İlham Əliyevlə Mehriban Əliyeva növbəti dəfə Ağdamda VƏ AÇILIŞLARDA- FOTOLAR – YENİLƏNİB – (5)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər.

Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev burada çıxış edib.

Dövlətimizin başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksində olublar.

Səfərdən hazırlanan geniş reportaj fevralın 14-də təqdim ediləcək.

16:23, 13 fevral

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması mərasimində iştirak ediblər.

İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi – sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir.

Qeyri-neft sektorunun inkişafına mühüm töhfə verən sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Hazırda Azərbaycanda 5 sənaye parkı – Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. Dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən Ağdam, 4 oktyabr tarixli Fərmanı ilə Araz Vadisi İqtisadi Zonası sənaye parklarının yaradılması nəticəsində ölkəmizdə sənaye parklarının sayı 7-yə çatıb.

Regionların, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında sənaye məhəllələri də əhəmiyyətli rol oynayır. Hazırda ölkəmizdə 5 sənaye məhəlləsi – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir.

Sənaye zonaları üzrə indiyədək 90 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. 2021-ci ildə 2,4 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 15,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə xüsusi çəkisi 30,8 faiz (959,3 milyon manatlıq ixrac) təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilir.

Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investor marağını da artırır. Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

Məlumat verildi ki, Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. İlk olaraq Parkın ərazisinin minalardan və hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb və artıq 190 hektar ərazinin 74 hektardan çoxu mina və hərbi sursatlardan təmizlənib, qalan ərazilərdə isə hazırda təmizləmə işləri aparılır. Rezidentlər fəaliyyətə başlayanadək Sənaye Parkında bütün lazımi şərait yaradılacaq. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Parkın ərazisində bankomat quraşdırılıb.

Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kilovoltluq elektrik xətti çəkilib və 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Belə ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Qeyd olundu ki, Ağdam Sənaye Parkının 74 hektar ərazisində topoqrafik planlama və mühəndis-geoloji tədqiqat işləri yekunlaşdırılıb. Topoqrafik planlama zamanı Parkın ərazisində dağılmış tikililərin geometrik ölçüləri müəyyən edilib və ərazidən daşınması nəzərdə tutulan tullantıların həcmi dəqiqləşdirilib. Geoloji-tədqiqat işləri zamanı isə Parkın ərazisində süxurların tərkibi və litoloji təsviri, fiziki və mexaniki xüsusiyyətləri müəyyənləşdirilib.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləridir.

Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və İtaliya texnologiyalarından istifadə ediləcək. Müəssisədə ildə 21 min işıq dirəyi və 40 meqavat gücündə digər qurğuların istehsal olunması nəzərdə tutulur. “Smartpoint” MMC Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən (tam infrastruktur təminatı və vergi azadolmaları) faydalanacaq. Sənaye Parkının 1,3 hektar ərazisində inşa ediləcək müəssisədə 80 daimi iş yeri yaradılacaq. Yaxın vaxtlarda müəssisənin layihələndirmə işlərinə başlanacaq. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 6 ay müddətində istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana da ixrac olunması planlaşdırılır.

Digər rezident -“Dadaş-N” MMC Sənaye Parkında həyata keçirəcəyi layihə çərçivəsində müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində yaradılacaq müəssisədə il ərzində 700 min kvadratmetr xalça istehsal ediləcək. Məhsul istehsalında polipropilen, polietilen və poliakril kimi yerli xammaldan istifadə olunacaq. İstehsal prosesində Belçika və Çin texnologiyaları tətbiq ediləcək. “Dadaş-N” MMC də Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən yararlanacaq. Sənaye Parkının 2 hektar ərazisində inşa ediləcək müəssisədə 60 daimi iş yeri yaradılacaq.

Müəssisənin tikintisinə başlandıqdan 24 ay müddətinə istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılmaqla yanaşı, MDB ölkələrinə ixrac olunması planlaşdırılır.

Dövlətimizin başçısı hər iki müəssisənin təməlini qoydu.

Beləliklə, yeni yaradılan sənaye zonaları, həmçinin Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

10:03

***

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində inşa olunacaq “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.

“PMD Projects” MMC-nin İdarə Heyətinin sədri Nəriman Topçibaşev dövlətimizin başçısına və xanımına layihə barədə məlumat verdi.

Bildirildi ki, 2,16 hektar ərazidə inşa ediləcək “Park Forest Otel Ağdam” mehmanxanası 110 nömrədən ibarət olacaq. Mehmanxananın ərazisində əsas bina ilə yanaşı, konfrans mərkəzi, açıq havada üzgüçülük hovuzu, uşaq oyun meydançası, gəzinti yolları və istirahət zonaları yaradılacaq. Tikinti işlərinin 2024-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev otelin təməlini qoydu.

Qeyd edək ki, son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülsə də, ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar Müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun rəşadəti sayəsində artıq düşmən tapdağından azad edilib. Qarabağın işğaldan azad olunmasından qısa müddət ötməsinə baxmayaraq, bu tarixi torpaqlarımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu prosesdə diqqət yetirilən əsas sahələrdən biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir.

Strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilən Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına mühüm töhfə verəcək.

Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir.

10:10

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və “PMD Projects” MMC-nin İdarə Heyətinin sədri Nəriman Topçibaşev dövlətimizin başçısına və xanımına inşa olunacaq kompleks barədə məlumat verdilər.

Qeyd olundu ki, ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoydu.

Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi Ağdam rayonunda yeni yaşayış kompleksinin təməlinin qoyulması ilə bir daha təsdiqini tapır.

Otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan ağdamlılar üçün bu yaşayış kompleksinin təməlinin qoyulması onları bu arzularına daha da yaxınlaşdırır.

Bu mərasim, eləcə də növbəti mərhələdə 0,86 hektar ərazidə daha 4 yaşayış binasının inşası ilə bağlı layihələndirmə işləri aparılması ağdamlılarda bu arzularının da olduqca qısa müddətdə reallaşdırılacağına qəti inam yaradır.

10:15

***

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görüləcək işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, 6 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsində qəbul, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar cərrahiyyəsi, oftalmologiya, LOR, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək.

Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.

Müalicə ocağı ən müasir tibbi avadanlıqla, həmçinin Regional Kardiocərrahiyyə Mərkəzi xidmətini təmin etmək üçün angioqrafiya cihazı ilə təchiz olunacaq. Binanın zirzəmi hissəsindən isə stasionar tibbi xidmət və sığınacaq kimi istifadə ediləcək, ehtiyac yaranarsa, dərhal hərbi hospital kimi fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev xəstəxananın təməlini qoydu.

Qeyd olundu ki, növbəti mərhələdə Ağdam rayonu üzrə daha bir neçə səhiyyə müəssisəsinin inşası nəzərdə tutulub.

Belə ki, qarşıdakı dövrdə burada Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası, çoxprofilli modul tipli xəstəxana, onkoloji, 50 çarpayılıq psixiatriya və 50 çarpayılıq vərəm əleyhinə xəstəxanalar, 20 çarpayılıq Narkoloji Dispanser, Regional Perinatal Mərkəz və QİÇS-lə Mübarizə Mərkəzi, 20 həkim məntəqəsi və ya kiçik həcmli Ailə Sağlamlıq Mərkəzi, Regional Tibb Kolleci də inşa olunacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma qərargahda yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Ağdam şəhərində yerləşən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahı ən son innovativ texnologiyalar əsasında tikilib.

Bir hektar sahəni əhatə edən qərargahın ərazisi düşərgə və inzibati hissədən ibarət olmaqla, inşası əsasən 6 komponent üzrə həyata keçirilib. Bunlar yaşayış, inzibati, sağlamlıq, iaşə, müasir düşərgə idarəetmə sistemi və alternativ enerji sahələridir.

Qərargahda innovativ tikinti materiallarından istifadə olunmaqla, yüksəkkeyfiyyətli modul tipli isti və soyuğa davamlı, ekoloji fərdi yaşayış və inzibati binalar inşa olunub. Təhlükəsizliyin təmin edilməsi məqsədilə müasir kamera müşahidə məntəqəsi yaradılıb, açıq və qapalı idman zalları, futbol, basketbol və voleybol meydançaları, ilkin tibbi yardım məntəqəsi, müxtəlif tədbirlər üçün iclas zalı və avtomobil dayanacaqları tikilib.

Qərargahda günəş və bioqaz enerjisindən istifadə sistemləri quraşdırılıb və daxili yollar müasir işıqlandırma sistemləri ilə təchiz edilib. Ümumilikdə 3300 kvadratmetr sahədə salınmış yaşıllıq zolağında ilin hər fəslinə uyğun 30-dan çox növdə ağac və bitki kolları əkilib. Yaşıllıqların suvarılması üçün 3500 metr avtomatlaşdırılmış damcılama və çiləmə sistemləri quraşdırılıb.

İnzibati ərazinin tam mərkəzində Bayraq Meydanı tikilib. Meydanın ətrafı abadlaşdırılıb, burada günəş enerjisi ilə qidalanan işıq dirəkləri quraşdırılıb.

Ümumiyyətlə, günəş enerjisi düşərgə daxilində istifadə olunan əsas alternativ enerji mənbəyidir.

10:30

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksində olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və xanımına kompleksdə görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verdi.

Qeyd edək ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.

Qarabağ xanları Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xan Cavanşirin, eləcə də onların ailə üzvlərinin – Xan qızı, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın, şair və ictimai xadim Cəfərqulu xan Cavanşirin, xeyriyyəçi, Şuşada Aşağı və Yuxarı Gövhərağa məscidlərini tikdirmiş Gövhərnisə bəyimin, şairə, “Məclisi-üns”ün iştirakçılarından olmuş Xanbikə xanımın qəbirləri burada yerləşir.

Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinə məruz qalıb.

Etikxeber.az

Read Previous

“Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır… Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır… Heç kim bu vəhşiliyi unutmamalıdır…”-İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

Prezidentlə Birinci vitse-prezident-AĞCABƏDİDƏ… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir