“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi praktiki xarakter daşıyaraq beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfə verib”-İLHAM ƏLİYEV – AZƏRBAYCAN PREZİDENTİ BİR SIRA-GÖRÜŞLƏR KEÇİRDİ – FOTOLAR – YENİLƏNİB – (6)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman ilə görüşüb.

13:36

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Türkmənistan Prezidenti Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə aktiv şəkildə fəaliyyət göstərdiyini vurğuladı və bu münasibətlə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Sərdar Berdiməhəmmədov beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında Hərəkatın mühüm rol oynadığını qeyd etdi. O, həmçinin pandemiyaya qarşı mübarizəyə Qoşulmama Hərəkatı çərçivəsində xüsusi diqqətin yetirildiyini vurğuladı.

Prezident İlham Əliyev Zirvə görüşündə iştirakına görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürünü bildirdi, bu Zirvə görüşü əsnasında ikitərəfli əlaqələrimizin müzakirəsi üçün yaxşı imkanların da olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanın Türkmənistanla ikitərəfli əlaqələrin inkişafına daim xüsusi diqqət yetirdiyini qeyd etdi, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaqda olduğunu qeyd etdi. Ölkəmizin Hərəkatın beynəlxalq münasibətlərdəki rolunun artırılmasında maraqlı olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın bu xüsusda bir sıra təşəbbüslərlə çıxış etdiyini dedi. Eyni zamanda, diqqətə çatdırdı ki, bu gün dünya düzəninin yenidən formalaşması prosesi baş verir və Qoşulmama Hərəkatı bu prosesdə öz rolunu oynamalıdır.

Ölkələrimiz arasında mövcud olan çox sıx siyasi əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanla Türkmənistanın enerji, pambıqçılıq, nəqliyyat, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malik olduqlarını qeyd etdi.

Dövlətimizin başçısı əlavə etdi ki, Azərbaycan özünün nəqliyyat-tranzit potensialını artırır və bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması üçün əlavə imkanlar yaradır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşüb.

Dövlət başçısı Məhəmməd Yunis Əl-Mənfiyə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirakına görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Azərbaycanla Liviya arasında siyasi əlaqələrin çox yaxşı olduğunu, ikitərəfli münasibətlərimizin inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd etdi.

Azərbaycanın xarici siyasətində Ərəb dövlətləri ilə əlaqələrin inkişafının prioritetlərdən biri olduğunu deyən dövlətimizin başçısı Ərəb Dövlətləri Liqasının ötən il Əlcəzairdə keçirilən Zirvə toplantısında iştirakını məmnunluqla xatırladı, bu tədbirin Azərbaycanın Ərəb dövlətləri ilə münasibətlərin genişləndirilməsi işinə mühüm töhfə verdiyini vurğuladı.

Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünün yüksək səviyyədə təşkil olunduğunu və onun böyük əhəmiyyət kəsb etdiyini deyən Məhəmməd Yunis Əl-Mənfi bu tədbirə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi, ölkəmizin sədrlik dövründə bu Hərəkatın inkişafı üçün ciddi səylər göstərdiyini və töhfələr verdiyini qeyd etdi.

Liviya Dövləti Prezident Şurasının sədri dövlətimizin başçısının Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilmiş sammitindəki çıxışını diqqətlə dinlədiyini məmnuniyyətlə vurğuladı.

Ölkəsinin Azərbaycanla əlaqələrdə maraqlı olduğunu qeyd edən Məhəmməd Yunis Əl-Mənfi dedi ki, beynəlxalq gündəlikdə duran bir çox məsələlərə münasibətdə Azərbaycanın və Liviyanın mövqeləri üst-üstə düşür.

Görüşdə münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün birgə səylərin davam etdirilməsinin vacibliyi bildirildi, bu xüsusda qarşılıqlı sərmayələr, tikinti, enerji sahələrində əməkdaşlığın önəmi qeyd olundu.

Həmçinin Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin və beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin OPEK+ formatında əməkdaşlıq məsələsinin əhəmiyyətinə toxunuldu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman ilə görüşüb.

Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladı. Dövlətimizin başçısı səfər çərçivəsində Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair müzakirələrin də aparıldığını diqqətə çatdırdı.

Baş nazir Əlcəzair Prezidenti Abdelmacid Tebbunun səmimi salamlarını dövlətimizin başçısına çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını və ölkəmizə səfər etməklə bağlı dəvətini Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünə dəvətə görə minnətdarlığını bildirən Baş nazir bu tədbirin yüksək səviyyədə təşkilinə və Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə görə Prezident İlham Əliyevi təbrik etdi, ölkəmizin sədrliyi sayəsində Hərəkatın beynəlxalq münasibətlərdə oynadığı rolun daha da gücləndiyini vurğuladı.

Ayman Benabderrahman Əlcəzairin Azərbaycanla qarşılıqlı münasibətlərin hərtərəfli inkişafında maraqlı olduğunu dedi. Qeyd etdi ki, hazırda parlamentlərarası əməkdaşlıq və ədliyyə sahəsində əlaqələrimiz inkişaf edir, eyni zamanda, Xarici İşlər nazirlikləri səviyyəsində siyasi dialoq mexanizmi başlayıb və yaxın vaxtlarda siyasi məsləhətləşmələr keçiriləcək.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu ilin sonunda başa çatacağını vurğulayan dövlətimizin başçısı dedi ki, ölkəmiz sədrliyi dövründə Hərəkatın təsisatlanması istiqamətində fəal şəkildə çalışıb.

Prezident İlham Əliyev, həmçinin azərbaycanlı mütəxəssislərin, o cümlədən neftçilərin, geoloqların və mədəniyyət xadimlərinin Əlcəzairdə uğurla fəaliyyət göstərdiklərini dedi.

Baş nazir Ayman Benabderrahman da öz növbəsində Əlcəzair müstəqillik qazanandan sonra azərbaycanlı mütəxəssislərin ölkəsinin inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirildiyini vurğuladı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edib.

Tsaba Körösi Qoşulmama Hərəkatının Sammitinə dəvətə görə minnətdarlığını bildirdi, Hərəkatın beynəlxalq münasibətlər sistemində mühüm rola malik təsisat olduğunu qeyd etdi. O, Azərbaycanın sədrliyi dövründə Hərəkatın BMT Baş Assambleyasında və ümumiyyətlə, beynəlxalq münasibətlərdə rolunun daha da gücləndiyini dedi, ölkəmizin Hərəkatın təsisatlanması üçün praktiki təkliflərlə çıxış etdiyini vurğuladı. Tsaba Körösi, həmçinin BMT Baş Assambleyasına həm maliyyə nöqteyi-nəzərindən, həm də kadrlar vasitəsilə verdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi, Baş Assambleyanın ofisində azərbaycanlı mütəxəssisin də çalışmasını müsbət amil kimi dəyərləndirdi.

Dövlətimizin başçısı öz növbəsində Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakına görə Tsaba Körösiyə təşəkkürünü bildirdi, BMT-nin ali orqanları, o cümlədən Baş Assambleya ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd etdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı xüsusi sessiyasının keçirildiyini xatırladı.

Azərbaycanın böyükmiqyaslı mina problemi ilə üzləşdiyini, müharibənin başa çatmasından sonra – 2020-ci il noyabrın 10-dan indiyədək 300-ə yaxın vətəndaşımızın mina partlaması səbəbindən həlak olduğunu və ya yaralandığını bildirən dövlətimizin başçısı hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev ölkəmizin minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təsis edilməsi təşəbbüsü ilə çıxış etdiyini, BMT çərçivəsində də bununla bağlı müzakirələrin aparılmasının vacibliyini vurğuladı, BMT-nin ali orqanlarında islahatların aparılması məsələsinə toxundu.

Görüşdə qlobal iqlim dəyişikliyi, su problemi və ərzaq təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olmasına görə dövlətimizin başçısını təbrik etdi. Bildirdi ki, Azərbaycanın bu Hərəkata sədrliyi praktiki xarakter daşıyaraq beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfə verib, Hərəkatın dünyada rolunu daha da gücləndirib.

Rafael Mariano Qrossi ölkəmizlə rəhbəri olduğu agentlik arasında səmərəli əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev Rafael Mariano Qrossiyə tədbirdə iştirakına görə minnətdarlığını ifadə etdi, Azərbaycanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verdiyini dedi.

Dövlətimizin başçısı nüvə texnologiyasından dinc məqsədlər üçün istifadənin vacibliyini bildirdi. Bu xüsusda kənd təsərrüfatı, tibb, neft-kimya sahələrində Azərbaycanla agentlik arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edildi.

Prezident İlham Əliyev nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirdi, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırdı və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğuladı.

Görüşdə Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirildi, bu xüsusda nüvə silahının yaradılması cəhdlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyi ilə bağlı narahatlıq ifadə olundu.

Etikxeber.az

Read Previous

Cənnətdəki üçüncü doğum günü, 29 yaşı tamam olan-ŞƏHİD HİDİ VƏLİYEVİN ORDEN HAQQI TANINACAQMI? – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

İlham Əliyevin adından Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünün iştirakçılarının şərəfinə-ZİYAFƏT VERİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir