“Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrin inkişafına böyük töhfə verəcək…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (4)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.

Etikxeber.az xəbər verir ki, fevralın 17-də dövlətimizin başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.

11:27

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.

Fevralın 17-də dövlətimizin başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.

Prezident İlham Əliyev Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını, alman şirkətləri ilə uğurlu təcrübəmizin olduğunu, ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd etdi.

Dövlətimizin başçısı ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirdi, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu bildirdi.

Görüşə görə təşəkkürünü bildirən Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms dövlətimizin başçısı ilə sonuncu görüşünü məmnunluqla xatırladı. Bildirdi ki, COVID-19 pandemiyasının törətdiyi fəsadlara baxmayaraq, Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında və ticarət dövriyyəsində əsaslı artım var.

Prezident İlham Əliyev Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində həyata keçirilən islahatlar barədə məlumat verdi, ölkəmizin xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı olduğunu vurğuladı. Dövlətimizin başçısı, eyni zamanda, ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, Azərbaycanın logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verdi. Bu xüsusda Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırdı, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət etdi.

Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirdi.

Dövlətimizin başçısı, eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlərin müəyyənləşdirildiyini qeyd edərək, bu sahədə ölkələrimiz arasında, o cümlədən alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu dedi.

Prezident İlham Əliyev, həmçinin Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələri, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığı qeyd etdi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətini bildirdi. Dövlətimizin başçısı ölkəmizin həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu qeyd etdi, Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində bu layihənin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini dedi və alman şirkətləri ilə də bu sahədə əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğuladı. Prezident İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış dördtərəfli memorandumun əhəmiyyətini qeyd etdi.

Ətraflı məlumata görə minnətdarlığını bildirən Mixael Harms Almaniya şirkətlərinin Azərbaycanda məmnuniyyətlə fəaliyyət göstərdiyini vurğuladı, Azərbaycanın alman şirkətlərinin birbaşa investisiyaları üçün cəlbedici məkan olduğunu, ölkəmizin nəqliyyat-logistika imkanlarının daha da genişlənməsinin alman şirkətləri üçün əlavə cəlbedicilik yaratdığını dedi.

O, alman şirkətləri ilə birlikdə məmnuniyyətlə Azərbaycana səfər etmək niyyətində olduğunu diqqətə çatdırdı.

Mixael Harms Almaniya şirkətlərinin bərpaolunan enerji sahəsinə xüsusi maraq göstərdiyini vurğuladı, bu sahədə də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi.

13:27

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşüb.

20:03

***

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü olub.

20:56, 17 fevral

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşüb.

Görüşdə dövlətimizin başçısı tarixən yəhudi icmasının Azərbaycanda dostluq, mehribanlıq və qarşılıqlı anlaşma mühitində yaşadığını, dini ibadətlərini sərbəst yerinə yetirdiyini, sinaqoqların fəaliyyəti üçün şəraitin yaradıldığını qeyd etdi.

Azərbaycanın Quba rayonunda yaşayan yəhudi icması haqqında danışan Prezident İlham Əliyev dövlətimiz tərəfindən yəhudi icmasına daim dəstək göstərildiyini, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlərin görüldüyünü vurğuladı. Dövlətimizin başçısı bunun minilliklər boyu Azərbaycan xalqının həyat tərzi olduğunu diqqətə çatdırdı.

Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit 1997-ci ildə Azərbaycana səfərini və Ulu Öndər Heydər Əliyev ilə görüşünü məmnunluqla xatırladı, Ümummilli Liderlə görüşün onda zəngin təəssürat yaratdığını qeyd etdi. O, Azərbaycanın yəhudi icmasının fəaliyyətini möhkəm təməllər üzərində davam etdirdiyini vurğuladı, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Pinhas Qoldşmit Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, o cümlədən yəhudi icması üçün yaradılmış şəraitin digər ölkələrə nümunə olduğunu dedi. O, Quba rayonuna səfər etdiyini və burada yəhudi icmasının yaşayış şəraiti ilə tanış olduğunu vurğuladı, orada 13 sinaqoqun fəaliyyət göstərməsinin onda dərin təəssürat yaratdığını dedi.

Avropa Ravvinləri Konfransının prezidenti Azərbaycan ilə İsrail arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu, dünyanın müxtəlif ölkələrində yaşayan yəhudi icmalarının da bu əlaqələrin inkişafına töhfə verdiyini qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycan ilə İsrail arasında tərəfdaşlıq və dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın İsraildə səfirliyinin açılmasının bu əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə etdi.

Görüşdə Avropa yəhudi icmasının nümayəndələrinin Azərbaycana səfər etmək niyyətində olduqları vurğulandı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü olub.

Prezident İlham Əliyev Yoav Qallantı İsrailin müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, onunla Azərbaycanın müdafiə naziri arasında təmasların və telefon danışıqlarının olduğunu məmnunluqla vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanla İsrail arasında münasibətlərin dostluq və tərəfdaşlıq xarakteri daşıdığını, müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlamasının əlaqələrimizin inkişafına daha böyük töhfə verəcəyinə əminliyini ifadə etdi.

Yoav Qallant İsrail Dövlətinin rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi və onun da salamlarını İsrail Dövlətinin rəhbərliyinə çatdırmağı xahiş etdi.

Nazir Yoav Qallant Azərbaycanla İsrail arasındakı əlaqələrin inkişafından məmnunluğunu bildirdi, vaxtilə Azərbaycana səfər etməsini xatırladı, Quba şəhərində yəhudi icmasının yaşaması üçün yaradılmış şəraitin onda böyük təəssürat yaratdığını dedi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidləri: AİLƏNİN TƏK ÖVLADI OLAN YUSİF BUDAQOV VƏ EVİN TƏK OĞLU OLAN TEYMUR MƏCİDZADƏ…BƏRDƏLİ ŞƏHİD ANASI İLƏ HƏR İKİ ŞƏHİDİN AİLƏSİ, OCAĞI ZİYARƏT OLUNDU…-FOTOLAR – YENİLƏNİB

Read Next

Azərbaycan-Türkiyə-İraq Kürdüstan Regionu üçtərəfli əməkdaşlıq mexanizmi-YARADILA BİLƏR – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir