İlham Əliyev Brüsseldə-FİLİP VƏ TSUKLA BİR ARADA – FOTOLAR – YENİLƏNİB – (2)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəldi.

Etikxeber.az xəbər verir ki, həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşü oldu.

Görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edildi.

Prezident İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırdı.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirildi.

filip-bel

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşdü.

Əvvəlcə birgə foto çəkdirildi.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu.

Ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən Donald Tusk Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Avropa ittifaqı arasında münasibətlər çox uğurla inkişaf edir və ölkəmiz bu əlaqələrin genişlənməsinə böyük önəm verir.

Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verdi.

Görüşdə ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyəti vurğulandı, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparıldı. Söhbət zamanı Azərbaycanın istər Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində və istərsə də ikitərəfli formatda Avropa İttifaqı ilə yaxından əməkdaşlığı xüsusi qeyd olundu.

***

Mayın 13-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi verildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.

Əvvəlcə Prezident İlham Əliyev və Prezident Donald Tusk birgə foto çəkdirdilər.

Sonra Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçıları rəsmi foto çəkdirdilər.

tsuk-1

tsuk-2

tsuk-3

tsuk-4

***

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biridir.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır.

Dövlət başçısı, həmçinin bildirdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər.

Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd etdi.

Dövlət başçısı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq bildirdi ki, 25 ildən çoxdur bu münaqişə davam edir. Prezident İlham Əliyev qeyd etdi ki, bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Prezident İlham Əliyev xatırlatdı ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur.

Dövlət başçısı Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirdi.

Etikxeber.az

Read Previous

“Avroliqanın finalı ən yüksək standartlara uyğun keçiriləcək” – SAHİBƏ QAFAROVA

Read Next

UEFA avrokubokların formatlarında dəyişiklik edir?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir