İlham Əliyevlə Mehriban Əliyeva-TALIŞ KƏNDİNDƏ – FOTOLAR – YENİLƏNİB – (2)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il oktyabrın 3-də Tərtər rayonunda təməli qoyulan və 4 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolunun uzunluğu 22 kilometrdir. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yeni avtomobil yolunun eni 19 kilometrlik hissədə 9 metr, 3 kilometrlik hissədə isə 6 metr təşkil edir.

Bu yolun inşası layihəsi çərçivəsində İncəçay üzərində uzunluğu 84 metr olan avtomobil körpüsü tikilib. Üçaşırımlı körpünün eni 14,5 metrdir. Körpü 9 bal seysmiklik nəzərə alınmaqla inşa edilib.

Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Layihə üzrə yolboyu avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb.

Prezident İlham Əliyevə Tərtər rayonunun Talış kəndinin daxili yollarının tikintisi layihəsi barədə də məlumat verildi.

Bildirildi ki, kənddaxili yolların ümumi uzunluğu 4,2 kilometrdir.

Qeyd edək ki, Tərtər rayonunun işğaldan azad edilmiş Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişi ilə bərabər, bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək. Yeni yol, həmçinin Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcək.

***

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmirinə başlanılıb. Hazırda su anbarının divarlarına beton örtüyün vurulması, oradakı bütün avadanlıqların əsaslı təmiri həyata keçirilir, magistral kanalda zəruri işlər görülür.

Eyni zamanda, Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına başlanılıb. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, avtodayanacaq tikilir.

Qeyd edildi ki, Qarabağ iqtisadi rayonunda “Xaçınçay”, “Köndələnçay-1”, “Köndələnçay-2”, “Köndələnçay-3” su anbarlarında paralel olaraq aparılan bərpa, əsaslı təmir və yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

***

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məhəllə barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa ediləcək.

Məhəllədə, həmçinin futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur.

Burada, həmçinin geniş yaşıllıq zolaqları da salınacaq.

Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoydu.

***

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanış olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Qeyd edək ki, 2022-ci il martın 20-də dövlətimizin başçısı və birinci xanım Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında olmuş, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanmışdılar. Prezident İlham Əliyev məktəb binasının əsaslı təmirinə başlanılması və işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıqlar vermişdi.

Diqqətə çatdırıldı ki, ərazisi bir hektar olan məktəbdə 12 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin informatika kabineti, kitabxana, iki laboratoriya, 72 nəfərlik akt zalı və yeməkxana var. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol və açıq oyun meydançaları yaradılıb.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Silahlı şəxlər saxlanıldı, 2 “Kalaşnikov”, 1 tapança götürüldü-BAKIDA – FOTOLAR

Read Next

Daha bir ölkədə prezident seçkiləri-KEÇİRİLİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir