“Basqal da Lahıc kimi olacaq, turistlə dolu…”-İlham Əliyevlə Mehriban Əliyeva-İSMAYILLI VƏ ŞAMAXIDA OLDULAR, AÇILIŞLARDA İŞTİRAK ETDİLƏR – FOTOLAR – YENİLƏNİB – (13)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı rayonunda səfərdə olublar.

Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, bu il İsmayıllı şəhərinin Babək küçəsində ideya və üslub baxımından fərqli abadlıq işlərinə start verilib. Şəhərin Heydər Əliyev Parkına aparan, uzunluğu 400 metrə yaxın olan küçəsindəki abadlıq işləri rayonun gənc rəssamlarının birgə ideyaları əsasında həyata keçirilib. Küçədə yerləşən həyətyanı sahələrin hasarları müəyyən hündürlüyə çatdırılıb, divar üzlükləri təmir olunub, hasar damlarına keramik rəngli dəmir örtük vurulub. Ümumi görünüşə rəng qatmaq üçün darvazalar əlvan rənglərlə boyanıb, divarların fasadında dekorativ pəncərələr, skamyalar və gül dibçəkləri yerləşdirilib. Yolboyu divarlar küçə rəssamlıq sənət nümunələri ilə bəzədilib. Xüsusi memarlıq görünüşünü özündə ehtiva edən abadlıq işləri həm rayon sakinlərinin, həm də İsmayıllıya gələn qonaqların marağına səbəb olub.

Qeyd edək ki, Azərbaycanda biosmart avtobus dayanacağı ilk dəfə İsmayıllıda ötən il quraşdırılıb. Onun əsas üstünlüyü pulsuz vayfayı, təhlükəsizlik kamerası, dezinfeksiya duşu, mini barı, enerji doldurma portu, USB girişinin olmasıdır. Dayanacaq Günəş enerjisi ilə işləyir və 8 oturacağı var. Bu il daha bir dayanacaq quraşdırılıb. Onu digərindən fərqləndirən cəhət sensor qapılarının və kondisionerinin olmasıdır.

Şəhərdə aparılan abadlıq-quruculuq işləri Heydər Əliyev Parkını da əhatə edib. Parkda attraksionlar, yeni trenajorlar quraşdırılıb. Bununla yanaşı, yenidənqurma işləri çərçivəsində parkda yeni bəzək gül kolları və ağaclar əkilib, oturacaqlar yenilənib, işıq sistemi dəyişdirilib.

Bu il şəhərin bir neçə küçəsinin asfaltlanması başa çatdırılıb.

***

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya səfər çərçivəsində Lahıc qəsəbəsində olublar.

Dövlətimizin başçısı və birinci xanım qəsəbəni gəzib, sakinlərlə söhbət ediblər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar.

Qeyd edək ki, 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı müraciət etmişdilər. Birinci vitse-prezident məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məlumat verdi ki, ötən müddət ərzində 1791-ci ildə inşa edilən Bədöyün məscidində və ətraf ərazilərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb. Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub. Məscidin qadınlar üçün nəzərdə tutulan hücrə və şəbəkələri əvvəlki görünüşünə qaytarılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələr çərçivəsində bölgələrdəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.

Onu da deyək ki, Lahıcda aparılan yenidənqurma işləri çərçivəsində qəsəbədə küçə döşəmələri, bulaqlar və eyvanların tarixi görünüşü də bərpa edilir, ərazidə oturacaqlar, tullantı qabları, gül dibçəkləri, tarixi quruluşlu işıq dirəkləri, küçə və abidə adları olan, eyni zamanda, turistik obyektləri göstərən lövhələr quraşdırılır.

Görülən işlər turistlərin Lahıca olan marağını daha da artırıb. Hər il bura gələn turistlərin sayında artım müşahidə edilir. Belə ki, 2019-cu ildə Lahıca 89 min nəfər turist gəlib. Onun da 37 minini xarici turistlər təşkil edib.

Bu ilin sentyabrına qədər isə artıq Lahıcı 82 min turist ziyarət edib.

***

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı Sərəncama uyğun olaraq aparılıb. İki hərəkət zolaqlı yol dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzevə və Sulut kəndlərini birləşdirən avtomobil yolunun uzunluğu 30,1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 körpü tikilib və zəruri yol infrastrukturu yaradılıb.

Dövlətimizin başçısına İsmayıllı rayonunun Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunda aparılmış işlər barədə də məlumat verildi.

Qeyd edildi ki, uzunluğu 13 kilometr olan bu yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii amillərin təsirindən yararsız vəziyyətdə olub. Hazırda isə yol müasir səviyyədə yenidən qurulub. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq inşa edilən yol 4 minə yaxın əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının, xüsusən də üzümçülüyün inkişafına töhfə verəcək. Dövlətimizin başçısına Muğanlı-İsmayıllı-Qəbələ yolunun tikintisi barədə də məlumat verildi.

Prezident İlham Əliyev Basqal-Sulut avtomobil yolunun açılışını etdi.

***

Noyabrın 1-də İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirdi ki, Uşaq və Ailələrə Dəstək mərkəzlərinin yaradılması və inkişafı, yerlərdə icma daxili xidmətlərin və əhali ilə aparılan işlərin səmərəliliyinin artırılması baxımından uğurlu nəticələr verib. Uşaq və Ailələrə Dəstək Mərkəzi modeli beynəlxalq təcrübədən öyrənilib və yerli vəziyyətə uyğunlaşdırılaraq Azərbaycanda tətbiq edilməyə başlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 rayonda bu cür mərkəzlər fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinin əsas istiqaməti icmada risk qrupundan olan ailələrlə sosial işin aparılmasıdır. Belə ki, mərkəzlərin fəaliyyəti uşaqların internat müəssisələrinə düşməsinin, təhsildən yayınmasının, erkən nikah, məişət zorakılığı hallarının qarşısının alınmasından, yeniyetmələrin və uşaqların təhlükəli yaş dövründə problemlərinin araşdırılaraq, onlarla psixoloji işin aparılması, uşaq və yeniyetmələr üçün asudə vaxtın təşkili və digər sosial problemlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir.

Bildirildi ki, indiyədək bu mərkəzə 10 minə yaxın müraciət daxil olub və bu illərdə 39 min İsmayıllı sakini mərkəzin fəaliyyətindən bəhrələnib. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, burada aktiv terapiya, psixoloq, loqoped, ünsiyyət terapiyası, fərdi məşğələ, sensor, sosial iş, kompüter, dərnək, təlim, konfrans otaqları, qadınlar üçün məşğələ otağı, su terapiyası üçün hovuz, asudə vaxtın təşkili məqsədilə ana-uşaq klubu üçün zal və digər otaqlar var.

Bundan əlavə, yaxın rayonlardan mərkəzin fəaliyyətindən bəhrələnmək istəyən risk qruplu ailələr üçün müvafiq şərait yaradılıb.

***

Noyabrın 1-də İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Məlumat verilib ki, 1984-cü ildə inşa olunan bu məktəbin binası ötən müddətdə heç vaxt təmir olunmadığından istifadəyə yararsız vəziyyətə düşmüşdü. Ona görə də Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb üçün yeni binanın inşasına başlanıldı. 720 şagird yerlik yeni məktəb binası 5 korpusdan ibarətdir. Məktəbin nəzdində, həmçinin bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulan STEAM Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə şagirdlərə praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqi nümayiş olunacaq. Məktəbdə sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, idman zalları, açıq idman meydançası var.

Otaqlar zəruri mebel və avadanlıqla, əyani vəsaitlərlə təchiz edilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı rayonunda səfərdə olublar.

Dövlətimizin başçısı və birinci xanım xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

***

Noyabrın 1-də Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Azərişıq” ASC tərəfindən genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində “Meysəri” yarımstansiyasında da əsaslı yenidənqurma işləri aparılıb.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirdi ki, bu yarımstansiya vasitəsilə Şamaxı rayonunun 11, Ağsu rayonunun isə 5 yaşayış məntəqəsinin, sənaye, tibb, təhsil, sosial, turizm, kənd təsərrüfatı təyinatlı və digər obyektlərin fasiləsiz və dayanıqlı elektrik təchizatı təmin olunub. Yarımstansiyanın istismara verilməsi ilə 10 mindən çox əhalinin elektrik enerjisi təminatı daha da yaxşılaşdırılıb.

Qeyd edildi ki, “Meysəri” yarımstansiyasını qidalandırmaq üçün 110/35/10 kV-luq “Şamaxı” yarımstansiyasından 9,4 kilometr məsafədə 35 kV-luq ikidövrəli hava-kabel xətti, eyni zamanda, “Meysəri” yarımstansiyası ilə 35/10 kV-luq “Çuxuryurd-1” yarımstansiyası arasında 9 kilometr məsafədə 35 kV-luq hava xətti çəkilərək yarımstansiya dairəvi elektrik təchizatı sxeminə daxil edilib. Yarımstansiyada 35 və 10 kV-luq müasir qapalı paylayıcı qurğular və digər zəruri avadanlıq quraşdırılıb. Perspektivdə “Meysəri” yarımstansiyası vasitəsilə Şamaxı və İsmayıllı rayonlarının elektrik şəbəkələri əlaqələndiriləcək.

Diqqətə çatdırıldı ki, şəbəkələrin müasir idarəedilməsinin həyata keçirilməsi üçün “Meysəri” yarımstansiyasında “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzi yaradılıb. İlk dəfə olaraq Regional SCADA sistemi Mərkəzi SCADA sisteminə qoşulub. Regional SCADA idarəetmə sistemi həm mərkəzdən, həm də sərbəst idarəetmə imkanlarına malikdir. Bu sistem regionların dispetçer xidmətinin operativliyini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Yarımstansiyada bütün avadanlıqlar yeniləri ilə əvəz olunub. Bu sistem imkan verir ki, Şimal-Qərb Regional İdarəetmə Mərkəzinə daxil olan 7 şəbəkə üzrə onlayn informasiyalar və operativ məlumatlar həm bu idarəetmə mərkəzinə, həm də Bakıdakı Mərkəzi Dispetçer Xidmətinə ötürülsün. Gələcəkdə şimal-qərb regionundakı bütün yarımstansiyaların optik kabellə SCADA vasitəsilə buraya qoşulması təmin ediləcək. Bu yarımstansiyanın müsbət və fərqli cəhətlərindən biri odur ki, ilkin olaraq burada gərginliyin avtomatik tənzimlənməsi həyata keçirilir. Görülən işlər nəticəsində enerjinin etibarlılığı, stabilliyi və dayanıqlılığı tam təmin olunur.

Eyni zamanda, “Çuxuryurd-2” yarımstansiyası da bu ərazidə yerləşən strateji obyektlərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edir.

Dövlətimizin başçısı Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzini işə saldı.

19:02

***

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxı şəhərində inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

80 yerlik məktəbəqədər təhsil müəssisəsində qrup, oyun və yataq otaqları, idman, akt və musiqi zalları, tibb otağı var. Burada uşaqların ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün zəruri şərait yaradılıb. Bağçanın həyətində abadlıq-yaşıllaşdırma işləri aparılıb, oyun meydançası və söhbətgahlar quraşdırılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun 2014-cü ildən başlayan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, uşaqların təlim-tərbiyəsinin hərtərəfli təmin olunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.

O cümlədən Heydər Əliyev Fondu tərəfindən bölgələrimizdə, həmçinin Şamaxı rayonunda körpələr evi-uşaq bağçalarının inşası və təmiri ilə bağlı layihələr reallaşdırılıb.

19:40

***

Noyabrın 1-də Şamaxı şəhərində Yaradıcılıq Mərkəzi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.

Yaradıcılıq Mərkəzinin ikimərtəbəli binasında müxtəlif sənət növləri üzrə emalatxanalar yaradılıb. Burada toxuculuq, dulusçuluq, keçə sənəti, naxışvurma, keramika avadanlıqları, xalçaçılıq, heykəltəraşlıq, rəsm, rəngkarlıq üzrə emalatxanalar fəaliyyət göstərəcək. Yaradıcılıq Mərkəzində, eyni zamanda, satış-sərgi salonu da yaradılıb.

Qeyd edək ki, yerli sakinlərə dəstək və bölgədə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılan Mərkəzdə bir sıra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar. Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim və asudə vaxtın səmərəli keçirilməsi məqsədilə otaqlar təşkil edilib.

Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkün olacaq.

19:52

***

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitnes-zalı inşa edilib. Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki minimeydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.

Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafı və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti davam etdirilir.

Əsas diqqət həm də yeni idmançı nəslinin yaradılmasına yönəlib ki, bu cür idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin təmin olunmasında mühüm rol oynayır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı rayonunda akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər.

Məktəbin əvvəlki binası 1972-ci ildə inşa olunmuşdu. Orta təhsil müəssisəsi tədris üçün artıq yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəb üçün yeni binanın tikilməsinə qərar verildi.

Diqqətə çatdırıldı ki, 420 şagird yerlik məktəb binası 5 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.

Qeyd edək ki, Heydər Əliyev Fondu elmin və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır, bu sahədə dövlət tərəfindən görülən işlərə öz töhfəsini verir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr sırasına “Uşaq evlərinin və internat məktəblərinin inkişaf proqramı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları daxildir.

Fondun bu proqramları çərçivəsində Şamaxı rayonunda da müxtəlif illərdə yeni təhsil ocaqlarının tikintisi, təmiri və lazımi avadanlıqla təmin edilməsi üzrə bir sıra layihələr reallaşdırılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı Üzüm Tingçilik Mərkəzinin açılışında iştirak ediblər.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma Mərkəz barədə məlumat verdi.

Bildirildi ki, Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılmasında məqsəd respublikanın üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə adaptasiya qabiliyyətli, fillokseraya davamlı calaq-üzüm əkin materialı ilə təmin etməkdir. Mərkəzin illik istehsal gücü 1 milyon ədəd ting təşkil edir. Mərkəzdə dördü yerli – Mədrəsə, Bayanşirə, Məlayi, Xindoqni olmaqla 10 texniki və bir yerli Ağadayı sortu olmaqla 15 süfrə üzüm sortlarının tingləri istehsal olunacaq. Bundan əlavə, 6 xarici sort və hibrid üzrə fillokserayaya davamlı anaclıqlar da yetişdiriləcək. 1,2 hektar sahədə salınan Şamaxı Üzüm Tingçilik Mərkəzinin fəaliyyətə başlaması üzüm tinglərinə olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməklə xaricə valyuta axınının qarşısını alacaq. Burada istehsal olunan tinglər region və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq.

Onu da deyək ki, burada aqrar mühəndislik, budama, şpalerlərin çəkilməsi və digər istiqamətlər üzrə qısamüddətli və peşəyönümlü kursların təşkili, xəstəlik və zərərvericilərlə mübarizədə elmi-praktiki dəstəyin göstərilməsi, tarla məktəblərinin yaradılması, sort xüsusiyyətlərinin öyrədilməsi planlaşdırılır. Bununla yanaşı, yerli sortlardan ibarət gen banklarının formalaşdırılması, invitro şəraitində yetişdirilən tinglərdən ibarət bağların yaradılması, nümunə şərabların istehsalı və təşviqi, şərab kolleksiyalarının formalaşdırılması da diqqət mərkəzində olacaq.

Qeyd edək ki, Azərbaycan üzüm istehsalına görə ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sovet məkanında aparıcı respublikalardan biri olub. Ölkəmizdə 600-ə qədər aborigen və introduksiya olunmuş üzüm sortları becərilib və bunlardan təxminən 400-ü yerli üzüm sortlarıdır. Buna misal olaraq Ağ şanı, Qara şanı, Mədrəsə, Meysəri, Təbrizi və digərlərini göstərmək olar. Hazırda ölkədə yerli üzüm sortlarından daha məhsuldar və yerli şəraitə uyğun 38 üzüm sortu geniş yayılıb və onlar sahibkarlıq subyektləri tərəfindən becərilir. Onu da deyək ki, 2020-ci ildə ölkədə 208 min tondan çox üzüm istehsal olunub.

Bu da 2019-cu il ilə müqayisədə 3.1 faiz çoxdur.

***

Noyabrın 1-də Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Şamaxı rayonunda Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahı əhalinin ən çox ziyarət etdiyi müqəddəs ocaqlardan biridir. 2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanıldı. Elə həmin il mayın 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ziyarətgahın yenidən qurulması çərçivəsində görülən işlərlə tanış oldular. Mütəxəssislərin iştirakı ilə həyata keçirilən işlər nəticəsində tarixi abidə və müqəddəs ziyarətgah-məscid kompleksi qısa müddətdə yenidən quruldu. Məsciddə ibadət zalı ilə yanaşı, mərasim zalları da inşa olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində dini ziyarətgahlarımız və dini məbədlərimiz yenidən qurulur. Bu sahəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir, istər ölkəmizdə, istərsə də xaricdə dini abidələrin bərpası üzrə layihələr reallaşdırır. Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən Pirsaat Baba ziyarətgahıdır.

Onu da deyək ki, müxtəlif zamanlarda dağıntıya məruz qalmış orta əsrlərə aid bu ziyarətgah 1918-ci ildə Hacı Cəfərqulu adlı xeyirxah şəxs tərəfindən türbə şəklinə salınıb. Ziyarətgah sovetlər dövründə dağıdılsa da, müstəqilliyimizin bərpasından sonra 1993-cü ildə yenidən inşa edilib, lakin zəlzələ nəticəsində dini ocağa zərər dəymişdi. Ötən ildən başlayaraq həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində artıq dini ibadətgah yenidən əhalinin ixtiyarına verilir.

Ziyarətgah-məscid kompleksinin ətrafında geniş abadlıq-yaşıllaşdırma işləri görülüb.

20:45

***

Məlum olduğu kimi, noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya səfər çərçivəsində Lahıc qəsəbəsində olublar.

Dövlətimizin başçısı və birinci xanım qəsəbəni gəzib, sakinlərlə söhbət ediblər.

Prezident İlham Əliyev: Salaməleyküm.

Birinci xanım Mehriban Əliyeva: Salam, Xoş gördük.

Qadın sakin: Salam, xoş gəlmisiniz, həmişə Siz gələsiniz. Lahıc camaatı adından, öz adımızdan Sizə təşəkkür edirik, “xoş gəlmisiniz” deyirik.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Gözəl Qarabağımızı bizə qaytardığınız üçün çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Bu da Sizin hədiyyəniz.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun, çox sağ olun, Xarıbülbülümüz.

Qadın sakin: Allah razı olsun, Allah canınızı sağ eləsin.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Sakinlər: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salaməleyküm.

Birinci xanım Mehriban Əliyeva: Salam, xoş gördük.

Prezident İlham Əliyev: Çox sağ olun. Necəsiniz?

Kişi sakin: Sizə böyük müvəffəqiyyətlər arzu edirəm. Siz 44 günlük müharibədə bizim başımızı uca etdiniz. Allah Sizdən razı olsun. Bütün xalqların arasında bizi bu uca mərtəbəyə qaldırdınız. Əsgərlərimiz böyük şücaət göstərdi, şəhidlərimiz oldu. Sizin informasiya sahəsində əldə etdiyiniz qələbə böyük Qələbəmizin yarısı qədərdir. Sizə, Mehriban xanıma böyük müvəffəqiyyətlər, cansağlığı arzu edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Elə keçən il bu günlərdə döyüşlər gedirdi.

Kişi sakin: Bəli, düşmən, müxbirlər məəttəl qalırdı. Cənab Heydər Əliyevin akademiyasını qurtarmısınız.

Prezident İlham Əliyev: Çox sağ olun, sizin kənddə işlər necədir, Yaxşıdır?

Kişi sakin: Yaxşıdır.

Prezident İlham Əliyev: Salaməleyküm.

Kişi sakin: Cənab Prezident, xoş gəlmisiniz, həmişə Siz gələsiniz.

Prezident İlham Əliyev: Sağ olun, sizdə nə satılır?

Kişi sakin: Bu, Lahıc kəklikotudur. Bu, 33 otun qarışığından ibarətdir. Bu isə limon dadı verən kəklikotudur. Bu, çobanyastığıdır, bu, gülxətmidir, öskürəyin dərmanıdır. O da Lahıc əvəliyidir.

Prezident İlham Əliyev: Hamısını bu dağlardan yığıbsınız?

Kişi sakin: Bəli, cənab Prezident.

Prezident İlham Əliyev: Salaməleyküm.

Qadın sakin: Salam, xoş gəlmisiniz. Mehriban xanım xoş gəlmisiniz. Necəsiniz?

Prezident İlham Əliyev: Sağ olun, siz necəsiniz?

Qadın sakin: Sizin sayənizdə biz çox yaxşı yaşayırıq. Çox sevinirik ki, Siz torpaqlarımızı almışınız. Yuxarıda Allah, aşağıda Siz. Biz Sizi çox istəyirik.

Prezident İlham Əliyev: Çox sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Qadın sakin: Hədiyyəmizi qəbul edin Basqal kəlağayısıdır.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun, çox sağ olun.

Prezident İlham Əliyev: Bilirsiniz, Basqalda da işlər gedir.

Qadın sakin: Bəli, təzə yol açılır biz tərəfdə. Biz Sizinlə fəxr edirik.

Prezident İlham Əliyev: Sağ olun. Basqal da Lahıc kimi olacaq, turistlə dolu.

Qadın sakin: İnşallah. Allah Sizdən razı olsun, Allah Sizi qorusun. Artıq turistlərimiz bol olur.

Prezident İlham Əliyev: Şamaxı yolundan da gələn çoxdur.

Qadın sakin: Bəli, təzə yoldur.

Birinci xanım Mehriban Əliyeva: Turistlər gəlirlər?

Qadın sakin: Turistlər çoxdur, şənbə-bazar günləri çox olur, amma ara günləri o qədər də yox.

Digər qadın sakin: Qarabağı azad etməyiniz bizi çox sevindirdi.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Sağ olun, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Xoş gəlmisiniz hörmətli Prezidentimiz və Mehriban xanım. Sizi, bütün Azərbaycan xalqını Qələbəmizin qarşıdan gələn ildönümü münasibətilə təbrik edirik. Sizə Lahıca göstərdiyiniz böyük diqqətə görə sonsuz minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev: Sağ olun. Bilirsiniz, Lahıcda dəfələrlə olmuşuq, bu gün də gəlmişik məscidin yenidən açılışına.

Kişi sakin: Allah köməyiniz olsun, Allah amanında olun həmişə.

Prezident İlham Əliyev: Çox sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Digər kişi sakin: Cənab Prezident, xoş gəlmisiniz, Lahıc camaatı Sizinlə fəxr edir.

Prezident İlham Əliyev: Çox sağ olun.

Digər kişi sakin: Allah Sizdən razı olsun.

X X X

Xatirə şəkilləri çəkdirildi.

X X X

Qadın sakin: Çox sağ olun. Allah salamat etsin hamınızı. Allaha əmanət olun.

Prezident İlham Əliyev: Sağ olun, salamat qalın.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar.

Qeyd edək ki, 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı müraciət etmişdilər. Birinci vitse-prezident məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məlumat verdi ki, ötən müddət ərzində 1791-ci ildə inşa edilən Bədöyün məscidində və ətraf ərazilərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb. Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub. Məscidin qadınlar üçün nəzərdə tutulan hücrə və şəbəkələri əvvəlki görünüşünə qaytarılıb.

Məscidin axundu: Salam, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salam. Xoş gördük.

Birinci xanım Mehriban Əliyeva: Salam. Xoş gördük.

Məscidin axundu: Cənab Prezident, bunu Lahıc, İsmayıllı ictimaiyyəti tərəfindən bizdən qəbul edin, buyurun.

Dövlətimizin başçısına Qurani-Kərim hədiyyə olundu.

Prezident İlham Əliyev: Çox sağ ol, təşəkkür edirəm sizə.

Məscidin axundu: Çox sağ olun.

Prezident İlham Əliyev: Lahıcda neçə məscid var?

Məscidin axundu: Bu səviyyədə 5 dənə.

Prezident İlham Əliyev: O məscidlərdə vəziyyət necədir?

Məscidin axundu: Onların da vəziyyəti belə yaxşıdır.

Prezident İlham Əliyev: Hamısı açıqdır?

Məscidin axundu: Bəli, hamısı açıqdır.

Prezident İlham Əliyev: Bu, təmir zamanı üzə çıxıb?

Məscidin axundu: Təmir zamanı arxeoloji tədqiqatlar aparıldı, belə bir şey üzə çıxdı.

Prezident İlham Əliyev: Maraqlıdır, görünür burada qədim bir məbəd olub.

Qeyd edək ki, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələr çərçivəsində bölgələrdəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.

Onu da deyək ki, Lahıcda aparılan yenidənqurma işləri çərçivəsində qəsəbədə küçə döşəmələri, bulaqlar və eyvanların tarixi görünüşü də bərpa edilir, ərazidə oturacaqlar, tullantı qabları, gül dibçəkləri, tarixi quruluşlu işıq dirəkləri, küçə və abidə adları olan, eyni zamanda, turistik obyektləri göstərən lövhələr quraşdırılır.

Görülən işlər turistlərin Lahıca olan marağını daha da artırıb. Hər il bura gələn turistlərin sayında artım müşahidə edilir. Belə ki, 2019-cu ildə Lahıca 89 min nəfər turist gəlib.

Onun da 37 minini xarici turistlər təşkil edib.

Bu ilin sentyabrına qədər isə artıq Lahıcı 82 min turist ziyarət edib.

21:40

***

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitnes-zalı inşa edilib. Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki mini-meydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.

Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafı və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti davam etdirilir. Əsas diqqət həm də yeni idmançı nəslinin yaradılmasına yönəlib ki, bu cür idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin təmin olunmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev stadionda qapılara qol vurdu.

İcra hakimiyyətinin başçısı Tahir Məmmədov:

Cənab Prezident, havanın gözəlliyindən istifadə edib bir məqamı qeyd etmək istəyirəm. Solda gördüyünüz Gülüstan qalası Heydər Əliyev Fondunun dəstəyi ilə Erik Pumer tərəfindən skan olunub. Onun üzdə olan hissələrinin 3D modeli yaradılıb. İndi orada çox ciddi tədqiqat işləri aparmaq və qalanı bərpa etmək olar. Çünki o, çox qədim tarixi bir qaladır. Müəyyən vizual tarixi materiallar qalıb, avstriyalı səyyahların çəkdiyi yerlər. Kifayət qədər hündür dağın üstünü örtən böyük qala olub.

Etikxeber.az

Read Previous

Daha 1200 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Read Next

Millət vəkili-ŞƏHİD NAHİD MİKAYILOVUN AİLƏSİNİ ZİYARƏT ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir