb, kitabxana, mədəniyyət sarayı və muzeylər açıldı. Azərbaycan sürətlə inkişaf etməyə başladı, demokratik hüquqi dövlət quruculuğu yoluna qədəm qoyaraq beynəlxalq arenada layiqli yer tutdu, yüksək nüfuz və hörmət qazandı.

Heydər Əliyev əsl vətənpərvər idi. Onun adının özü rəmzi məna daşıyır. Məlum olduğu kimi, Heydər “bələdçi” deməkdir. O, həqiqətən öz xalqının bələdçisi, lideri idi. O, öz fəaliyyətində böyük şair və mütəfəkkir Nizami Gəncəvinin müdrik sözlərinə istinad edərək həmişə deyirdi: “Doğma torpağa sevgini özümə borc bilirəm”. Bu, onun həyatının mənası idi. Onun ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olması idi. Azərbaycan Prezidenti hörmətli İlham Heydər oğlu Əliyev tarixi ədaləti bərpa edərək bu arzunu uğurla həyata keçirdi.

Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi qəlbdən təbrik edirəm.

Heydər Əliyevin fəaliyyətini, onun sanballı şəxsiyyətini və böyük irsini dünyanın müxtəlif ölkələrinin görkəmli siyasətçiləri və ictimai xadimləri yüksək qiymətləndirirlər.

Hörmətli mərasim iştirakçıları, bizim ölkələrimiz arasında dostluq münasibətlərinin, iki xalqın tarixi əlaqələrinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük töhfəsini xüsusi qeyd etmək istərdim. Onunla Özbəkistanın rəhbərləri Şərəf Rəşidoviç Rəşidov, daha sonra İslam Abduqəniyeviç Kərimov arasında etimada əsaslanan səmimi münasibətlər yaranmışdı. Bizim liderlər arasında dostluq iki ölkənin və iki qardaş xalqın sıx qarşılıqlı əlaqə saxlamasına, fəal mübadilələri, o cümlədən humanitar mübadilələri inkişaf etdirməsinə imkan verib. Azərbaycan xalqının Ümummilli Lideri özbək xalqına həmişə böyük hörmətlə yanaşırdı. Hərtərəfli savadlı və əsl ziyalı insan olan Heydər Əliyev bizim tariximizə, mədəniyyətimizə və ənənələrimizə səmimi heyranlığını bildirirdi. Məsələn, 1996-cı ildə Daşkənddə olarkən, Heydər Əliyev Teymurilər Tarixi Muzeyini ziyarət edərək Fəxri qonaqlar kitabında yazdığı qeyddə xüsusi olaraq vurğulamışdı: “Əmir Teymurun xidmətlərinə, onun tarixi irsinə qayğıkeş, hörmətli münasibətə görə Özbəkistan xalqı çox sağ olsun”. Bu, yüksək mənəviyyat və müdriklik təzahürüdür.

Son illərdə bizim birgə səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycanın münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb, konkret məzmun kəsb edib. Hörmətli İlham Heydər oğlu, Sizə, xüsusən ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli möhkəmlənməsinə şəxsi diqqətinizə görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Əminəm ki, Sizin dövlət səfəriniz qarşılıqlı faydalı əlaqələrimizin daha da inkişafına yeni güclü təkan verəcək.

Əziz dostlar, bu gün Azərbaycanın Ümummilli Liderinin xoş adını xatırlayaraq, böyük özbək şairi Həmid Alimcanın sözlərini sitat gətirmək istəyirəm: “İnsanın xatirəsi yaşadıqca, o da yaşayır”. Əminəm ki, bu sözlər həm Özbəkistanda, həm də Azərbaycanda qəbul edilir. Əminəm ki, dahi insana və vətənpərvərə, qurucu şəxsiyyətə, bu gün həm Azərbaycanda, həm də Özbəkistanda gənclərin örnək hesab etdiyi Heydər Əlirza oğlu Əliyevə həsr edilmiş bu memorial kompleks ölkələrimizin və xalqlarımızın sarsılmaz dostluğunun parlaq simvolu olacaq, bizim doğma Özbəkistanın sakinləri və qonaqları üçün ziyarətgaha çevriləcək. Bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm. Biz bu səfərə çoxdan hazırlaşırdıq. Obyektiv səbəblər olub, pandemiya olub. Demək istəyirəm ki, İlham Heydər oğlu pandemiyadan sonra ilk rəsmi səfərini məhz Özbəkistana edir. Bu, çox rəmzi məna daşıyır. Bir daha demək istəyirəm: “Özbəkistana xoş gəlmisiniz”.

Bu gün Özbəkistanın bütün sakinləri, bütün xalq Sizi gözləyir. Fikrimcə, bu səfər həqiqətən tarixi səfər olacaq. Əlbəttə, bu gün biz hər şey haqqında söhbət edəcəyik. Bu, bizim qarşılıqlı münasibətlərimizə böyük təkan verəcək və gələcəkdə biz öz münasibətlərimizi tamamilə başqa səviyyəyə çatdıracağıq, ona görə ki, biz buna çoxdan hazırlaşırdıq. Cənab Prezident, Özbəkistana xoş gəlmisiniz.

İndi isə sözü məmnuniyyətlə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə verirəm.

x x x

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

-Hörmətli Şavkat Miromonoviç.

Əziz dostlar.

İlk növbədə, qardaş Özbəkistana səfərə dəvətə görə Şavkat Miromonoviçə dərin təşəkkürümü bildirmək istərdim. Şavkat Miromonoviçin qeyd etdiyi kimi, pandemiya ilə əlaqədar mən özümün bütün rəsmi səfərlərimi dayandırdım, iki ildən artıq müddətdə rəsmi səfərlər etmədim. Pandemiya ilə bağlı vəziyyət imkan verəndən sonra mən ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm. Bu, bizim münasibətlərimizin təzahürü, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.

Əziz qardaşım Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində atam Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edirəm. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk, çox təşəkkür edirik və bunu özbək qardaşlarımızın bizim Ulu Öndərə, ortaq tariximizə həqiqətən qardaşcasına münasibəti hesab edirik. Bu, həm də Heydər Əliyevin bütün həyatını həsr etdiyi bütün Azərbaycan xalqına hörmətdir. Mən atam haqqında səmimi sözlərinə görə Şavkat Miromonoviçə çox təşəkkür edirəm. O, bizim Liderimizi çox sanballı və dəqiq səciyyələndirdi. Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib. Sovet dönəmində də, müstəqillik dövründə də həmişə xalqın yanında olub. Ən ağır dövrdə, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda o, həmişə xalqın yanında olub. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl o, sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdi. Bu, böyük siyasi əzmkarlıq tələb edirdi. Ona görə ki, o vaxt Sovet İttifaqının tarixə qovuşacağına hələ nə qədər qaldığı məlum deyildi. O, bunu etdi. Ən çətin dövrdə, Naxçıvan Muxtar Respublikası təcavüzə məruz qalanda da o, öz xalqının yanında idi. Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən əslində o, Azərbaycanın bu tarixi hissəsini, qədim torpağını təcavüzdən müdafiə etdi. Yenə onun təşəbbüsü ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı məhz Naxçıvanda, Sovet İttifaqı dağılandan və Azərbaycan öz müstəqilliyini bərpa edəndən xeyli əvvəl dövlət bayrağı kimi rəsmən qəbul edilib.

Vətəndaş müharibəsi dövründə xalqın iradəsi ilə məhz Heydər Əliyev 1993-cü ildə vətəndaş müharibəsini dayandırdı və ölkəmizi inkişaf yoluna çıxartdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, islahatlar, inkişaf – bütün bunlar onun adı ilə bağlıdır və biz fəxr edirik ki, onun işini davam etdiririk. Vəfatından bir qədər əvvəl öz siyasi vəsiyyətində Azərbaycan xalqına müraciətlə demişdi: “Mənim edə bilmədiklərimi mənim davamçılarım edəcəklər”. Biz, onun davamçıları fəxr edirik ki, onun bütün vəsiyyətlərini həyata keçirmişik və ilk növbədə, tarixi ədaləti bərpa etmişik, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişik.

Şavkat Miromonoviçin düzgün olaraq qeyd etdiyi kimi, Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. Onun oğlu kimi, canlı şahid kimi təsdiq edə bilərəm ki, 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Şavkat Miromonoviç ilə biz də bu şanlı estafeti davam etdiririk. Biz xalqlarımızı inkişaf yolu ilə və sıx qarşılıqlı fəaliyyət yolu ilə aparırıq.

Mənim bugünkü dövlət səfərim təkcə bizim niyyətlərimizin təsdiqi deyil, həm də qardaşlıq, dostluq münasibətlərimizin möhkəm təməlinin təsdiqidir. Özbəkistanda Heydər Əliyevin özbək xalqına, Özbəkistana münasibətini çox yaxşı bilirlər. Bu gün biz mənim qardaşım Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə çox şadıq. Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir. Biz bütün bunları görürük və dostlar, qardaşlar kimi bütün bunlara görə sevinirik.

Mən Heydər Əliyevin xatirəsinə belə yüksək münasibətə görə bütün Azərbaycan xalqı adından bir daha, ilk növbədə, Özbəkistan Prezidentinə, qardaş özbək xalqına təşəkkürümü bildirmək istərdim. Biz Azərbaycanda bunu yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq. Bu, Özbəkistan ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə daha bir töhfədir.

Yaşasın Özbəkistan və Azərbaycan birliyi, qardaşlığı!

x x x

Sonra Özbəkistanın İstedadlı gənclərə dəstək üzrə Uluqbəy adına Respublika Fondunun rəhbəri, akademik Akil Səlimov çıxış edərək dedi:

– Hörmətli Azərbaycan Prezidenti İlham Heydər oğlu.

Hörmətli Özbəkistan Prezidenti Şavkat Miromonoviç.

Əziz qonaqlar, bu gün bu gözəl meydanda və bütün Özbəkistanda sevinc dolu yüksək əhval-ruhiyyə hökm sürür. Buraya toplaşanların hamısı tarixi hadisədə – paytaxtımızda Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin şərəfinə yenilənmiş küçənin və abidənin təntənəli açılışında iştirak edirlər. Yaxşı yadımdadır, hələ 1970-ci illərdə Azərbaycan və Özbəkistan, Heydər Əliyev və Şərəf Rəşidoviç birbaşa, möhkəm əlaqələr yaratmağa çalışırdılar. İki respublika arasında dostluq körpüləri qurulurdu. Əlbəttə, bu nəcib işə bu böyük insanların qarşılıqlı anlaşması, səmimi dostluğu şərait yaradırdı. Bu halda onlar, heç şübhəsiz, xalqlarımızın çoxəsrlik, əsl qardaşlıq münasibətlərinə arxalanırdı.

İlk dəfə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda “Özbəkistan günləri” keçirildi. Deməliyəm ki, bu, həqiqətən cəsarətli addım idi, axı həmin dövrdə bütün qərarlar yalnız mərkəzdə qəbul edilirdi. Bakıda bizim respublikanın nümayəndə heyətini təntənəli şəkildə, böyük hörmət və ehtiramla qarşıladılar. “Özbəkistan günləri” keçirilən bütün həftə ərzində Heydər Əliyev çox məşğul olmasına baxmayaraq daim bizimlə birlikdə idi. Ona görə ki, Heydər Əliyev özbək xalqını, özbək mədəniyyətini, özbək incəsənətini çox sevirdi.

Sonrakı dövrdə respublikalarımız arasında mədəniyyət və incəsənət günlərinin keçirildiyini qeyd edən akademik Akil Səlimov bu tədbirlərin xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına mühüm töhfələr verdiyini vurğulayaraq bildirdi:

– Bu forumların sayəsində xalqlarımız daha da yaxınlaşdı, bənzərsiz melodiyalar və mahnılar, bir-birimizin zəngin mədəni irsi daha çox sevildi. Daşkənddə xalqlar dostluğuna həsr edilmiş konsertdə Özbəkistanın Xalq artisti Batır Zakirov tamaşaçıların xahişi ilə Azərbaycan haqqında, Bakı və Azərbaycan insanları haqqında mahnını dörd dəfə ifa etdi. Bu, iki xalq arasında dostluğun hərtərəfli möhkəmlənməsində Heydər Əliyevin görkəmli tarixi xidmətlərinin ən yüksək səviyyədə etiraf edilməsinin rəmzidir. Bu, bizim sarsılmaz qardaşlıq əlaqələrimizin, inkişaf etməkdə olan strateji tərəfdaşlığımızın, ümumi gələcək nailiyyətlərimizin rəmzidir.

Hazırda xalqlarımızın böyük qurucu qüvvəsi yeni Azərbaycanda və yeni Özbəkistanda həyata keçirilən geniş, əsaslı dəyişiklərdə xüsusilə parlaq şəkildə təzahür edir. Bu gün iki dövlət başçısı – möhtərəm İlham Heydər oğlu Əliyev və hörmətli Şavkat Miromonoviç Mirziyoyev bizim ikitərəfli əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə çatdırıblar və dostluğumuzu yeni mühüm konkret işlərlə təsdiqləyirlər. Qoy bu sarsılmaz dostluq məşəli ölkələrimizin və xalqlarımızın rifahı naminə daim şölələsin!

Yaşasın Azərbaycan və Özbəkistan!

x x x

Mirabad rayonunun Temiryolçilar məhəllə komitəsinin sədri Mehriban Rəhimova çıxış edərək dedi:

– Əssəlamunaleykum hörmətli Şavkat Miromonoviç.

Xoş gördük Sizi, hörmətli İlham Heydər oğlu.

Siz bizim gözəl vətənimiz Özbəkistana xoş gəlmisiniz. Mən Özbəkistanın azərbaycanlı övladı Mehriban Ziyadxan qızı Azərbaycanın Şəki rayonunda doğulmuşam. On doqquz yaşımda Özbəkistana gəldim. Mən 41 ildir bu gözəl ölkədə yaşayıram. Mənə xalqım hörmət edib, bu məhəllədə sədr seçib və 15 ildir məhəllə komitəsinin sədriyəm.

M.Rəhimova təmsil etdiyi məhəllədə 3500-dən çox əhalinin yaşadığını, onların 70 faizinin azərbaycanlı olduğunu vurğulayıb. Özbəkistanda doğma Vətəndəki kimi yaşadıqlarını vurğulayan M.Rəhimova burada insana diqqət və qayğının, millətlərarası dostluğun dövlət siyasətinə çevirdiyini bildirib, azərbaycanlıların bu gözəl diyarda özlərini xoşbəxt hiss etdiklərini deyib:

– Mən anayam. Analar həm öz övladlarının, həm də bütün dünyanın xalqlarının dincliyini, xoşbəxtliyini daim Allahdan arzu edirlər. Canım Özbəkistandır, ana canım Azərbaycandır, hər ikisini eyni dərəcədə sevirəm. Əziz Prezidentimiz Şavkat Miromonoviç, Siz bizlərə bu gözəl bağı, babamız, atamız Heydər Əliyevin abidəsini bəxş etdiniz. Bu, Özbəkistanda yaşayan biz azərbaycanlılara olan böyük mükafatdır, hədiyyədir. Buna görə Sizə təşəkkür edirik.

Yaşasın Azərbaycan-Özbəkistan dostluğu! Bizim dostluğumuz əbədi olsun!

x x x

Özbəkistan Yazıçılar Birliyinin üzvü, əslən Şuşadan olan Əli Nəzərli əməyinin yüksək qiymətləndirildiyini, Özbəkistanın “Dostluq” ordeni ilə təltif olunduğunu vurğulayaraq dedi:

– Özbəkistanda yaşayan 41 min azərbaycanlının 3 min nəfəri mənim yaşadığım Sırdərya vilayətində yaşayır. Yeni Özbəkistanın böyük gələcəyi üçün hamımız birlikdə səmimi qəlbdən çalışırıq. Mən bir yaradıcı şəxs kimi bildirmək istəyirəm ki, bizim dostluq və qardaşlıq ənənələrimizin tarixi kökləri çox qədimdir. Bunu klassik şairlərimizin, alimlərimizin əsərlərində, onların bir-biri ilə münasibətlərində aydın görmək olar. Uzağa getməyək, astronomiya elminin dahisi Mirzə Uluqbəyin ən sevimli şagirdi Əli Quşçu azərbaycanlı olub. Möhtərəm ümummilli lider Heydər Əliyevin yurddaşı, Azərbaycanın böyük dramaturqu Hüseyn Cavid hələ 1925-ci ildə “Əmir Teymur” dramını yazıb.

Azərbaycan Prezidentinin səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açdığını vurğulayan Ə.Nəzərli dedi:

– Hörmətli Şavkat Miromonoviç.

Hörməli İlham Heydəroğlu.

Bu gün Özbəkistan – Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoydu. Əlaqələrimizə yeni nəfəs, yeni ruh verildi. Bu ruhun adı yüksəliş ruhudur. Mən inanıram ki, bu yüksəliş ruhu bu iki dövləti çox yaxın zamanlarda dünyanın ən tərəqqi edən dövlətlərinin qatarına qoşacaq.

Hörmətli Şavkat Miromonoviç.

Mən bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin, bu parkın açılışı bizim üçün fəxrdir. Bu yer bizim üçün dostluq və qardaşlıq məkanıdır. Əminəm ki, burada dostluğa və qardaşlığa xidmət edən əsərlər yaranacaq. Mən Sizə bunun üçün dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan, Özbəkistan,

Bir ürəkdir, bir candır.

İkisi də bizim üçün

Əziz, doğma məkandır.

Yaşasın azərbaycanlıların və özbəklərin qardaşlığı, dostluğu!

x x x

Dövlət başçıları memorial kompleksin açılışını etdilər.

Daha sonra Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev memorial kompleksin önünə gül dəstələri qoydular.

17:17

***

İyunun 21-də Daşkənddə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzaladılar.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Məşğulluq və Əmək Münasibətləri Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Özbəkistanın məşğulluq və əmək münasibətləri naziri Nozim Xusanov imzaladılar.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Özbəkistanın innovativ inkişaf naziri İbroxim Abduraxmonov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Özbəkistanın Karantin və Bitkilərin Mühafizəsi Agentliyinin baş direktoru İbrahim İrqaşev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Özbəkistanın nəqliyyat naziri İlxam Maxkamov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2022-2024-cü illər üzrə əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər nazirinin vəzifələrini icra edən Vladimir Norov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında regionlararası əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov imzaladılar.

***

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olublar.

19:00

***

Xəbər verildiyi kimi, iyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

Prezident Şavkat Mirziyoyevin çıxışı

-Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır. Ölkələrimizi ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir ki, bu barədə bu gün biz məhdud tərkibdə keçirilən görüşdə çox ətraflı danışdıq. Biz Azərbaycanın sanballı uğurlarına Özbəkistanda həmişə ürəkdən sevinirik. Bu gün Sizin əldə etdiyiniz nailiyyətlər bütün dünyada tanınır. Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi. Bu gün Sizin rəhbərliyinizlə böyük quruculuq işləri aparılır. Bu torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara çevrilir. Biz bu nəcib işə öz töhfəmizi verməyə şad olarıq, bu barədə də məhdud tərkibdə keçirilən görüşdə danışdıq.

Hörmətli görüş iştirakçıları, İlham Heydər oğlu ilə keçirilən məhdud tərkibdə, məhdud formatlı bugünkü görüşdə fikrimcə, biz ikitərəfli münasibətlərimizin bütün məsələləri barədə çox əyani, açıq, səmimi söhbət etdik, hətta hansı istiqamətlər üzrə real nəticə olması üçün nə etməli və necə etməli olmağımız barədə danışdıq. Əlbəttə, son illər biz etimada əsaslanan dialoqumuzu və praktiki əlaqələrimizi əhəmiyyətli dərəcədə fəallaşdırmışıq. Bu gün mühüm siyasi sənəd – Strateji tərəfdaşlığın genişləndirilməsi və hərtərəfli əməkdaşlığın artırılması haqqında Bəyannamə qəbul olunacaq. Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrimiz mövcuddur. Biz ticarətdə, sənayedə, kooperasiyada dinamik artım müşahidə edirik. Biz yalnız bu gün bu barədə tənqidi, ciddi danışdıq, qeyd etdik ki, əslində, əmtəə dövriyyəsi 6 dəfə artıb, lakin bu barədə tənqidi fikirləşməyə dəyər və biz bu məsələləri çox ciddi təhlil etdik. Birgə müəssisələrin sayı 4 dəfə artıb. Uğurlu əlamətdar layihələr arasında Hacıqabulda avtomobillərin birgə istehsalının təşkilini və ipəkçilik sahəsində kooperasiyanı qeyd etmək olar. Lakin göstəricilər hələ çox cüzidir və iqtisadiyyatlarımızın bir-birini qarşılıqlı tamamlayan amillərinin mövcud böyük potensialından istifadə etməyin zəruri olduğunu göstərir.

Bizim görüşümüz ərəfəsində səmərəli biznesforum keçirilib, yarım milyard dollardan yuxarı həcmdə investisiya sazişləri və ticarət müqavilələri paketi imzalanıb. Onların arasında neft-qaz, neft-kimya sahələrində, energetika, əczaçılıq, tikinti materialları istehsalı, şərabçılıq, yeyinti, toxuculuq məhsullarının və zərgərlik məmulatlarının istehsalı üzrə perspektiv layihələr mövcuddur. Ələt Azad İqtisadi Zonasının bazasında sonradan Avropa İttifaqı bazarlarına çıxmaqla layihələrin icrası üçün imkan var.

Həmçinin razılığa gəldik ki, layihələrin icrası üçün birgə investisiya fondu yaradılacaq, artıq növbəti ayda onların sürətli həlli üzrə proqram tədbirlərinin qəbul edilməsi üçün hökumətlərarası komissiyanın iclası təşkil olunacaq.

Hörmətli nümayəndə heyətinin üzvləri, nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığımız strateji xarakter daşıyır. Biz Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyətindəyik. Bu, xüsusən, ərzaq və sənaye mallarının tranziti məsələlərinə aiddir.

Eyni zamanda, indiki reallıqlar alternativ dəhlizlərin formalaşmasını tələb edir. Bu baxımdan, Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi gələcəkdə ölkələrimizin Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərinin 3 milyarddan çox istehlakçısı olan bazarlarına ən qısa yolla çıxışı təmin etməyə imkan verəcək. Biz bu istiqamətdə birinci dərəcəli məsələlərin həlli üçün nəqliyyat nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılaşdıq. Biz həm də xarici işlər nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılığa gəldik. Biz bu məsələləri uzatmırıq, ilk görüş gələn ay Daşkənddə olacaq. Əlbəttə, nəqliyyat nazirləri, investisiya və iqtisadiyyat nazirləri xarici işlər nazirlərinin himayədarlığı ilə işləyəcəklər. Fikrimcə, ona görə ki, bizim çox ciddi niyyətlərimiz var.

Kənd təsərrüfatında kooperasiyanın gücləndirilməsini çox vacib hesab edirəm. Söhbət ipək istehsalı üzrə klaster yaradılmasından, pambıqçılıq sahəsində layihələrdən, innovasiya araşdırmalarının tətbiqindən gedir. Bizim nazirlər bu günlərdə bütün perspektiv istiqamətlər üzrə yol xəritəsini razılaşdırmalı və vaxt var ikən öz təkliflərini verməlidirlər.

Çoxplanlı əməkdaşlığın genişlənməsində birbaşa regionlararası əlaqələrə mühüm rol ayrılır. Biz razılaşdıq ki, ən yaxın vaxtlarda paytaxtlarımız və iri şəhərlərimiz tərəfdaşlıq münasibətləri quracaqlar. Bu gün baza sazişi imzalanacaq. Bundan əlavə, bu il Daşkənddə regionların birinci forumunu və onların sənaye potensialı sərgisini keçirməyi təklif edirik.

Humanitar məsələlərdə mütəmadi olaraq qarşılıqlı Mədəniyyət və Kino Günləri keçirmək, ali məktəblər, elmi müəssisələr, idman və gənclər təşkilatları arasında mübadilələri və əlaqələri genişləndirmək lazımdır. İşgüzar və humanitar əlaqələrin möhkəmlənməsi turizm sahəsində əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Azərbaycan Prezidentinin turizm üzrə ayrıca proqram qəbul edilməsinə xüsusi diqqətinə, bu təklifi dəstəkləməsinə görə ona minnətdaram. Bu il birgə Özbəkistan-Azərbaycan turizm yarmarkası keçirilməsini təklif edirik. Biz çox zəngin mədəni irs abidələrimizin bərpası və qorunub saxlanması sahəsində sıx qarşılıqlı faydalı əməkdaşlığı da inkişaf etdirməyə hazırıq.

Bundan əlavə, bu gün hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində mühüm sənəd qəbul ediləcək. Müdafiə nazirləri artıq bu gün bizim bu sazişlərin reallaşdırılması üzrə birinci dərəcəli addımları müəyyən etməlidirlər.

Hörmətli İlham Heydər oğlu, hörmətli nümayəndə heyətinin üzvləri. Bir daha vurğulamaq istərdim ki, ölkələrimiz çox böyük potensiala malikdir. Bu gün biz məhdud tərkibdə görüşdə bütün istiqamətlər üzrə potensiallarımızı bir daha çox ətraflı müzakirə etdik və hökumətlərarası komissiyaların həmsədrlərinə və ya sədrlərinə tapşırıqlar verdik ki, ən yaxın vaxtda, bu ilin noyabrında Səmərqənddə keçiriləcək görüşə qədər real nəticə olsun. Ən başlıcası, biz qarşılıqlı münasibətlərimizin müsbət təcrübəsini qazanaq. Nümayəndə heyətinin bütün üzvlərinə demək istəyirəm ki, indiyə qədər bizim bu cür etimada əsaslanan açıq söhbətimiz olmayıb. Bu gün biz çox səmimi formada açıq etiraf etdik ki, çox böyük imkanlarımız var, lakin təəssüf ki, nəticələr azdır. Bu nəticələr onu göstərir ki, İlham Heydər oğlunun tarixi səfəri özlüyündə bizim münasibətlərə yeni təkan verməlidir. Mən bizim bugünkü danışıqlardan tam razıyam, çünki istəyirdim ki, bu görüş tarixi olsun – bu, həqiqətən tarixidir, bu mənada ki, bizim qarşılıqlı münasibətlərimizin böyük potensialında böyük iz qoyacaq və bu, real nəticə olacaq.

İlham Heydər oğlu, Sizi Özbəkistanda bir daha salamlayıram və məmnuniyyətlə sözü Sizə verirəm.

x x x

Prezident İlham Əliyevin çıxışı

-Sağ olun, hörmətli Şavkat Miromonoviç, hörmətli özbək qardaşlar.

İlk növbədə, qonaqpərvərliyə və dəvətə görə bir daha təşəkkür etmək istərdim. Mən qardaş Özbəkistana səfər etməyimə və gələcək qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərini Sizinlə müzakirə etmək imkanına malik olduğuma görə çox şadam. Bu səfər həqiqətən tarixi səfərdir. Mən Şavkat Miromonoviçin çıxışında qeyd etdiyi istiqamətlər üzrə onun fikirləri ilə tamamilə şərikəm. Biz münasibətlərimizin gələcək hərtərəfli inkişafının əsasını qoyuruq. Dünən və bu gün bizim həyat fəaliyyətimizin demək olar ki, bütün mühüm sahələrini əhatə edən 20-yə yaxın sənəd imzalanıb və imzalanacaq. Bir də, əlbəttə, siyasi sənəd – bizim inkişafımızı çox illər əvvəlcədən istiqamətini müəyyən edən birgə Bəyannamə.

Qarşılıqlı iqtisadi fəaliyyət məsələlərinə gəldikdə, mən Şavkat Miromonoviçin dedikləri ilə həmrəyəm. Biz əlaqələrimizi intensivləşdirməliyik. Nazirlərə müvafiq tapşırıqlar verilib. Əminəm ki, hər bir istiqamət – iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Biz, iki Prezident qərara aldıq ki, tapşırıqlarımızın yerinə yetirilməsini özümüz nəzarətdə saxlayacağıq və müvafiq nazirliklər müntəzəm surətdə irəliləyiş barədə bizə məruzə edəcəklər. Bu yolla biz ticari-iqtisadi sahədə və təkcə bu sahədə deyil, ciddi tərəqqiyə nail ola bilərik. Ona görə ki, bu gün biz qarşılıqlı beynəlxalq fəaliyyətin mühüm məsələlərini müzakirə etdik və əlbəttə, bütün beynəlxalq strukturlarda daimi qarşılıqlı dəstəyi böyük məmnunluqla qeyd edirik. Şavkat Miromonoviç bizim əməkdaşlıq etdiyimiz təşkilatlar barədə danışdı. Biz həqiqətən dostlar, qardaşlar kimi əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik.

Mən, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinizə görə ayrıca təşəkkürümü bildirmək istərdim. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir.

Əlbəttə, dünyadakı vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Bu gün Şavkat Miromonoviç ilə dialoqumuzun bir hissəsi bu məsələyə həsr edilib. Müvafiq tapşırıqlar verilib. Düşünürəm ki, hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Mənim fikrimcə, bu sahədə də qarşılıqlı fəaliyyətimiz möhkəmlənəcək, çünki həm Özbəkistanda, həm də Azərbaycanda elə mövzular var ki, onları müzakirə etmək lazımdır, kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də düşünürəm ki, bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq.

Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllinə görə Şavkat Miromonoviçə təşəkkür edirəm. Mən dəstək üçün müraciət edəndə dərhal kömək göstərildi və bu, həmin sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağımıza imkan verdi. Biz bu gün həm də kənd təsərrüfatı fəaliyyətinin başqa istiqamətləri ilə bağlı məsələləri müzakirə etdik. Əminəm ki, bu istiqamətlər üzrə də mühüm uğurlar əldə ediləcək. Əlbəttə, mən səfərdən əvvəl də, səfər çərçivəsində də Özbəkistanın bugünkü sənaye potensialı haqqında çox eşitmişəm. Bu gün sənaye potensialı, onun bir hissəsi ilə texnoparkda tanış olmaq imkanı olacaq. Əminəm ki, bu, müştərək layihələrin praktiki reallaşdırılması baxımından da bizim kooperasiyamız üçün çox vacibdir. Qarşılıqlı ünsiyyət çərçivəsində görürük ki, artıq yaxşı elementlər var. Konkret olaraq Hacıqabulda avtomobil zavodu. Mənə bu gün deyildi ki, avtomobil istehsalı nomenklaturunu genişləndirmək və istehsal edilən avtomobillərin sayını artırmaq planlaşdırılır. Özbəkistan haqlı olaraq bu müəssisə ilə fəxr edə bilər. Bilirəm ki, Özbəkistanda belə müəssisələr az deyil.

Qarabağın bərpası işində qardaş köməyinə görə, Prezident Şavkat Miromonoviçin işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına görə də ayrıca təşəkkürümü bildirmək istərdim. İşlər artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, bizə verilmiş ilk belə böyük hədiyyədir. Biz Qarabağı hələlik öz gücümüzlə bərpa edirik. Əlbəttə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o, belə bir təşəbbüs irəli sürdü və bu təklif minnətdarlıqla qəbul edildi. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq.

Mən Şavkat Miromonoviçin apardığı islahatları – Özbəkistanın investisiya baxımından cəlbediciliyinin, sənaye potensialının artırılması, sosial məsələlərin həlli üzrə apardığı islahatları çox yüksək qiymətləndirirəm. Biz müxtəlif beynəlxalq tədbirlər çərçivəsində, o cümlədən Bakıda da dəfələrlə görüşmüşük, fikir mübadiləsi aparmışıq. Əlbəttə, Özbəkistan kimi müsbət demoqrafik dinamikaya malik olan ölkə bu təhdidlərin öhdəsindən gəlir. Sənaye istehsalı, iş yerləri, xalqın sosial rifahı – bütün bu mövzular daim Prezidentin diqqət mərkəzindədir və Azərbaycanda biz də, əminəm ki, Özbəkistan sakinləri də bu istiqamətlərdə böyük nailiyyətlər, böyük tərəqqi görürlər. Biz buna şadıq. Biz dostlar kimi, qardaşlar kimi Sizin uğurlarınıza sevinirik. Əminik ki, qardaş özbək xalqının ardıcıl inkişafı davam edəcək. Biz də, əlbəttə, öz tərəfimizdən qarşılıqlı fəaliyyətimizi genişləndirmək üçün səy göstərəcəyik. Biz bu gün çox mövzular barədə ətraflı söhbət etdik. Ən başlıcası odur ki, bütün tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik.

Qonaqpərvərliyə görə bir daha sağ olun. Ümidvaram ki, bu gün də, sabah da Sizinlə bu fəal, səmərəli dialoqu davam etdirəcəyik.

x x x

Prezident Şavkat Mirziyoyev: Bir daha sağ olun, İlham Heydər oğlu. Özbəkistanda son illərdə aparılmış islahatlara qiymət verildi. Əlbəttə, biz indi çox mürəkkəb dövrdə yaşayırıq və bu mürəkkəb dövrdə biz bir-birimizi tapmalıyıq.

Etikxeber.az

Read Previous

220 saylı məktəbin məzunu olmuş Şəhidlərin xatirəsinə həsr olunmuş abidə-xatirə kompleksinin açılış mərasimi: ADIÇƏKİLƏN MƏKTƏBİN ŞƏHİD MƏZUNU ALI HƏSƏNLİNİN SABAH HƏM DƏ CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR… – FOTOLAR -YENİLƏNİB

Read Next

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi-ÖZBƏKİSTANDA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir