“Avropaya təbii qaz ixracımızı iki dəfə artırmağı planlaşdırırıq… Əminəm ki, buna nail ola biləcəyik…”-İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən-BEYNƏLXALQ FORUMDA – YENİLƏNİB – (4)

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu başlayıb.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib.

Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.

Qeyd edək ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtalyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə xidmət edir.

“The European House – Ambrosetti”, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.

Müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.

13:02

***

İtaliyaya budəfəki səfərim çox uğurlu keçdi. Bu səfər zamanı İtaliyanın Prezidenti və Baş naziri ilə görüşlər keçirdim. Bu görüşlərdə ölkələrimiz arasında sıx strateji tərəfdaşlıq münasibətləri ilə bağlı bir çox məsələləri müzakirə etdik.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirib.

İtaliya Prezidenti Sercio Mattarellanın dörd il əvvəl etdiyi rəsmi səfəri xatırladan dövlətimizin başçısı deyib ki, bu, ölkələrimiz arasında aktiv siyasi dialoqun olduğunu göstərir.

“Budəfəki görüşlərimiz zamanı biz ikitərəfli gündəliyimizə yeni və çox mühüm məsələlər əlavə etdik. Bunlardan biri də təhsil sahəsidir. Biz görüşlərimiz zamanı təkcə enerji məsələləri, iqtisadi inkişafla bağlı deyil, həmçinin təhsil məsələlərinə dair müzakirələr apardıq”, – deyə Prezident İlham Əliyev qeyd edib.

***

Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib.

Bunu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib ki, ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür.

“Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

***

Keçən ay Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Düşünürəm ki, bu sənədin imzalanması bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox mühüm addım idi.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı söyləyib.

“Bu memorandum enerji sahəsində gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır. Bu sənədə əsaslanaraq deyə bilərəm ki, biz Avropaya təbii qaz ixracımızı iki dəfə artırmağı planlaşdırırıq. Əminəm ki, buna nail ola biləcəyik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

13:08

***

Ukrayna-Rusiya müharibəsi başlayandan sonra təbii qaz məsələsi Avropanın gündəliyində duran əsas məsələlərdən birinə çevrilib. Bir çox layihələr mövcuddur ki, bunlardan biri də tikintisi yekunlaşmaqda olan Yunanıstan-Bolqarıstan İnterkonnektorudur. Buna bənzər digər layihə İonik-Adriatik boru kəməridir. Bu kəmərlə Azərbaycan qazı üç Balkan ölkəsinə nəql ediləcək.

Bu barədə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı deyib ki, son dövrdə Azərbaycana 10-dan çox ölkədən – Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən ya mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub.

***

Artan enerji tələbatını ödəmək üçün bizim əlbəttə, sıx əməkdaşlığa və koordinasiyaya ehtiyacımız var.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib.

“Biz bu məqsədlə Avropa İttifaqı ilə artıq rəsmi olaraq enerji sahəsində dialoqa başlamışıq. Bu dialoq təkcə təbii qaz deyil, enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl enerji seqmentlərini əhatə edir”, – deyə dövlətimizin başçısı bildirib

Etikxeber.az

Read Previous

“Qadınların ictimai həytada iştirakçılığının genişləndirilməsi”-“TOLERANTLIQ”-IN NÖVBƏTİ AKSİYASI

Read Next

İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə-MÜSAHİBƏ VERDİ – YENİLƏNƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir