İlham Əliyev Sumqayıtda açılışlarda – FOTOLAR – YENİLƏNİB – (3)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib.

Etikxeber.az xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, parkın rezidentləri barədə məlumat verdi.

Zavodun baş direktoru Adəm Yayla Prezident İlham Əliyevə müəssisə haqqında məlumat verərək bildirdi ki, 2016-cı ilin martında rezident kimi qeydiyyata alınan zavod İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılıb. İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır. Zavodun məhsullarının Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixracı nəzərdə tutulur. İnvestisiya dəyəri 3,5 milyon dollar olan layihə çərçivəsində 60 nəfər daimi işlə təmin olunacaq.

Prezident İlham Əliyev zavodu işə saldı.

***

İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun açılışında da iştirak edib.

Məhdud Məsuliyyətli Cəmiyyətin müşahidə şurasının sədri Rasim Məmmədov Prezident İlham Əliyevə əvvəlcə yaxın gələcəkdə inşası planlaşdırılan layihənin üçüncü fazası – fasonlu tökmələr zavodunun tikintisi barədə məlumat verdi. Bu zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək.

Əlvan metallar və ferroərintilər zavodunda isə ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal olunacaq. Məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xaricə də ixrac ediləcək. Bu zavodda Azərbaycan tarixində ilk dəfə olaraq ferrosilisium, ferrosilikomanqan və gələcəkdə ferroxrom da istehsal ediləcək. İnvestisiya dəyəri 51 milyon dollar olan zavodda 230 nəfər işlə təmin olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyev müəssisəni işə saldı

***

İlham Əliyev  həımçinin noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib.

“Tabaterra” QSC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına məlumat verdi ki, zavodda 3 formatda olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal olunacaq və “Made in Azerbaijan” brendi altında istehlakçılara təqdim ediləcək. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 3 növdə 11 milyard ədəd filtrli siqaretlər istehsal ediləcək. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək. Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Burada istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına tam uyğun surətdə aparılacaq. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb.

Dövlət başçısı müəssisəni işə saldı.

Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşdü.

Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdıran dövlətimizin başçısı bunun ölkə iqtisadiyyatına böyük töhfə verəcəyini dedi, iş yerlərinin yaradılmasında bu cür layihələrin əhəmiyyətinə toxundu. “Sumqayıt Kimya Sənaye Parkının timsalında biz uğurlu sənaye siyasətimizi görürük”, – deyən Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı bir çox layihələrin həyata keçirildiyini bildirdi, bundan sonra da bu istiqamətdə işlərin görüləcəyini vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.

***

İlham Əliyev eyni zamanda,  noyabrın 16-da Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Sumqayıt dəmir yolu stansiyasının tikintisi, Bakı dairəvi, Ləki-Qəbələ, Astara-Astara dəmir yolu xətlərinin çəkilişi ilə bağlı görülən və bundan sonra layihələrdə nəzərdə tutulan işlər barədə dövlətimizin başçısında məlumat verdi.

Üçmərtəbəli Sumqayıt Dəmir Yolu Vağzalının sahəsi 5,5 min kvadratmetrdir. Binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, stansiyada 7 yol yenidən qurulub və çəkilmiş dəmir yollarının ümumi uzunluğu 5 min 20 poqonmetrdir. Kompleksdə 12 yol dəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib.

Sonra Prezident İlham Əliyev Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə Bakıya gəldi.

Qeyd edək ki, son illərdə lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində İsveçrənin “Stadler Rail Group” şirkətindən KİSS markalı ikimərtəbəli elektrik qatarları alınaraq ölkəmizə gətirilib. Həmin qatarlar 2015-ci ildə Bakı-Sumqayıt marşrutu ilə hərəkətə buraxılıb. Saatda 160 kilometr sürətlə hərəkət edən və 4 vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 700 nəfər, oturacaq yerlərin sayı isə 367-dir.

Bakı Dəmir Yolu Vağzalına gələn Prezident İlham Əliyev burada 2016-cı ildən bəri alınmış yeni sərnişin qatarları, lokomotivlər və müxtəlif dəmir yolu texnikalarına baxdı. “EVOLUTİON” seriyalı teplovoz Qazaxıstan istehsalıdır və saatda 120 kilometr sürətlə hərəkət edir. Sabit cərəyanla işləyən lokomotiv isə Gürcüstanda istehsal olunub və sürəti saatda 100 kilometrdir. Dövlətimizin başçısına “Alstom Transport” ikisistemli sərnişin lokomotivi də təqdim olundu. Bu lokomotiv sabit, həmçinin dəyişən cərəyanla işləyir və saatda 160 kilometr sürətlə hərəkət edir. Bütövlükdə Avstriya, Rusiya, Çexiya və digər ölkələrdən alınan yeni lokomotiv və avadanlıqlar təmir-tikinti və istismar proseslərinin tamamilə avtomatlaşdırılmasına və mexanikləşdirilməsinə imkan yaratmaqla dəmir yollarında daşımaların təhlükəsizliyini gücləndirəcək, xüsusilə də sərnişinlərə xidməti daha yüksək səviyyəyə qaldıracaq.

Sonda xatirə şəkli çəkdirildi.

sumqait-1

sumqait-3

sumqait-2

***
Prezident İlham Əliyevin çıxışı- TAM MƏTN:

-Bu gün Sumqayıt Kimya Sənaye Parkında üç yeni müəssisə fəaliyyətə başlayır. Mən bu münasibətlə müəssisələrin kollektivlərini salamlayır və təbrik edirəm. Əminəm ki, bu müəssisələr çox səmərəli işləyəcək və ölkə iqtisadiyyatına böyük töhfə verəcəkdir.

Bu müəssisələr ən yüksək standartlara cavab verir və bizim sənaye potensialımızı böyük dərəcədə möhkəmləndirən müəssisələrdir. Ferroərintilər, inşaat kimyəvi qatqılar zavodları, siqaret fabriki bu gün fəaliyyətə başlayır. Birinci mərhələdə bu müəssisələrdə 400-dən çox iş yeri yaradılıb, gələcəkdə isə iş yerlərinin sayı 700-ə çatacaq. Mənə verilən məlumata görə, bugünkü mərhələdə siqaret fabrikinə 35 milyon dollar, ferroərintilər zavoduna 25 milyon dollar və inşaat materialları zavoduna isə 3,5 milyon dollar sərmayə qoyulub. Ancaq indi təqdimatda deyildi ki, siqaret fabrikinə bundan sonra da əlavə vəsait qoyulacaq və investisiya həcmi təxminən 50 milyon dollara çatacaq, ferroərintilər zavoduna isə 100 milyon dollar investisiya qoyulacaqdır. Yəni, bu, onu göstərir ki, vaxtilə Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə bağlı qərar düzgün və vaxtında qəbul edilmiş qərar idi.

Mən 2011-ci ilin sonunda müvafiq Fərman imzaladım və biz parkın yaradılmasına start verdik. Bu ərazidə vəziyyət çox acınacaqlı idi. Vaxtilə tikilmiş və dağılmış, avadanlığı paslanmış müəssisələrin qalıqlarını təmizləmək, torpaq qatını yaxşılaşdırmaq, rekultivasiya işləri aparmaq böyük səy və vəsait tələb edirdi. Ondan sonra kommunikasiya və infrastruktur layihələri icra edildi, 500 hektardan çox ərazi tamamilə təmizləndi və özəl sektorun sərəncamına verildi. Bu, dövlətin özəl sektora göstərdiyi dəstəyin növbəti təzahürüdür. Bu, onu göstərir ki, dövlət-özəl sektor tərəfdaşlığı Azərbaycanda ən yüksək səviyyədə təşkil edilir.

Hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var, 9 müəssisə fəaliyyətdədir. Bu il 5 müəssisə fəaliyyətə başlayacaq. Onlardan 3-ü bu gün fəaliyyətə başlayır. Gələn il əlavə 4 müəssisə fəaliyyətə başlayacaq və beləliklə, bu parkda ən müasir standartlara cavab verən 18 müəssisə fəaliyyət göstərəcək.

Sumqayıt Kimya Sənaye Parkı, əslində, şəhər içində bir sənaye şəhəridir. Gələcəkdə parkın hüdudları genişləndiriləcək və təbii ki, yeni rezidentlər qəbul ediləcəkdir. On səkkiz müəssisə tam gücü ilə işləyəndən sonra 6 min iş yeri təmin ediləcəkdir. Əlbəttə ki, Sumqayıt şəhərində işsizliyin bundan sonra da aşağı səviyyədə saxlanması üçün bu parkın çox böyük əhəmiyyəti var. Ümumiyyətlə, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına, müəssisələrin fəaliyyətə başlamasına 2,2 milyard dollar sərmayə qoyulub və növbəti dövrdə bu rəqəm təxminən 3 milyard dollara çatacaqdır. Əgər biz bu parkı yaratmasaydıq və sahibkarlara güzəştli şərtlər təqdim etməsəydik, dövlət tərəfindən böyük dəstək göstərməsəydik, bu vəsait də qoyulmayacaqdı və iş yerləri də yaradılmayacaqdı. Ona görə biz Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək.

Təsadüfi deyil ki, bu ilin 10 ayında ölkəmizin qeyri-neft sənayesi 10 faiz artmışdır. Bu, çox gözəl göstəricidir. Kənd təsərrüfatı 5 faiz artmışdır. Sumqayıt Kimya Sənaye Parkında əlbəttə ki, sənaye müəssisələri fəaliyyət göstərir, ancaq onların bəziləri kənd təsərrüfatına sıx bağlı olan müəssisələrdir, o cümlədən siqaret fabriki. Mən əminəm ki, bu fabrikin fəaliyyəti nəticəsində Azərbaycanda tütünçülüyün inkişafı daha yüksək templərlə gedəcək. Biz tütünçülüyü bərpa edirik, əgər keçən il 3 min ton quru tütün yığılmışdısa, bu gün artıq 4500 ton yığılıb və 5 min tonu keçəcək. Əlbəttə ki, gələcəkdə bu fabrikdə bizim yerli tütündən daha da böyük həcmdə istifadə olunacaq. Yəni, bu, kənd təsərrüfatına böyük təkan verir.

Sumqayıt Kimya Sənaye Parkında hazırda əyirici boyaq fabrikinin tikintisi davam edir. Bu da xalçaçılığın inkişafına böyük təkan verəcək. Xalçaçılıq indi inkişaf edir, 30 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Xalçaçılığın əsas xammalı yun və ipəkdir. İndi yun tədarükü mərkəzləri yaradılır, baramaçılığa böyük təkan verilib. Şəki ipək kombinatı böyük həcmlə işləyir, fermerlər baramadan böyük gəlir əldə edirlər. Yəni, sənayenin və kənd təsərrüfatının inkişafı paralel şəkildə getməlidir, bir-birini tamamlamalıdır, bir-birinə dəstək verməlidir və biz bunu görürük. Eyni zamanda, əlbəttə ki, bizim əsas məqsədimiz qeyri-neft sektorunu inkişaf etdirmək, idxaldan asılılığı aradan götürmək və qeyri-neft ixracını artırmaqdır və biz burada bunu görürük. Siqaret fabriki tam gücü ilə işləyəndən sonra burada ildə 11 milyard ədəd siqaret istehsal olunacaqdır. Bu gün verilən məlumata görə, daxili tələbat 14 milyarddır. Əminəm ki, bu fabrik idxalı tam əvəzləyəcək. Çünki hazırda yerli istehsal var və gələcəkdə ixrac imkanları da geniş olacaq. Mən istərdim ki, daxili tələbat sıfır səviyyəsində olsun, insanlar siqaret çəkməsinlər, bu pis vərdişdən uzaq olsunlar. Əminəm ki, görülən tədbirlər, o cümlədən qanunvericilikdə atılan addımlar nəticəsində biz bu məqsədə çatacağıq. İstərdim ki, bu siqaret fabriki 100 faiz ixrac məhsulları istehsal etsin. Ancaq bu, hələ ki, mümkün deyil. Biz vətəndaşları keyfiyyətli yerli siqaretlə təmin etməliyik. Lakin, eyni zamanda, hamı, ilk növbədə, dövlət çalışmalıdır ki, Azərbaycanda siqaret çəkənlərin sayı minimum səviyyəyə ensin. Çünki ixrac bizə əlavə valyuta gətirir, əlavə imkanlar yaradır. O cümlədən ferroərintilər zavodunda istehsal olunacaq məhsulun 90 faizi ixraca gedəcək, 10 faiz isə Azərbaycan müəssisələrində yenidən emal olunaraq hazır məhsula çevriləcəkdir.

Qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması əsas məqsəddir. Bu ilin 10 ayında bizim qeyri-neft ixracımız 12 faiz, ümumi ixracımız isə 37 faiz artıbdır. İxrac artdıqca bizim iqtisadi vəziyyətimiz daha da yaxşılaşır. Bu, makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir. Təsadüfi deyil ki, Azərbaycanda makroiqtisadi sabitlik çox yaxşı səviyyədədir, inflyasiya on ayda cəmi 2,4 faizdir. Bu müəssisələrin yaradılması yerli və xarici investorlar üçün növbəti bir siqnaldır ki, gəlsinlər Azərbaycana sərmayə qoysunlar. Bu yaxınlarda Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan deyə bilərəm ki, tarixi nailiyyət əldə edib, dünya miqyasında biznes mühitinə görə 25-ci yerdə qərarlaşıb. Keçən il biz 57-ci yerdə idik. Yəni, belə bir böyük irəliləyiş əlbəttə ki, aparılan islahatların məntiqi nəticəsidir. “Doing Business” hər bir yerli və xarici investor üçün əsas amillərdən biridir ki, o ölkəyə pul qoyulsun, yoxsa yox. “Doing Business” hesabatı, belə gözəl müəssisələrin yaradılması, Azərbaycanda ümumi vəziyyət, sabitlik, inkişaf əlbəttə ki, xarici və yerli investorları daha da stimullaşdırır. Təsadüfi deyil ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulubdur.

Mən sizi fabriklərin, zavodların açılışı münasibətilə bir daha təbrik etmək istəyirəm. Şadam ki, biz bu gözəl parkı Sumqayıt şəhərində yaratdıq. Sumqayıt ölkəmizin, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıtın inkişafı üçün çox böyük işlər görülür, çox böyük layihələr icra edilir. Sosial layihələr, infrastruktur layihələri, qazlaşdırma demək olar ki, yüz faiz səviyyəsindədir, içməli su 93 faiz səviyyəsindədir, yollar salınır, məktəblər tikilir, gözəl abadlıq işləri aparılır. Sumqayıt bulvarı yaradılıb, sakinlər üçün çox gözəl istirahət zonasıdır, “ASAN xidmət” mərkəzi, Olimpiya Kompleksi, xəstəxana istifadəyə verilib. Əlbəttə ki, Sumqayıt sənaye şəhəri kimi uğurla inkişaf edəcək. Mən əminəm ki, biz qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəyik.

Etikxeber.az

Read Previous

Vergilər nazirinin müavini energetik içkilərlə deputatlara nə cavab verdi?

Read Next

Əliyev Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir