İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi-DAŞKƏSƏN, NAFTALAN VƏ GORANBOYDA AÇILIŞLARDA OLDU – FOTOLAR – YENİLƏNİB – (7)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət etdi.

1993-cü ildə salınan Şəhidlər xiyabanında həm Birinci Qarabağ, həm də Vətən müharibəsində həlak olan şəhidlər dəfn edilib. Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də hər zaman ərazilərimizin müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşüb, Vətən uğrunda canlarından keçiblər.

Vətən müharibəsinin gedişində yenidən silaha sarılan Daşkəsən gənclərindən 31 nəfər şəhidlik zirvəsinə ucalıb.

Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub.

Dövlətimizin başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verildi.

Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izlədi.

***

“Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsənə səfəri çərçivəsində layihə üzrə görülən işlərlə tanış olub.

14:46

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Naftalanda olub və Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısına sanatoriya haqqında məlumat verilib.

Qeyd edək ki, Naftalanın tarixində dönüş mərhələsi 1970-1990-cı illərə təsadüf edir. Həmin dövrdə ümummilli lider Heydər Əliyev şəhərin inkişafı və böyük şöhrət qazanması üçün misilsiz xidmətlər göstərib. Belə ki, o illərdə şəhərdə müxtəlif sosial və iqtisadi təyinatlı müəssisələr tikilib istifadəyə verilib. Sonrakı dövrdə isə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və həyata keçirilən proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəldi. Şəhərin əsasını sanatoriya–kurort infrastrukturu təşkil edir. Son illər müasir əsaslarla yeni kurortların yaradılması ilə şəhərin turizm potensialı genişləndirilir, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşır. “Naftalan Mərkəzi sanatoriyası” da belə layihələrdən biridir.

Ölkədə sağlamlıq turizminin əhatə dairəsini daha da genişləndirən, bir hektar ərazidə yerləşən sanatoriya müalicə üçün bu məkana üz tutan vətəndaşların məmnunluğunu tam təmin edəcək şəraitə malikdir. Mərkəz bir çox terapiya sahələrini özündə birləşdirməklə, müxtəlif xəstəliklərin müalicəsi üçün sağlamlıq-profilaktik müəssisəyə çevrilir. Yeni müəssisədə 50 nəfərə yaxın personalın çalışması şəhər əhalisinin məşğulluğunun təmin olunmasına mühüm töhfədir.

Ümumilikdə, Naftalanda fəaliyyət göstərən kurort–sanatoriya müəssisələrində 1000 nəfərdən çox şəxs işlə təmin olunub ki, bu da şəhərdə işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Hazırda fəaliyyət göstərən müəssisələr gün ərzində 3000-ə yaxın turist qəbul etmə imkanına malikdir. Son illərdə Naftalan şəhərində müasir tələblərə cavab verən 10-dan çox istirahət və sağlamlıq mərkəzi istifadəyə verilib. 2021-ci ildə daha 4 sanatoriya kompleksinin açılışı nəzərdə tutulur. Bu da gələcəkdə yeni iş yerlərinin açılması və daha çox turist qarşılanması deməkdir. Qeyd edək ki, müalicə müəssisələrinə gələn qonaqların sayında ən yüksək göstərici 2019-cu ildə qeydə alınıb, həmin ildə 60 ölkədən 12000-dən çox, ümumilikdə isə 40000-ə yaxın turist gəlib.

Diqqətə çatdıraq ki, 2020-2021-ci illərdə koronavirus pandemiyası turizm sənayesinə də təsir etdiyindən rəqəmlərdə azalma müşahidə olunub. Lakin bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə Naftalanın turizm sektorunda yenidən canlanma hiss edilir. Belə ki, son bir ayda sanatoriyalara 2000-ə yaxın turist gəlib.

Beləliklə, şəhər infrastrukturunun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin istifadəyə verilməsi yerli və xarici turistlərin Naftalana olan marağını postpandemiya dövründə daha da artıracaq.

***

İyulun 22-də Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Müasir standartlara uyğun qurulan bağçada azyaşlıların təlim-tərbiyəsi və onların sağlam vətəndaş kimi yetişmələri üçün hər cür şərait var. Uşaqların günün əsas hissəsini burada keçirmələri məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyənin keyfiyyətinə, sağlam ab-havanın yaradılmasına xüsusi diqqət yetirilməsini tələb edir. “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı Azərbaycanın uğurlu gələcəyinə hesablanıb. Ən müasir infrastrukturla təchiz edilən körpələr evi-uşaq bağçası Naftalanda sayca ikinci məktəbəqədər təhsil müəssisəsidir. Bu sahədə görülən işlər ölkəmizdə uşaqların sağlam və intellektli böyümələrini təmin edir.

Son illərdə paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq təhsil-tərbiyə müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni uşaq bağçaları tikilib.

Əsas məqsəd məktəbəqədər təhsil sahəsində əvvəllər mövcud olan çatışmazlıqları aradan qaldırmaqdır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy rayonunda olub və Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısına yolun inşası ilə bağlı görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, ümumi uzunluğu 38 kilometr olan yol dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən tikilib. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır. Avtomobil yolunun tikintisi 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, bu gün də ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenilənməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam edir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət göstərilir.

Bu cür yolların müasir səviyyədə inşası isə əhalinin rahatlığını təmin edən əsas sosial amildir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısına kompleksdə görülən işlər barədə məlumat verilib.

İnşasına 2014-cü ildə başlanılan bu kompleksin ərazisi 3 hektardan çoxdur. Sahəsi 9137 kvadratmetr olan kompleksdə böyük idman korpusu yerləşir. Universal idman zalı 905 tamaşaçı tutumludur. Bu zal basketbol, voleybol, həndbol, mini futbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsinə imkan verir. Eyni zamanda, cüdo, taekvondo, sambo, karate, kikboksinq və digər idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulub.

Uzun illərdir ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət alıb. Ötən illər ərzində Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar açıb. Goranboyda istifadəyə verilən Olimpiya İdman Kompleksi də bu qəbildən icra olunan layihələr sırasında xüsusi yer tutur.

Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 200-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var. Burada, həmçinin güləş, boks, fitnes-trenajor, aerobika, gimnastika və rəqs zalları, şahmat otağı, konfrans zalı və digər otaqlar yaradılıb. Ərazidə üçmərtəbəli, 44 yerlik mehmanxana da fəaliyyət göstərəcək. Burada da idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var. Futbol stadionunun tribunası 1141 tamaşaçı yerlikdir. Bundan əlavə, iki mini futbol meydançası da qurulub. Voleybol-basketbol meydançası, həmçinin uşaq əyləncə meydançası yaradılıb.

Kompleksdə fiziki imkanları məhdud idmançılar və tamaşaçılar üçün də müvafiq şərait yaradılıb.

***

İyulun 22-də Naftalan şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istismar müddəti başa çatmış Naftalan şəhər hava limanına baxdı.

Dövlətimizin başçısına hava limanı haqqında məlumat verilib.

Bildirildi ki, 1977-ci ildə istismara verilən hava limanı 1997-ci ilə qədər erməni qəsbkarları tərəfindən dəfələrlə atəşə tutulub.

Bu, limanda təyyarələrin enmə və qalxması üçün real təhlükəyə çevrilib. 1997-ci ildə isə hava limanının fəaliyyəti dayandırılıb.

Etikxeber.az

Read Previous

Son beş gün və ya daha iki tarixi məqam, hadisə: GÜNDƏN-GÜNƏ DAHA ÇOX QƏBUL EDİLƏN AZƏRBAYCAN GERÇƏKLİYİ – JALƏ ƏLİYEVA YAZIR

Read Next

“Ermənistanın məyusluğu davam edəcək: Onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar…”-İLHAM ƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir